Səid Ünsizadə, Hacı Səid əfəndi Ünsizadə () — Şamaxı Qazısı, şair, "Ziya" (1879–1880-ci illər), "Ziyayi-Qafqaziyyə" (1880–1884-cü illər) qəzetinin naşir və redaktoru. Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından 1 il 3 ay sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırmışdır. O, daha sonra qardaşı Cəlal Ünsizadə ilə birlikdə "Kəşkül" qəzetinin nəşrinə başlayır. Səid əfəndi Ünsizadə "Hami" təxəllüsü ilə şeirlər yazmış, "Beyt üs-Səfa" ədəbi məclisinin üzvü olmuş, 1883-ildə Tiflisdə nəzmlə yazılmış qiraət kitabını nəşr etdirmişdir. Səid Ünsizadə 1903-cü ildə vəfat etmişdir.
Həyatı Ünsizadə qardaşlarının ən böyüyü Səid Ünsizadənin doğum tarixi ilə bağlı bir neçə fərqli məlumat mövcuddur. Belə ki, "Ziya" qəzetinin və Ünsizadə qardaşlarının tanınmış tədqiqatçıları Nazim Nəsrəddinov, Akif Aşırlı və Akif Şahverdiyevdən hər biri Səid Ünsizadənin doğum tarixini fərqli vermişdir. N. Nəsrəddinovun məlumatına görə, Səid Ünsizadə 1825-ci ildə, A. Aşırlıya görə 1830-cu ildə, A. Şahverdiyevə görə isə 1830–1832-ci illərdə Şamaxıda anadan olmuşdur. Bunun səbəbi bu günə qədər Səid Ünsizadənin məzar yerinin bilinməməsi idi. Artıq məlumdur ki, Səid Ünsizadənin məzarı Fateh Məscidi Qəbiristanlığındadır və məzar daşında onun 1258-ci ildə, yəni 1842-ci ildə doğulduğu qeyd olunub. Səid Əbdürrəhman oğlu Ünsizadə Azərbaycanın Şamaxı şəhərində dindar bir ailədə dünyaya gəlmişdir. Anası haqqında mənbələrdə məlumat olmasa da, atası Əbdürrəhman bəyin adı ilk dəfə Şamaxı hakimi Cəfərqulu xanın şeirlərindən birində çəkilir. Cəfərqulu xan Əbdürrəhman bəydən bəhs edərək onun "Ünsi" təxəllüsü ilə şeirlər yazdığını qeyd edir. Səid Ünsizadə Əbdürrəhman bəyin üç oğlundan ən böyüyüdür. O və digər qardaşları – Cəlal (Cəlaləddin Ünsizadə) və Kamal bəy, atalarının ölümündən sonra Ünsizadə soyadını qəbul ediblər. Əbdürrəhman bəy yaşadığı dövrdə Şamaxının digər ziyalıları, Seyid Əzim Şirvani, Məhəmməd ağa Şahtaxtinski və Bahar Şirvani kimi şəxslərlə yaxın dostluq münasibətləri qurmuşdur. Səid Ünsizadə təsəvvüf və şərq ədəbiyyatı sahəsində ilk təhsilini atasından almış, daha sonra isə Şamaxı mədrəsəsini bitirərək Bağdada getmişdir. O, burada yerləşən mədrəsələrdə yüksəksəviyyəli dini təhsil almışdır.O dövrdə belə təhsil almış şəxslər, Səid Ünsizadənin özünün də təəssüflə dediyi kimi," ya ölü, ya da diri mollası" olurdu. Amma o, fərqli bir yol seçməkdə qətiyyətli olmuşdur.
Şamaxıya qayıdışı Beləliklə, Səid Əfəndi Ünsizadə Bağdad mədrəsələrində təhsilini tamamlayıb vətəni Şamaxıya döndükdən sonra təhsil və pedaqogika məsələləri ilə maraqlanmağa başlamışdır. 3 fevral 1888-ci il tarixli Ruhani İdarələri Təftiş Komissiyasının sədri Bezobravozun yazdığı hesabatda (No. 29) qeyd olunur ki, Səid Ünsizadə 1866-cı ildə Şamaxı Şəriət Məclisinə üzv seçilmişdir. 1873-cü ildə Müsəlman Ruhani İdarələri haqqında yeni qanunların və təşkilati dəyişikliklərin nəticəsində Səid Ünsizadə 2 yanvar 1873-cü ildə Bakı Quberniyasının Dini Məclisinə üzv seçilmiş və həmin ilin sonunda, 17 dekabr 1873-cü ildə məclisin sədri vəzifəsinə gətirilmişdir. 1873-cü il tarixli yeni fərmana əsasən dini məclislərin üzvləri və sədrləri hər quberniyanın öz qubernatorları tərəfindən təyin olunurdu. Səid Ünsizadə də məclis üzvlüyü və sədrliyi vəzifələrinə Bakı qubernatoru Staroselski tərəfindən təyin olunmuş və 1877-ci ilin əvvəllərinə qədər məclis sədri kimi fəaliyyət göstərmişdir.
Səid Ünsizadə Bakı Dini Məclisinin sədri olduğu zaman, 1875-ci ildə Şamaxıya gələrək Şamaxı Ruhani İdarəsinin tərkibində bir məktəb təsis etmişdir. Məclis adlanan bu məktəb Ruhani İdarəyə bağlı olsa da, müasir sistemə uyğun olan bir təhsil ocağı idi. Məktəbdə dini təhsilin yanaşı, Azərbaycan türkcəsi, rus dili, ərəb dili və fars dili tədris edilir, əlavə olaraq riyaziyyat dərsləri də keçirilirdi. Səid Ünsizadə Məclis məktəbini qardaşı Cəlal Ünsizadə ilə birlikdə qurmuşdur. Məktəb yeni olmasına baxmayaraq qısa müddətdə tələbə toplamağı bacarmışdı. 1876–1877-ci illərdə bu məktəbdə təminən 100-ə yaxın tələbə təhsil alırdı. Səid Ünsizadənin açdığı məktəb, bu günə qədər fəaliyyət göstərməyə davam edir. Məktəbin əvvəlki adı "Məclisi Məktəb", indiki adı isə "Şamaxı Avropa Liseyi"dir.Günümüzə qədər bu məktəbin Seyid Əzim Şirvani tərəfindən açıldığı düşünülürdü. Sonradan Seyid Əzim Şirvaninin burada dərs deyən müəllimlərdən biri olduğu məlum olmuşdur.
Səid Ünsizadə Tiflisə getdikdən sonra "Məclis Məktəbi" Şirvaniyə əmanət edilmişdir. Çətin maddi vəziyyətinə və yoxsul olmasına baxmayaraq, Şirvani heç bir rəsmi idarədən və ya qurumdan maddi dəstək və maaş almadan, yalnız şagirdlərdən toplanan cüzi təhsil haqqı ilə məktəbi demək olar ki, pulsuz şəkildə idarə etməyə çalışmışdır.
Səid Ünsizadənin xidmətləri və çalışmaları "Ziya"nın Şamaxı müxbiri S. Ə. Şirvaninin 117 beytlik qəsidəsində işıqlandırılmışdır. Qəsidə "Ziyayi-Qafqaziyyə" qəzetinin 1884-cü ilə aid 4-cü nömrəsində dərc olunmuşdur:
Düşüb ol fikrə kim, Şirvanı bir darülfünun etsin,
Qiraətxanə açsın, nəşr qılsın elmi-ədyani.
Bilibdir kim, cəhalət mayeyi fəqrü xəsarətdir,
Təriqi-elmə tərğib eyləmək vacibdir insani.
Səid Ünsizadə bütün bu fəaliyyətləri ilə yanaşı, ədəbiyyat və şeirlə də maraqlanmışdır. 1860-cı illərdə Məhəmməd Səfa tərəfindən Şamaxıda qurulan "Beytüs-Səfa" məclisinin fəal iştirakçılarından biri olmuşdur. Məhəmməd Səfanın evində toplaşan Səid Ünsizadə ilə yanaşı Seyid Əzim Şirvani, Mirzə Nəsrullah Bahar, Molla Ağa Bihud, Ağababa Zühuri, Ələkbər Qafil, Qafar Rağib, Mirzə Mahmud Zuyi və Nəcəf bəy kimi şəxslər, ədəbiyyat, sənət və fəlsəfə mövzularında müzakirələr aparır, klassik əsərlər, məşhur şeirlər və qəzəllər oxunan bir ədəbi məclis təşkil edirdilər.
Tiflisə gəlişi Səid Ünsizadə 1876-cı ildə Tiflisə köçərək Qafqaz Ruhani İdarəsinə təyin olunmuş və 1884-cü ilə qədər burada çalışmışdır. 25 yanvar 1877-ci ildə, Qafqaz Ruhani İdarəsində bir üzvün çatışmazlığı səbəbilə, 27 saylı qərar ilə Səid Ünsizadə iki ay müddətinə müvəqqəti olaraq bu idarədə işləməyə başlayır. Daha sonra Qafqazın Baş İdarə Rəisi General-leytenant Staroselskinin 3180 nömrəli əmri ilə əvvəlki maaşı dəyişmədən, bu vəzifənin icrasına davam edir. Müvəqqəti tapşırıq başa çatdıqdan sonra Səid Ünsizadə yenidən Staroselskinin 10412 nömrəli göstərişi ilə Tiflis Ruhani İdarəsindəki vəzifəsinə qaytarılmış və 1884-cü ilə qədər Tiflisdə yaşamışdır.
Tiflisdə təhsil, ədəbiyyat və mətbuat kimi sahələrdən uzaq qala bilməyən Səid Ünsizadə uzun müddətdir düşündüyü mətbuat layihəsini həyata keçirmək imkanı əldə etmişdir. Tiflisin mədəniyyəti və maarifpərvər ziyalılarının mərkəzi olması ona bu imkanı yaratmışdır. XIX əsrin ortalarından etibarən Tiflis, Qafqazın ən mühüm mədəni mərkəzlərindən birinə çevrilmişdi. Kitablar, qəzetlər və jurnallar Tiflisdə çap olunur, bütün Qafqaza demək olar ki, buradan yayılırdı. 1870–1890-cı illər arasında Tiflisdə müxtəlif dillərdə — türk, rus, gürcü, erməni, fransız və alman dillərində 56-dan çox qəzet və jurnal nəşr olunurdu ki, bu da Tiflisi bölgənin əsas mətbuat mərkəzlərindən birinə çevirirdi.
Səid Ünsizadə 1878-ci ildə "Ziya" qəzetini nəşr etmək üçün Qafqaz Senzura Komitəsinə müraciət etmişdir. Komitə bu müraciəti nəzərdən keçirərək qəzetin Azərbaycan türkcəsində yayımlanmasını məqsədəuyğun hesab etmiş, lazımi icazələr alındıqdan sonra qəzet 1 yanvar 1879-cu ildə "Ziya" adı ilə nəşrə başlamışdır.
"Ziya" və "Ziyayi-Qafqaziyyə" dövrü Səid Ünsizadənin qurduğu və Azərbaycan mətbuat tarixində ilk şəxsi mətbəə olan "Ziya", Tiflisdə Zailov adlı bir şəxsin mülkündə yerləşirdi. Mətbəə sonralar Vorontsov bölgəsində Ağa Əli Əsgər İsmayıl oğlunun 35 nömrəli evinə, oradan da Səid Ünsizadənin aldığı öz mülkünə köçərək nəşr fəaliyyətini davam etdirir. Naşir bu münasibətlə yazırdı: "Necə bir laziməli əhvalatlara nəzərən basmaxana büsatın Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyya söylədik. Və ruz-bə-ruz təliminə səy edəcəyik. Nəbənə baqaidə kitablar dəxi çıxaracayıq".
Çar Rusiyası hakimiyyətinin Azərbaycan türkcəsində belə bir qəzetin çap olunmasına icazə verməsi və ilk vaxtlarda qəzetin müsbət qarşılanmasının səbəbi, şübhəsiz ki, Səid Ünsizadənin ruhani zümrəyə mənsubiyyəti və Bakı və Tiflis kimi şəhərlərdə müxtəlif vəzifələrdə çalışdığı müddət ərzində Çar Rusiyasının siyasətlərinə qarşı hər hansı bir müxalifətə baş vurmamasıdır.
14 yanvar 1879-cu ildə ilk sayı dərc olunan və həftədə bir dəfə daşbasma üsulu ilə çap olunan "Ziya"nın məzmunu 7 bölmədən ibarət idi:
— Dövlət sərəncamları
— Beynəlxalq qəzetlərin elanları
— Xarici xəbərlər
— Vətən xəbərləri
— Yerli xəbərlər
— Məlumat göstəricisi və elanlar
— Ədəbi şeirlər və məktublar
1881-ci ildə Tiflisin altıncı bölgəsindəki Fomina küçəsi 11 nömrəli mülkdə öz şəxsi mətbəəsində "Ziya"nın nəşrini davam etdirən Səid Ünsizadə, mətbəənin köçürülməsi məsələsini də uğurla həll edə bilmişdi. O illərdə bir mətbəənin yerinin dəyişdirilməsi müəyyən icazələrə bağlı olduğundan bu olduqca çətin bir iş idi. Səid Ünsizadəyə bu icazənin verilməsi zamanı problem yaradılmamasının səbəbi, Tiflis qubernatoru Konstantin Dmitriyeviç Qaqarinə verilən 9 yanvar 1881-ci il tarixli hesabatdan başa düşülür. Belə ki, hesabata görə "Ziya" mətbəəsinin fəaliyyətinə köçdüyü bölgədə daha rahat nəzarət edilə bilərdi. "Ziya" qəzetinin 76-cı nömrəsindən sonra qəzet "Ziyayi-Qafqaziyyə" adı ilə nəşr fəaliyyətini davam etdirir. "Ziya"nın "Ziyayi-Qafqaziyyə" olaraq adının dəyişməsi məzmununda heç bir dəyişikliyə səbəb olmamış, sadəcə texniki baxımdan qəzet bu adla nəşr olunmağa davam etmişdir. Səid Ünsizadə bu məsələyə aydınlıq gətirərək "Ziyayi-Qafqaziyyə"nin birinci nömrəsində yazmışdı: "Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız "Ziya"dan ötrü nəqş və nikah eylədikləri "Ziyayi-Qafqaziyyə" sərlövhəsini rədd eləməyi rəva görmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə məsdur qalan "Ziya" qəzetimizi məzkur sərlövhə altında nəşr etməyə meyl olundu". Səid Ünsizadə "beş aydan bəri qiyami ətalətlə məsdər qalan" dedikdə heç də "Ziya"nın senzura tərəfindən bağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilin ortalarında yeni çap maşını alması ilə bağlı idi. Belə ki, yeni maşının alınması, quraşdırılması və işə salınması bir neçə ay çəkmişdi ki, Səid əfəndi "beş ay" dedikdə bunu nəzərdə tuturdu. Yeni mətbəənin quraşdırılması müddətində qəzetin nəşri redaktor tərəfindən müvəqqəti olaraq dayandırılmışdı.
Səid Ünsizadə 1883-cü ildə Şamaxıya qayıdana qədər "Ziya" mətbəəsinin yerləşdiyi Fomina küçəsində yaşamış və bütün mətbəə işlərini idarə etmişdir. 1880-ci ilə qədər "Ziya" mətbəəsini Səid Ünsizadə idarə edərkən, 1880-ci ildən 1890-cı ilə qədər bu işə oğlu Ağa Əfəndi rəhbərlik etmişdir. Həmin illərdə mətbəənin redaksiya işləri ilə Cəlal Ünsizadə məşğul olurdu. Səid Ünsizadə "Ziyayi-Qafqaziyyə" qəzetini 1882-ci ilə qədər şəxsən özü idarə edir. Şamaxıya köçən Səid Ünsizadə bu dövrdə "Ziya" mətbəəsi ilə uzaqdan maraqlanır, lakin mətbəədə Azərbaycan türkcəsini bilən işçilərin olmaması ilə bağlı çətinlik çəkirdi. O öz yerinə oğlu Ağa Əfəndi, qardaşı oğlu Seyfulla, yaxın qohumlarından İsmayıl bəy, Əbdürrəhim Ağa və Rizvan Topçubaşını təyin etmişdi. Səid Ünsizadə Bakı əyalətinə qazı təyin edilməsi səbəbindən 1883-cü ilin yanvarın 22-də Tiflisi tərk edərək Şamaxıya qayıdır. 1883-cü ildə isə mətbəə və qəzet Səid Ünsizadənin Şamaxıya köçməsi ilə ora köçürülür. Qəzetin Tiflisdən Şamaxıya köçürülməsi ilə bağlı Qafqaz Senzura Komitəsinin Səid Ünsizadəyə verdiyi sənəddə "Ziyayi-Qafqaziyyə" qəzetinin redaktoru və naşiri, Qafqaz Ruhani İdarəsinin üzvü Hacı Səid Əfəndi Ünsizadənin yuxarıda adı çəkilən qəzetin Tiflisdən Bakı quberniyasının Şamaxı şəhərinə köçürülməsində Senzura Komitəsi tərəfindən heç bir maneə görülməmişdir" şəklində icazə məktubu verilmişdir.