Aqil Sadıq oğlu Məmmədov () — azərbaycanlı dövlət və siyasi xadim, Kəlbəcər rayonunun icra başçısı (2013–2020), Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri.
Həyatı Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində anadan olub. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2009–2012-ci illərdə isə Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında ali təhsil alıb.
Ailəsi Aqil Məmmədov ailəlidir, 2 övladı var. Miskin Abdal nəslindəndir. Ağdabanlı şair Qurbanın nəvəsi, Aşıq Şəmşirin qardaşı oğlu, Cavid Qurbanovun əmisi oğludur.
Fəaliyyəti Aqil Məmmədov 1976-cı ildə Kəlbəcər rayonunda "Ağdaban" Kolxozunda çalışmağa başladı. İdman sahəsində ali təhsil alandan sonra isə o, Göygöl rayonunda "Məhsul" İdman Cəmiyyətinin sədri, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldu.
Aqil Məmmədov 2006–2008-ci illərdə Kəlbəcər RİH-də ictimai məsələlər şöbəsində referant, 2008–2013-cü illərdə isə Kəlbəcər RİH-də icra başçısının birinci müavini vəzifələrində çalışıb.
Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edildi.
2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 123 saylı Kəlbəcər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Aqil Məmmədov, 72,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Aqil Məmmədov, Milli Məclisin əmək və sosial siyasət Komitəsinin, habelə regional məsələlər Komitəsinin üzvü oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri