Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi — Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Tarixi 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. O, bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, azərbaycanlıları yenicə müstəqillik qazanmış Respublikanın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, Azərbaycanın milli maraqlarının daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, azərbaycanlıların milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq 2001-ci ilin may ayının 23-də ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır.
2001-ci ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. Dünya azərbaycanlılarının I qurultayı xaricdəki azərbaycanlıların ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay azərbaycanlıların milli ideologiyası olan Azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyinin əsasını qoydu. Qurultayda xaricdəki azərbaycanlılarla sistemli iş aparılmasını təşkil etmək, azərbaycanlılar arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.2002-ci ilin 5 iyulunda Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqların gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.
Komitənin strukturu
Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını, həmçinin Komitənin Aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
Komitənin sədri Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir. Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir.
Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və iki müavini vardır. Komitə sədrinin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Struktur rəhbərlik, Komitə Aparatı (10 struktur bölmə) və tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondundan ibarətdir.
Komitə Aparatının struktur bölmələri:
Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsi Rusiya, Ukrayna, Belarus və Moldova ilə iş şöbəsi Avropa ölkələri ilə iş şöbəsi Amerika ölkələri, Böyük Britaniya və İsrail Dövləti ilə iş şöbəsi Asiya, Avstraliya və Okeaniya ölkələri ilə iş şöbəsi Türkdilli dövlətlər və Gürcüstan ilə iş şöbəsi Layihələrin idarəolunması, humanitar məsələlər və İKT şöbəsi Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsi Media, kommunikasiya və analitik təhlil şöbəsi Maliyyə və təminat şöbəsi
Komitənin Kollegiyası
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 mart 2023-cü il tarixli 77 nömrəli qərarı ilə müəyyən edilmişdir.
Diaspor fəaliyyətində xidmətə görə Azərbaycan Respublikasının medalı
thumb|Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalı
Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr 1723-VQD nömrəli Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 899 nömrəli 2019-cu il 25 dekabr tarixli Fərmanı ilə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə verilmişdir.
Tabeliyində olan qurum
Azərbaycan Diasporuna Dəstək Fondu
Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan publik hüquqi şəxs statuslu idarədir. Bu fond Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə yaradılmışdır.
Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikasında həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, dünya azərbaycanlılarının milli-mənəvi dəyərləri qorumasına, daha da inkişaf etdirməsinə və tanıtmasına, xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, azərbaycanlıların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyini təmin edən publik hüquqi şəxsdir.
Xaricdə yaşayan azərbaycanlılara və onların yaratdıqları qurumlara beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaqda, milli-mənəvi dəyərləri mənimsəməkdə, yaşatmaqda və inkişaf etdirməkdə, eləcə də Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaqda kömək etmək, Azərbaycan Respublikasını beynəlxalq aləmdə təbliğ etmək və mənafelərini etibarlı müdafiə etmək, Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi, dünyəvi dövlət və demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xaricdə yaşayan azərbaycanlıları, habelə Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporlarını məlumatlandırmaq, bu barədə informasiyanı televiziya, radio, dövri mətbuat və digər vasitələrlə yaymaq Azərbaycan Diasporuna Dəstək Fondunun vəzifələri sırasına daxildir. "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, fiziki və hüquqi şəxslərə dəstək göstərmək də əsas fəaliyyət istiqamətlərindən biridir.
Komitənin fəaliyyəti
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Bakı şəhərində yerləşir. Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.
Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan mənbələr hesabına maliyyələşdirilir.
Fəaliyyət istiqamətləri
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 2-ci hissəsinə uyğun olaraq fəaliyyətin həyata keçirilməsi; Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları və yuxarı orqanların digər tapşırıqlarının icrası; Azərbaycan Respublikası Prezidentinin diaspor nümayəndələri ilə görüşləri, nitq və çıxışları, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsi sahəsində imzaladığı fərman, sərəncam və qanunvericilik aktları barədə diaspor təşkilatlarının məlumatlandırılması; Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş illərlə bağlı Azərbaycan diaspor təşkilatları, Koordinasiya Şuraları, Azərbaycan Evləri və həftəsonu məktəbləri tərəfindən tədbirlərin həyata keçirilməsi; Milli və dövlət bayramlarının, xüsusi əhəmiyyətli günlərin (20 Yanvar Faciəsi, 2 Fevral — Gənclər Günü, 26 Fevral — Xocalı soyqırımı, 8 Mart — Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, 31 Mart — Azərbaycanlıların Soyqırımı Günü, 24 Aprel — mina ilə bağlı məlumatlandırma kampaniyası, 28 May — Müstəqillik Günü, 26 İyun — Silahlı Qüvvələr Günü, 20 Sentyabr — Dövlət Suverenliyi Günü, 27 Sentyabr — Anım Günü, 18 Oktyabr — Müstəqilliyin Bərpası Günü, 8 Noyabr — Zəfər Günü, 9 Noyabr — Dövlət Bayrağı Günü, 12 Noyabr — Konstitusiya Günü, 17 Noyabr — Milli Dirçəliş Günü, 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününün qeyd edilməsi, bu münasibətlə tədbirlərin təşkili); Dünya Azərbaycanlılarının V Qurultayının Qətnaməsinə uyğun olaraq tədbirlərin həyata keçirilməsi; Şuşa Bəyannaməsindən irəli gələn tədbirlərin həyata keçirilməsi; Azərbaycan reallıqlarının və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkənin müsbət imicinin qorunub saxlanılması, xarici və yerli media ilə iş;