Mirzə Hüseyn Həsənzadə və ya Mirzə Hüseyn İrəvani () — azərbaycanlı müəllim, pedaqoq və Gürcüstan Demokratik Respublikasının Milli Şurasına seçilmiş 4 azərbaycanlı deputatdan biri.
Həyatı və fəaliyyəti Mirzə Hüseyn Həsənzadə 1869-cu ildə İrəvanda anadan olub. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunlarından biridir.
1890-cı illərdə Mirzə Hüseyn Atsquri kənd məktəbində baş müəllim kimi fəaliyyət göstərib. 1912-ci ildə Tiflisdə Kultura mətbəəsində "Tamam əlifba" adlı dərslik nəşr etdirib. 38 səhifəlik bu kitab I sinif üçün yazılmış əlifba dərsliyi idi. Kitabda ərəb əlifbasına sait səslər əlavə edilmişdi. Kitab həmçinin şəkillərdən, qısa hekayələrdən və şeirlərdən ibarət idi. Həmin illərdə Mirzə Hüseyn Tiflis şəhər 2-ci Xarpux Azərbaycan ibtidai məktəbinin müəllimi kimi fəaliyyət göstərirdi.
Tiflisdəki həyatı Mirzə Hüseynin siyasi fəaliyyətində mühüm rol oynamağa başladı. Belə ki, 1918-ci ildə Gürcüstan Demokratik Respublikası qurulduqdan sonra parlament funksiyasını həyata keçirən Gürcüstan Milli Şurasının 1918-ci il 13 sentyabr tarixli qanunu ilə milli azlıqların nümayəndələrinə bu qanunverici orqanda təmsilçilik kvotaları ayrıldı. Buna görə də Gürcüstanda yaşayan Azərbaycan türklərinə də Milli Şurada təmsil olunmaq üçün 4 yer ayrıldı. Bu yerlər Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuraların nümayəndələri hesabına doldurulmalı idi. 1918-ci ilin sentyabrın 29-da Gürcüstan Müsəlmanlarının Milli Şurası tərəfindən Əliheydər Qarayev, Əbdürrəhim bəy Haqverdiyev, Əbdüləziz Şərifov və Mirzə Hüseyn Həsənzadəyə parlamentdə təmsilçilik mandatı verildi. Bir ay sonra şura öz fəaliyyətini Gürcüstan Müəssislər Məclisi adı altında davam etdirdi.
Mirzə Hüseyn Həsənzadə 1947-ci ildə dünyasını dəyişib. Bəzi mənbələrdə isə onun vəfat tarixi kimi 1948-ci il qeyd edilir.
Həmçinin bax Borçalı Qəzasının Müsəlmanları Gürcüstan Müsəlmanlarının Milli Şurası Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar
İstinadlar
Ədəbiyyat Gürcüstan Demokratik Respublikası Hüquqi Sənədləri Məcmuəsi (1918–1921). Tbilisi, 1990, s. 62.
Kateqoriya:Pedaqoqlar Kateqoriya:Tbilisidə vəfat edənlər Kateqoriya:Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Azərbaycan vəkilləri