Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev; ) — Azərbaycan alimi, yazıçısı, ictimai xadimi. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (2019) və əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri.
Bakı Slavyan Universitetinin ilk rektoru (2000–2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014–2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin, Ural Federal Universitetinin və Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür. Kişinyov Pedaqoji Universitetinin (Moldova Respublikası) fəxri doktoruKamal Abdullaya bu ölkədə fəxri doktor adı təqdim olundu // Icma.az. 5 iyun 2026.. Kokand Dövlət Pedaqoji İnstitutunun (Özbəkistan) fəxri doktoruKamal Abdulla Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri doktoru seçildi // Kulis.az. 13 iyun 2025.. Mərmərə Universitetinin (Türkiyə) professoruKamal Abdulla Mərmərə Universitetinin professoru seçilib // Kamal Abdulla rəsmi saytı. 16 mart 2024..
Həyatı Kamal Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.
Təhsili 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973–1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub. 1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. 1977–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Türk dillərinin müqayisəli tədqiqi" şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. 1983-cü ildən başlayaraq televiziyada "Azərbaycan dili", "Qoşma", "Dəfinə", "Sözün sirri" kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı. 1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib.
Fəaliyyəti
Çalışdığı vəzifələr 1984–1987-ci illərdə Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri. 1988–1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədri. 1990-cı ildə M. F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun "Ümumi və rus dilçiliyi" kafedrasının müdiri seçilib. 1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri. 1994–1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı" bölümünün professoru olaraq fəaliyyət göstərib. 2000-ci ilin may ayında M. F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib. 2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib. 2011–2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb. 2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib. 2015-ci ildə "ADA" Universitetində "Azərbaycançılıq" fənnini tədris etmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 28 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının sədri seçilib. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.
Beynəlxalq təşkilatlar ABŞ (Kolumbiya Universiteti, Harriman İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Moskva Dövlət Linqvistik Universiteti, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya (Salesian Vatikan Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların (Gürcüstan, Rusiya, Fransa, Almaniya, İngiltərə, İsveç, Yunanıstan, İtaliya və b. ölkələrdə) təşkilatçısı və iştirakçısı olub.
Elmi fəaliyyəti 300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.
Akademik Kamal Abdulla 2015-ci ildə (prof. E. Ə. Nəcəfov ilə həmmüəlliflikdə) "Multikulturalizm" fənni üzrə "Multikulturalizmə giriş" (Bakalavr səviyyəsi üçün) və "Azərbaycan multikulturalizmi" (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlamışdır. O, "Azərbaycan multikulturalizmi" adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru (prof. E. Ə. Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir.
Kitabları
Dilçilik 1983 — "Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri", ("Проблемы синтаксиса простого предложения в азербайджанском языке") (Bakı, Elm) 1999 — "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" (Bakı, Maarif) 2005 — "Azərbaycanda rus dili" prof. İlyas Həmidovla birgə (Bakı) 2010 — "Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik" (Bakı) 2012 — "Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" dilçi alimlər ilə birlikdə (Bakı) "Azərbaycanca danışaq" (Paris 2008; Buxarest 2010; Budapeşt 2011; Abu-Dabi 2012).
Ədəbiyyatşünaslıq, tənqid və esseistika 1985 — "Müəllif – əsər – oxucu" (Bakı, Yazıçı) 1990 — "Əvvəl – axır yazılanlar"(Bakı, Yazıçı) 1993 — "Yolun əvvəli və axırı" (Bakı, Azərbaycan Dövlət nəşriyyatı) 2007 — "300 azərbaycanlı" (Bakı, Mütərcim) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəflərini işıqlandırılır. 2011-ci ildə Kamal Abdulla, Salam Sarvan və Etimad Başkeçidin Kamal Abdulla yaradıcılığı və dünya ədəbiyyatının, mədəniyyətinin aktual və maraqlı problemləri haqqında ədəbi söhbətləri "Məqamlar" adlı kitab halında çapdan çıxmışdır.
Qorqudşünaslıq 1991 — "Gizli Dədə Qorqud" (Bakı, Yazıçı) 1999 — "Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2" (Bakı, Elm) 2006 — "Тайный Деде Коркут" (Bakı, Mütərcim) 2009 — "Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud" (Bakı, Mütərcim) adlı kitablar yazıb nəşr etdirmişdir. 1995 — "Gizli Dede Korkut" kitabı Bursada (Bursa, Ekin Basınevi), İstanbulda (İstanbul, Ötükən Basınevi, 1995) və yenə təkrar İstanbulda "Mitten yazıya ve ya Gizli Dede Korkut" (İstanbul, Ötüken Basınevi, 2013) ayrı-ayrılıqda türk dilinə çevrilərək çap olunub. "Kitabi-dədə Qorqud" dastanının poetikasına giriş" (Bakı, 2017) 2026 — "Gizli Dədə Qorqud" - Yeni Mənalar Axtarışında (Bakı, Mütərcim)
Bədii fəaliyyəti Kamal Abdullanın bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub və nəşr edilib. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.
Kamal Abdulla "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox…", "Sirlərin sərgüzəşti", "Laokoon, Laokoon..." "Tarixsiz gündəlik" romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı: 1995 — "Unutmağa kimsə yox" (Bakı, Azərnəşr) 1997 — "Ruh" (Bakı, Azərnəşr) 2003 — Bir, iki, bizimki! (Bakı, Mütərcim) 2004 — "Casus" (Bakı, Mütərcim) 2006 — "Ruh" (Ankara) 2009 — "Все мои печали" (Bakı, Mütərcim) Nəşr olunmuşdur:
2001 — "Gümüş dövrün sirləri" adlı tərcümə kitabçasının müəllifidir (Bakı, Mütərcim). 1998 — "Qəribədi, deyilmi?!" (Bakı, BDU-nun mətbəəsi) 2014 — "Nar çiçəkləri" kitablarında müəllifin şeirləri cəmlənib (Bakı, Mütərcim). 2002 — "Kədərli seçmələr" adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri toplanıb (Bakı, Mütərcim).
"Yarımçıq əlyazma" romanı "Yarımçıq əlyazma" romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilib. Bundan sonra "Le Manuscrıt inachevé" adı ilə Fransada (Paris, L’Harmattan, 2005, təkrar nəşr: 2013), "Eksik El Yazması" adı ilə Türkiyə (İstanbul, Ötüken, 2006, təkrar nəşr: 2014), Rusiyada "Неполная рукопись" adı ilə (Moskva, Xroniker, 2006, təkrar nəşr: "Романы" kitabında (Moskva, Xudojestvennaya literatura, 2013), "Под сенью Карагача" (Moskva, Xudojestvennaya literatura, 2016), Braziliyada "O Manuscrito İnacabado" adı ilə (João Pessoa, İdeia, 2009), Polşada "Zagadkowy Rykopis" adı ilə (Torun, 2009), Misirdə "رلمخطوط المبتو" adı ilə (Qahirə, 2012), Amerikada "The Incomplete Manuscript" adı ilə (Hyuston, 2013), Qazaxıstanda "Толык емес колжазба" adı ilə (Astana, 2013), Avstriyada "Das unvollständige manuscript" adı ilə (Vyana, 2013), Qırğızıstanda "Толук емес колжазма" adı ilə (Bişkek, 2014), İtaliyada "İl Manoscritto İncompleto" adı ilə (Roma, 2014; Roma, 2015), Monteneqroda "Nepotpuni rukopis" adı ilə (Podqorica, 2015), Yaponiyada (Suseyşa, 2017) çap edilib.
"Sehrbazlar dərəsi" romanı Sufi dərvişlərin həyatından bəhs edən "Sehrbazlar dərəsi" romanı Bakıda 2006-cı ildə (ikinci nəşr: Bakı, "Qanun", 2018), "Büyücüler deresi" adı ilə Türkiyədə 2010-cu ildə, "Долина Кудесников" adı ilə Rusiyada 2010-cu ildə (Rusiyada təkrar nəşr: "Романы" kitabında, Moskva, Xudojestvennaya literatura, 2013, "Под сенью Карагача", Moskva, Xudojestvennaya literatura, 2016), "Stebukladarių slėnis" adı ilə Litvada 2013-cü ildə, "Сикыршылар ангары" adı ilə Qazaxıstanda 2013-cü ildə, "La vallée des magiciens" adı ilə Fransada 2013-cü ildə, "魔術師の谷" adı ilə Yaponiyada 2013-cü ildə, İranda 2014-cü ildə, "Valley of the sorcerers" adı ilə Amerika Birləşmiş Ştatlarında 2015-ci ildə, "La valle dei maghi" adı ilə İtaliyada "Sandro Teti Editore" nəşriyyatında 2016-cı ildə, "Cămpia Vrăjitorilor" adı ilə Rumıniyada "Princeps Multimedia" nəşriyyatında 2019-cu ildə çap olunub.
"Unutmağa kimsə yox…" romanı Kamal Abdullanın "Unutmağa kimsə yox…" romanı 2011-ci ildə Bakıda (ikinci nəşr: Bakı, "Qanun", 2018) çap edilmişdir. Roman "И некого забыть…" adı ilə 2015-ci ildə Bakıda, "Qanun" nəşriyyatında rus dilində, 2016-cı ildə "Под сенью Карагача" kitabında, Moskvada, "Xudojestvennaya literatura" nəşriyyatında çap edilmişdir. "Unutmağa kimse yok" adıyla Türkiyədə nəşr edilib.
"Tarixsiz gündəlik" povesti Müəllifin öz məktəb həyatından bəhs edən "Tarixsiz gündəlik" povesti 2005-ci ildə Bakıda çap edilmişdir. 2007-ci ildə povest "Открывая друг друга" adlı topluda "Дневник с заметками на полях" adı ilə rus dilində çap edilmişdir. Tarixsiz gündəlik" povesti 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Əsərlər toplusu" adlı kitabda dərc edilib. Həmçinin 2007-ci ildə povest "Един към друг" adlı topluda "Дневник с бележки в полетата" adı ilə bolqar dilində çap edilmişdir.