Züleyxa Mir Həbib qızı Seyidməmmədova () — ilk azərbaycanlı qadın hərbi pilot, Azərbaycan SSR dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı.

Züleyxa Seyidməmmədova Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. O, İkinci Dünya müharibəsində iştirak etmiş və Marina Raskova tərəfindən yaradılmış 586-cı qırıcı aviasiya alayının şturmanı olmuşdur. Stalinqrad, Kursk, Korsun-Sevçenkovski döyüşlərində iştirak edən Seyidməmmədova 500 döyüş uçuşu keçirmiş və bir neçə alman təyyarəsini vurmuşdu.

Seyidməmmədova Azərbaycan SSR Ali Sovetinin II, VI, VII və VIII çağırışları deputatı olmuşdur. O, 1946–1951-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komtitəsinin katibi, 1952–1974-cü illərdə Azərbaycan SSR ictimati təminat naziri, 1975-ci ildən etibarən isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsini icra edib.

Züleyxa Seyidməmmədova "Lenin", 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

Həyatı

Erkən illəri Züleyxa Seyidməmmədova 22 mart 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Mir Həbib ağa ilk təhsilini dini məktəbdə almış, daha sonra isə Bakı real məktəbində oxumuşdu. Mir Həbib ağa mühasib idi və Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı. Uşaqlıqdan Hacı Zeynalabdin Tağıyevlə dostluq edən Mir Həbib ağa Hacıya çox sədaqətli olduğu üçün Hacının ona böyük hörməti var idi. Mir Həbib ağanın Mərdəkandakı əzəmətli mülkü də onun Hacıya olan sədaqətinin nəticəsi idi. Züleyxa Seyidməmmədovanın anası Mina xanım isə təhsilsiz idi və 11 yaşında evləndirilmişdi. Züleyxa onların nikahından doğulmuş ikinci qız idi.

Züleyxa oxuduğu 16 saylı məktəbdə dərs əlaçısı idi və valideynləri onun ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər.

Onun yüksəklərə olan marağı hələ uşaqlıqdan yaranmışdı. Seyidməmmədova xatirələrində səmaya olan istəyini, ucalığa can atmasının səbəbini belə izah edirdi:

Onun bu arzusu məktəb illərində qətiləşir. Belə ki, Züleyxa 7-ci sinifdə oxuyarkən fizika müəllimi Cümşüd Əfəndiyev onları Bakı təyyarə meydançasına ekskursiyaya aparır. Züleyxa sinifdəki oğlanlarla birlikdə bir neçə dəfə təyyarəyə qalxır, hər şeyə diqqətlə baxır, saysız-hesabsız suallar verir. O, axşam evə qayıdanda bu ekskursiya haqqında anası Mina xanıma həvəslə danışaraq: "Mən təyyarəçi olacam!" — deyir.

Ali təhsili thumb|227x227px|"Türk pilotlar: yoldaş Leyla Məmmədbəyova, Sona Nuriyeva və Züleyxa Seyidməmmədova Moskvanın Kursk dəmir yolu vağzalında". "Şərq qadını" jurnalı, 1936.1934-cü ildə orta məktəbi əla qiymətlərlə bitirən Züleyxa Seyidməmmədova M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun mədən fakültəsinə daxil oldu. 1934-cü ilin əvvəllərində tələbə yoldaşları ilə Bakı təyyarə meydanına gedən Züleyxa ilk dəfə "U-2" təyyarəsi ilə səmaya qalxır. Bu səyahətdən sonra o, tələbə yoldaşları ilə birlikdə institutda aeroklub yaratmağa qərara verir. Tələbələr öz təqaüdləri hesabına klub üçün bir "U-2" təyyarəsi, həmçinin üç planer və iki paraşüt almağa müyəssər olurlar. 1934-cü il yanvarın 6-da klubun açılışı olur. 1934-cü ilin yazında isə bu aviasiya klubu üçün hökumət tərəfindən Zabrat qəsəbəsinə yer ayrılır və ərazinin təşkilində tələbələr yaxından kömək edirlər. Uzunmüddətli məşqlərdən sonra 1934-cü ilin oktyabrında Züleyxa Seyidməmmədova "U-2" təyyarəsi ilə ilk dəfə təkbaşına havaya qalxır. O, 1934-cü ilin sonlarında aeroklubu əla qiymətlərlə bitirərək sertifikat alır və bununla da pilot adını qazanır.

1935-ci ilin mayında bir neçə tələbə paraşütlə tullanmağı sınaqdan keçirir. Arıq, çəlimsiz, qarayanız qız olan Züleyxa paraşütlə təyyarədən tullanır və külək onu dənizə atır. Deyilənlərə görə, onun tullanışını izləyənlər arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov da olmuş və Züleyxanın cəsarətinə heyrətini bildirmişdir.

1935-ci ilin avqustunda Moskvada Paraşütçülərin Birinci Ümumittifaq toplantısı keçirilir və toplantıda Zaqafqaziyanı təmsil edən nümayəndələr arasında yeganə qız Züleyxa olur. Toplantıda eniş dəqiqliyinə görə Zaqafqaziya komandası birinci yeri tutur. Təyyarədən paraşütlə 50 dəfə tullandığına görə Seyidməmmədova paraşüt idmanı üzrə təlimatçı vəzifəsinə təyin edilir. O, Zaqafqaziyadan, eləcə də, müsəlman şərqindən ilk qadın paraşütçü kimi qatıldığı iclasdan fəxri fərmanla geri dönür. Şərq, müsəlman qadınının cəsarətlə paraşütlə tullanması hamıda heyrət doğurur və Seyidməmmədovanın fəaliyyəti sovet quruluşunun nailiyyəti kimi qeyd olunaraq mətbuatda geniş şərh edilir.

1936-cı il yanvarın 21-də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının on beş illiyi ilə əlaqədar Kremldə təntənəli qəbul keçirilir və komsomolçu Züleyxa Seyidməmmədova "Şərəf nişanı" ordeni və qızıl saatla təltif edilir.

Bakıya dönən Züleyxa uçuş klubundakı xüsusi kursları bitirir və pilot təlimatçısı adını alır. Ona təlim keçmək üçün bir qrup mühasib tapşırılır. Həmin qrupdakı səkkiz nəfərdən biri də onun keçmiş fizika müəllimi Cümşüd Əfəndiyev olur. Azərbaycan Sənaye İnstitutunun son kursunda oxuyarkən Seyidməmmədova artıq yüz saatadək uçuş keçirmiş, təlimatçı kimi üç il ərzində 75 təyyarəçi, 80 paraşütçü hazırlamışdı.

O, 1938-ci ildə institutu mühəndis-geoloq kimi bitirdikdən sonra pilot kimi peşəkarlaşmaq üçün Jukovski adına Hərbi Hava Akademiyasına müraciət etsə də, yalnız kişiləri qəbul edən akademiya ona rədd cavabı verir. O, atasının məsləhəti ilə Mir Cəfər Bağırovun qəbuluna gedir. Bağırovun yaddaşında "küləyin dənizə atdığı qız" kimi qalan Züleyxanın müraciəti əsasında Mərkəzi Komitə onun akademiyaya qəbul olunması üçün rəsmi şəkildə Moskvaya məktub göndərir.

1938-ci ilin avqustunda sınaq imtahanları verərək akademiyanın şturman fakültəsinə qəbul olunanlar içərisində yeganə qız Züleyxa Seyidməmmədova olur. Seyidməmmədova həm də Jukovski Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi.

Akademiyada təhsil alan Züleyxa bir gün qəfil xəbərlə sarsılır. Fakültə dekanı onu yanına çağıraraq ona atasının kulaq kimi həbs edildiyini, əgər Bakıdan bu məlumatı təsdiqləsələr, akademiyadan uzaqlaşdırılacağını bildirir. Züleyxa bu xəbər qarşısında son ümid kimi yenə Bağırova üz tutur. O, Bağırova teleqram ünvanlayır: Bağırov tezliklə ölkənin adına xələl gəlməməsi naminə onun atasını həbsdən azad edir və ondan bu barədə heç yerdə danışmaması üçün iltizam alınır. Beləliklə Moskvaya Züleyxaya lazım olan məzmunda məktub gedir: "Yalandır, Mir Həbib Seyidməmmədov evindədir. Hər şey qaydasındadır."

Seyidməmmədova akademiyada oxuduğu dövrdə əvvəl "Duqlas"larla, daha sonra isə orta bombardmançılar, həmçinin uzağa və sürətlə uçan təyyarələrlə səfərə çıxmaq üzrə təlimlər almağa başlayır. O, ölkənin ən güclü şturmanları, Sovet İttifaqı qəhrəmanları Spirin və Belyakovdan hava gəmilərinin bütün sirlərini öyrənir. Birinci kurs müdavimi olan Seyidməmmədovanın şəkli Qureviçin komandirlik etdiyi fakültənin komsomol təşkilatı tərəfindən Akademiyanın "Şərəf lövhəsi"nə vurulur.

1940-cı il fevralın 23-də – Qırmızı Ordu günündə Seyidməmmədovaya kiçik leytenant rütbəsi verilir.

Akademiyanın şturman fakültəsində yeganə qadın olan Züleyxa təhsilini bitirdikdən sonra təlim təyyarə alayında qırıcı təyyarənin şturmanı təyin edilir.

Müharibə illəri Seyidməmmədova əsasən akademiya işçilərindən və müdavimlərindən təşkil edilən mayor Qridnevin qırıcı təyyarəçi alayına göndərilir və qırıcı eskadrilyanın şturmanı təyin olunur. Alay müharibənin ilk günündən hərbi qaydaya uyğun olaraq Moskvanın müdafiəsinə göndərilir. Seyidməmmədova həmin günlər haqqında deyirdi:

Seyidməmmədova bu dövrdə döyüşlərdə iştirak etməyə qərar verir və Kommunist Partiyasının üzvü olmaq üçün müraciət edir. Onun müraciəti qəbul edilir.

Müharibənin ilk dövründə sovet aviasiyası böyük itkilər vermişdi. Müharibənin ilk günü 1200 təyyarə məhv edilmişdi ki, onların da böyük əksəriyyətini almanlar elə aerodromlardaca bombalamışdılar. 1941-ci ilin oktyabrında SSRİ lideri İosif Stalin Sovet İttifaqı Qəhrəmanı Marina Raskovaya qadınlardan ibarət hərbi hissələrin yaradılması ilə bağlı rəsmi əmr göndərir. Əmrə görə tərkibi sırf qadın pliotlardan ibarət olan 3 aviasiya alayı yaradılmalı idi: 586-cı qırıcı alay, 587-ci bombardmançı alay və 588-ci gecə bombardmançı alayı. Hər alayda ən az 400 nəfər olmalı idi.

Bu dövrdə Seyidməmmədovaya Raskovanın onu axtardığını xəbər verirlər. Raskova ona qadın polku yaratmaq ideyasından bəhs edir. Züleyxa Seyidməmmədova bu haqda deyir:

İdeya tezliklə real həllini tapmağa başlayır. Hərb tarixinin misli görünməmiş ideyası gerçəyə çevrilir: qadın hərbi təyyarə alayları yaradılır. 1941-ci ilin dekabrında qırıcı alayın komandiri Tamara Kazarinova, onun müavini və alayın şturmanı isə Züleyxa Seyidməmmədova təyin olunur. O dövr üçün müasir və sürətli "YAK" təyyarələrinin alaya gətirilməsi ilə hərbçi qızlar bu təyyarələrdə uçmağı öyrənməyə başlayır.

Onlar ciddi hərbi təlim keçdikdən sonra 1942-ci ilin axırlarında ilk olaraq Volqa çayının sol sahilinə göndərilirlər. 1942-ci ilin sonlarında xüsusi əhəmiyyətli təyyarəni qarşılayıb Stalinqradadək müşayiət etmək üçün dörd qırıcı təyyarə göndərilir və bunlardan biri də Seyidməmmədovaya məxsus olur. Sonralar bu xüsusi təyyarənin ölkənin baş katibi Stalini dağılmış Stalinqrada apardığı məlum olur.

1943-cü ilin yazının əvvəlində qırıcı alay Voronejə göndərilir, iyulun 12-də isə Kurskun şimalında və cənubunda əks hücuma keçir. Avqustun 5-də, Kursk döyüşünün başlamasından düz bir ay sonra 586-cı alay Orel və Belqrada daxil olur. Burada gedən döyüşlərə görə Züleyxa Seyidməmmədova 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif olunur. Payızın sonunda qırıcı polk Kiyevə uçur. 586-cı alay sonuncu olaraq Korsun-Şevçenkovski döyüşündə iştirak edir və oradan Buxarestə uçaraq öz döyüş yolunu Rumıniyada başa vurur.

586-cı qırıcı alay Volqadan Vyanayadək döyüş yolu keçmiş, 4419 döyüş uçuşu keçirmiş, 125 döyüş aparmış və 38 alman təyyarəsi vurmuşdu. Alayın qoruduğu heç bir obyekt Hitler aviasiyasından zərər çəkməmişdi. Şəxsən 500 döyüş uçuşu keçirən Seyidməmmodova bir neçə alman təyyarəsini vurmuşdu. Qələbədən sonra qadınlardan ibarət aviasiya hissələri ləğv edildi. Seyidməmmədova da 1945-ci ilin dekabrında kapitan rütbəsində istefaya çıxdı və Azərbaycana qayıtdı.

O dövrdə bir çox jurnallarda, qəzetlərdə mütəmadi olaraq Seyidməmmədovanın qəhrəmanlıqlarını əks etdirən məqalələr, şeirlər dərc olunur, aşıqlar onu "səma qızı" adlandırırdılar.

İctimai-siyasi fəaliyyəti Əvvəlcə Bakı şəhər Partiya Komitəsinin təlimatçısı kimi işləyən Seyidməmmədova 1946-cı ilin sentyabrından 1951-ci ilə kimi Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışmışdır. Elə bu vəzifədə ikən Seyidməmmədova 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, Rəyasət heyətinin üzvü seçilmişdir. O, 1948-ci ildə Ümumdünya Demokratik Gənclər Federasiyası Şurasının qərarına əsasən fevralın 19-dan 26-dək Hindistanın Kəlküttə şəhərində keçirilən Cənub-Şərqi Asiya ölkələri gənclərinin konfransının iştirakçısı olur və "Sovet ittifaqı qadınları" mövzusunda məruzə ilə çıxış edir. Konfrans işini bitirdikdən sonra Seyidməmmədova sovet nümayəndə heyətinin tərkibində Hindistanın Dehli və Qaziabad şəhərlərində olur. Hindistanda olarkən Seyidməmmədovaya hədiyyə edilmiş əşyalar – hindli məktəblilərin verdiyi qırmızı plastmas qələm, hind milli ornamentləri ilə bəzədilmiş yasəmən rəngli pambıq parçadan saçaqlı şərf, ağ kətan parçadan tikilmiş uzun qulplu bəzəkli qadın çantası hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunub saxlanılır.

1952-ci ildə Azərbaycan SSR-in sosial təminat naziri seçilən Seyidməmmədova 1974-cü ilə qədər bu vəzifəni icra etmişdir. O, sosial təminat naziri vəzifəsində çalışan ilk qadın idi. Seyidməmmədova qiyabi olaraq 17 aprel 1953-cü ildə Moskva Ali partiya məktəbini, 28 noyabr 1957-ci ildə isə Leninqrad Hərbi Mühəndislik Akademiyasını bitirmişdir.