Zahid Vəli oğlu Dünyamalıyev () — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini (1993–2005), polis general-leytenantı (2002).

Həyatı Zahid Vəli oğlu Dünyamalıyev 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir.

1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış və 1972-ci ilə qədər həmin institutda çalışmışdır. 1972–1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir.

1977-ci ildə daxili işlər orqanlarına işə göndərilmişdir. 1977–1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983–1987-ci illərdə həmin idarənin rəisi, 1987–1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, 2001–2005-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır.

Qarabağ hadisələrində fəal iştirak etmiş, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olmuşdur. 2002-ci ildə ona polis general-leytenantı ali xüsusi rütbəsi verilmiş, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Mənbə "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı. Bakı-1999.

Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan polisləri Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirlərinin müavinləri