Akim Əli oğlu Abbasov () — sovet-Azərbaycan hərbi və dövlət xadimi, general-mayor (1957), İkinci Dünya müharibəsinin iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin IV–VI çağırışlarının deputatı.

Həyatı Akim Əli oğlu Abbasov 25 may 1911-ci ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Ərikli kəndində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Mehdili obasındandır. 1918-ci ildə yeddi yaşında olarkən anasını itirmişdir. 1920-ci ildə ailəsi Naxçıvanın Nəzərabad kəndinə köçmüş, həmin il atası da vəfat etmişdir. Valideynlərini itirdikdən sonra dayısı Ələkbər Ələkbərovun himayəsində böyümüşdür. 1922-ci ildə Naxçıvan şəhərindəki 3 saylı Zəhmət məktəbinin uşaq evinə yerləşdirilmiş və burada təhsilini davam etdirmişdir.

1927-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Bakı şəhərində yerləşən Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinə daxil olmuşdur. 1930-cu ilin mayında həmin məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Tbilisi şəhərindəki Zaqafqaziya Piyada Məktəbinə göndərilmişdir. 1932-ci ildə hərbi məktəbi bitirərək 77-ci Azərbaycan dağ-atıcı diviziyasında taqım komandiri təyin edilmişdir. Həmin dövrdə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasına üzv olmuşdur.

Bir müddət sonra 4-cü dağ-atıcı alayında bölük komandiri vəzifəsinə təyin edilmişdir. Daha sonra 76-cı Azərbaycan dağ-atıcı diviziyasının qərargahında əməliyyat şöbəsi rəisinin köməkçisi, ardınca isə həmin şöbənin rəisi vəzifəsində xidmət etmişdir. 1938-ci ilin əvvəllərində Naxçıvana qayıtmışdır. 1940-cı ildə yenidən 76-cı atıcı diviziyaya göndərilmişdir.

1941-ci ildə İkinci Dünya müharibəsi zamanı 76-cı atıcı diviziya Cənub-Qərb cəbhəsinə göndərilmişdir. Akim Abbasov diviziyanın tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Poltava vilayətində, Poltava–Xarkov dəmir yolu ətrafında gedən müdafiə döyüşləri zamanı komandanlığın əmrinə əsasən düşmənin arxasına keçərək diviziyanın 137-ci atıcı alayını mühasirədən çıxarmışdır.

207-ci atıcı alayın komandiri həlak olduqdan sonra Akim Abbasov alaya komandanlığı öz üzərinə götürmüş və Şoloxovo istiqamətində keçirilən əks-hücuma rəhbərlik etmişdir. Əks-hücum nəticəsində düşmən qüvvələri Şimali Donets çayı istiqamətinə geri çəkilmiş, Myasoyedovo, İqumenko və digər yaşayış məntəqələri də daxil olmaqla 17 yaşayış məntəqəsi azad edilmişdir. Hərbi tapşırıqları uğurla yerinə yetirdiyinə görə Akim Abbasova mayor hərbi rütbəsi verilmişdir.

1942-ci ilin martında Şimali Qafqaz cəbhəsi komandanlığının sərəncamına göndərilmiş və burada 34-cü kursant briqadasına komandanlıq etmişdir. Bir ay sonra Zaqafqaziya cəbhəsi komandanlığının sərəncamına göndərilərək 402-ci Azərbaycan atıcı diviziyasının əməliyyat şöbəsinin rəisi təyin edilmişdir. Həmin ilin dekabrında 402-ci atıcı diviziyanın 833-cü atıcı alayının komandiri olmuşdur. Mozdok ətrafında gedən döyüşlərdə iştirak etmişdir.

1945-ci ildə polkovnik rütbəsində olarkən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsinə qəbul olmuş və 1948-ci ildə təhsilini başa vurmuşdur. Həmin il ali atıcı-taktiki kurslara göndərilmişdir. 1949-cu ilin oktyabrında kursları bitirdikdən sonra 1953-cü ilədək 216-cı atıcı diviziyanın komandir müavini vəzifəsində xidmət etmişdir.

1953-cü ilin oktyabrında Mixail Frunze adına Hərbi Akademiyanın nəzdindəki ali akademik kurslara göndərilmişdir. 1954-cü ilin noyabrında həmin kursları yüksək qiymətlərlə bitirmiş və hərbi təhsilini davam etdirmək üçün akademiyanın qiyabi şöbəsinə qəbul olunmuşdur. 1956-cı ildə Hərbi Akademiyanı fərqlənmə ilə bitirmişdir.

18 fevral 1957-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Akim Abbasova general-mayor hərbi rütbəsi verilmişdir. 1960-cı ilin sonunda 295-ci motoatıcı diviziyanın (39486 saylı hərbi hissə) komandiri vəzifəsinə təyin edilmişdir. 1967-ci ilədək müxtəlif hərbi birləşmələrdə komandir vəzifələrində xidmət etmişdir.

1967-ci ildə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra dövlət idarəçiliyi sahəsində fəaliyyətə başlamışdır. Həmin ilin iyunundan 1979-cu ilədək Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini vəzifəsində çalışmışdır. 1982-ci ildən Azərbaycan Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərmişdir. Azərbaycan Sülhü Müdafiə Komitəsinin Sülh Fondunun məsul katibi vəzifəsində də çalışmışdır.

Akim Abbasov Azərbaycan SSR Ali Sovetinin IV, V və VI çağırışlarının deputatı olmuşdur. Həmçinin Azərbaycan Kommunist Partiyasının XXII və XXIV qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir.

25 aprel 1989-cu ildə Bakı Şəhər Müharibə Veteranları Komitəsinin sədri seçilmişdir. Həmin ilin dekabrından Sovet Müharibə Veteranları Komitəsinin plenumunun üzvü olmuşdur.

1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən siyasi hadisələr Akim Abbasovun narahatlığına səbəb olmuşdur. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı ilə bağlı xəbərlərin ona ağır təsir göstərdiyi mətbuatda qeyd edilmişdir. Akim Abbasov 27 fevral 1992-ci ildə Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.

Ailəsi Akim Abbasov ailəli olmuşdur. Afis, Arif, Asif və Akim adlı dörd oğlu var idi.

Mükafatları "Qırmızı bayraq" ordeni (2 dəfə) "Qırmızı ulduz" ordeni (2 dəfə) 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Qafqazın müdafiəsinə görə" medalı "Döyüş xidmətlərinə görə" medalı "Azərbaycan Respublikasının əməkdar təbliğatçısı" fəxri adı — 30 may 1991

İstinadlar

Ədəbiyyat Şahlar Quliyev. Keçmişi xatırlayarkən. "Azad hüquqşünas" qəzeti, 18–27 may 2011-ci il.

Kateqoriya:Zəngəzurda doğulanlarKateqoriya:Azərbaycan general-mayorları Kateqoriya:SSRİ general-mayorları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları