Rəşid İsmayıl oğlu Mahmudov () — sovet-Azərbaycan dövlət və partiya xadimi, jurnalist, publisist və naşir, Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi (1973–1980), Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri (1988–1991), Azərbaycan SSR əməkdar jurnalisti.

Həyatı Rəşid İsmayıl oğlu Mahmudov 6 noyabr 1929-cu ildə İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdir. Sonrakı illərdə aspiranturanı və Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə "Kommunist" qəzetində başlamış, burada ədəbi işçi, şöbə müdiri və redaktor müavini vəzifələrində çalışmışdır. 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbuat bölməsinin müdiri vəzifəsinə təyin edilmiş, sonralar Mərkəzi Komitədə inspektor vəzifəsində işləmişdir.

4 iyul 1973-cü ildə Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. Təxminən yeddi il bu vəzifədə çalışmışdır. 1980-ci ildə Bakıya qayıdaraq "Kommunist" qəzetinin redaktoru təyin edilmişdir. 1987-ci ildən "Azərbaycan kommunisti" və "Kommunist Azerbaydjana" jurnallarının baş redaktoru olmuşdur.

1988–1991-ci illərdə Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin və Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində çalışmışdır. Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqına və "Kitab" Cəmiyyətinə rəhbərlik etmişdir. Həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış deputatı və Ali Sovetin mədəniyyət üzrə daimi komissiyasının sədri seçilmişdir.

Rəşid Mahmudov Azərbaycan mətbuatının inkişafı, jurnalist kadrlarının hazırlanması və nəşriyyat işinin təşkili ilə məşğul olmuşdur. Elmi-tarixi və ictimai-siyasi mövzularda publisistik əsərlər yazmış, bir sıra kitabların redaktoru və naşiri olmuşdur. "Azərbaycan jurnalistləri", "Müasir mətbuatımızın xarakteri", "Hümmət" təşkilatı və onun nəşrləri" və "İnsan əməyi ilə gözəldir" adlı kitabların müəllifidir.

1988-ci ildə Quranın Azərbaycan dilinə tərcüməsi layihəsinin bərpasında iştirak etmişdir. Onun və naşir Əjdər Xanbabayevin təşəbbüsü ilə akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyev bu işə cəlb olunmuşlar. Rəşid Mahmudov sonralar Quranın Azərbaycan dilində nəşrinin təşkilində də iştirak etmişdir.

Ömrünün son illərində "Vətən" nəşriyyatının direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. Jurnalistika sahəsində fəaliyyətinə görə "Əməkdar jurnalist" fəxri adına, "Qızıl qələm" və "Ustad" jurnalistika mükafatlarına, həmçinin bir sıra orden və medallara layiq görülmüşdür.

Rəşid Mahmudov 2008-ci ildə vəfat etmiş və İsmayıllı rayonunun Mican kənd qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar

Kateqoriya:Mahmudovlar Kateqoriya:Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin deputatları Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin sədrləri Kateqoriya:"Xalq qəzeti"nin ("Kommunist") baş redaktorları