Migel Anhel Asturias Rozales (; ) — qvatemalalı yazıçı, şair, jurnalist, ictimai xadim, diplomat, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1967), "Xalqlar arasında sülhün möhkəmləndirilməsi" Beynəlxalq Lenin mükafatı laureatı (1966).

Həyatı Migel Anhel Asturias Qvatemalanın paytaxtı Qvatemala-siti şəhərində zəngin və geniş əlaqələrə malik ailədə doğulmuşdu. Məhkəmə sistemində yüksək mövqe tutan atası 1898-ci ildə hakimiyyətə gələn diktator Kabrera Estrada ilə siyasi opponent olduğundan paytaxtı və vəzifəsini tərk etmək məcburiyyətində qalmışdı.

Qvatemaladakı San Karlos universitetinin tələbəsi Migel Asturias ailə ənənəsini davam etdirərək diktatura rejiminə qarşı mübarizənin fəallarından biri kimi tanınmışdı. Estradanın hakimiyyətdən uzaqlaşdırılmasından (1920) sonra o, ölkədə xalq universitetinin yaradılmasının əsas təşəbbüskarlarından biri kimi çıxış etmişdi. "Hinduların sosial problemləri! adlı dissertasiyası ilə Asturias hüquq doktoru dərəcəsini qazanmışdı.

Estrada rejimi devrilsə də, ölkədəki vəziyyət yaxşılığa doğru dəyişməmişdi. Migelin dostlarından biri siyasi baxışlarına görə vəhşicəsinə döyüləndən sonra Asturias ailəsi övladlarını təhlükədən uzaqlaşdırmaq üçün təhsilini davam etdirmək məqsədilə onu Avropaya göndərmək qərarına gəlmişdi. Migel əvvəlcə Londonda iqtisadiyyatı öyrənmək istəyirdi. Sonra fikrini dəyişmiş və Sorbonnada hindu mifologiyası üzrə tanınmış mütəxəssis Jorj Raynonun rəhbərliyi ilə mayya mədəniyyəti ilə məşğul olmağa başlamışdı.

Parisdə sürrealistlərin təsiri altında Asturias şeir və nəsr yaradıcılığına başlamışdı. Onun ilk əsəri Madriddə çap olunan və mayya mədəniyyətinin poetik şərhini ehtiva edən "Qvatemala əfsanələri" (1930) idi. Bu kitaba görə müəllif Silla Monsequra mükafatı almışdı. Fransa paytaxtında yaşadığı on ilə yaxın müddətdə mayya müqəddəs mətnlərini fransız dilinə çevirmiş və "Yeni zaman" ("Tiempos Nuevos") jurnalını nəşr etmişdi. Latın Amerikası diktatorları haqqındakı sürrealist "Sinyor Prezident" romanını da Asturias Parisdə yazmışdı. Lakin siyasi mülahizələrə görə əsər çox sonralar – yalnız 1946-cı ildə Madriddə işıq üzü görmüşdü.

Yazıçı 1933-cü ildə vətəninə qayıda bilmişdi. Həmin dövrdə Qvatemalada digər diktator – Xorxe Ubiko hakimiyyətdə idi. Migel Asturias siyasi proseslərə qarışmadan jurnalistika və bədii yaradıcılıqla məşğul olmağı daha üstün tutmuşdu. 1936-cı ildə onun vətənə qayıdandan sonra yazdığı əsərlərin toplandığı "Sonetlər" kitabı çap edilmişdi. Şair Qvatemala Senatına üzv seçilmiş (1942), dörd ildən sonra isə diplomatik fəaliyyət sahəsinə keçmişdi.

1946-1954-cü illərdə o, ölkəsinin Meksika, Argentina və Salvadorda səfiri olmuşdu. Prezident Yakob Arbensin süqutundan sonra növbəti diktator Karlos Kastella Armas yazıçını səfir ranqından və Qvatemala vətəndaşlığından məhrum etmişdi. "Qvatemalada həftəsonu" (1956) kitabında toplanan hekayələr ölkə həyatının bu çətin və ziddiyyətli dövrünü təsvir edirdi.

Migel Asturias 1954-1966-cı illərdə əvvəlcə Argentina və Çilidə, sonra isə İtaliyada siyasi mühacir həyatı keçirməli olmuşdu. Səfirlik və mühacirət illərində o, "Mayya xalqı" (1946), "Fırtına" (1950), "Yaşıl Papa" (1954), "Dəfn olunmuşların gözləri" (1960, sonuncu üç roman bəzən birlikdə "Banan» trilogiyası" da adlandırılır), "Əsl mulat" (1963) romanlarını yazmışdı.

Latın Amerikası nəsrinə xas keyfiyyətlər – təhkiyə özünəməxsusluğu, mifologiqzmdən istifadə, nağıl və əfsanə ünsürləri, irreallıqlar Asturias nəsrində də müşahidə edilir. Sənətkarlıq xüsusiyyətlərinə və bədii təxəyyül orijinallığına görə bəzi tənqidçilər onun adını dünya ədəbiyyatının Frans Kafka, Ceyms Coys, Uilyam Folkner, Xorxe Luis Borxes kimi tanınmış simaları ilə yanaşı çəkirlər.

Qvatemalada siyasi rejimin dəyişməsi və demokratik yolla seçilmiş prezident Xulio Monteneqronun hakimiyyətə gəlməsi nəticəsində 1966-cı ildə Asturias yenidən vətəndaşlığa qəbul edilmiş və ölkəsinin Fransada səfiri təyin edilmişdi. Eyni ildə o, "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Lenin mükafatına layiq görülmüşdü.

1967-ci ildə isə Migel Asturias "əsasında Latın Amerikası hindularının adət-ənənələrinə böyük maraq dayanan parlaq ədəbi nailiyyətlərinə görə" Nobel mükafatı almışdı. Müəllif qısa Nobel mühazirəsində Avropa və Latın Amerikası ədəbiyyatları arasındakı fərqlərə toxunaraq onların hər şeydən öncə mövcud həyat şərtlərindən, ictimai-siyasi reallıqlardan qaynaqlandığını göstərmişdi: "Bizim romanlarımız avropalılara məntiqdən və sağlam ağıldan məhrum əsərlər təsiri bağışlayır. Amma nəzərə alın ki, bu romanlar bizim oxucunu qorxutmaq istədiyimiz üçün qorxulu deyillər. Başımıza dəhşətli işlər gəldiyinə görə onlar belə qorxuludurlar".

Migel Asturias 1970-ci ildə sonra yalnız yaradıcılıqla məşğul olmaq məqsədilə diplomatik xidmətdən uzaqlaşmışdı. O, Madriddə vəfat etmiş, Parisdə, Per-Laşez məzarlığında dəfn olunmuşdu.

Sağlığında iki dəfə vətənindən didərgin salınan, vətəndaşlıqdan məhrum edilən Migel Asturias bu gün öz ölkəsinin rəmzlərindən birinə çevrilmişdir. Qvatemalanın ali ordeni və ən yüksək ədəbi mükafatı, habelə milli teatr onun adını daşıyır. Latın Amerikası romanının çağdaş yetkinlik mərhələsinə qədəm qoymasında mühüm rolu olan yazıçılar içərisində isə adı birincilər sırasında çəkilir.

Əsərləri Əsərin növüOrijinal adıAzərbaycanca adıYayımlandığı ilRomanlarEl señor presidente Cənab prezident 1943Hombres de maíz Qarğıdalı adamlar 1949Viento fuerte Fırtına 1950 El papa verde Yaşıl Papa 1954Los ojos de los enterrados Dəfn olunmuşların gözləri 1960El alhajadito 1961Mulata de tal Əsl mulat 1963Maladrón (Epopeya de los Andes verdes) 1969Viernes de Dolores 1972HekayələrRayito de estrella 1925Leyendas de Guatemala Qvatemala hekayələri 1930Week-end en Guatemala Qvatemalada həftəsonu 1956Clarivigilia primaveral 1965El espejo de Lida Sal 1967Tres de cuatro soles 1971Teatr əsərləriSoluna; comedia prodigiosa en dos jornadas y un final 1955La audiencia de los confines; Crónica en tres andanzas 1957Teatro: Chantaje, Dique seco, Soluna, La audiencia de los confines 1964El Rey de la Altaneria 1968Opera əsərləriEmulo Lipolidón: fantomima 1935Imágenes de Nacimiento ŞeirləriRayito de estrella; fantomima 1929Emulo Lipolidón: fantomima 1935Sonetos 1936Alclasán; fantomima 1940Con el rehén en los dientes: Canto a Francia 1942Anoche, 10 de marzo de 1543 1943Poesía: Sien de alondra 1949Ejercicios poéticos en forma de soneto sobre temas de Horacio 1951Alto es el Sur: Canto a la Argentina 1952Bolívar: Canto al Libertador 1955Nombre custodio e imagen pasajera 1959Clarivigilia primaveral 1965Sonetos de Italia 1965EsseləriSociología guatemalteca: El problema social del indio (tesis) 1923La arquitectura de la vida nueva 1928Carta aérea a mis amigos de América 1952Rumania; su nueva imagen 1964Latinoamérica y otros ensayos 1968Comiendo en Hungría'' (relato de viajes, co-escrito con Pablo Neruda) 1969América, fábula de fábulas y otros ensayos 1972

İstinadlar

Mənbə Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Qvatemala yazıçıları Kateqoriya:Ədəbiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Qvatemalalı Nobel mükafatı laureatları Kateqoriya:Paris Universitetinin məzunları Kateqoriya:Qvatemalada doğulanlar Kateqoriya:Madriddə vəfat edənlər Kateqoriya:Per-Laşez qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr jurnalistləri