Azərbaycan kinematoqrafiyası — Azərbaycanda istehsal olunan filmlərdən ibarətdir. Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır.

Tarixi

Səssiz dövr Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət idi.

left|thumb|Aleksandr Mişon tərəfindən çəkilən "Bibiheybətdə neft fontanı yanğını" filmindən kadr

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi. 1924-cü ildə AFKİ ikiseriyalı "Qız qalası əfsanəsi" adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.

Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. Cəfər Cabbarlı, Mikayıl Mikayılov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya Vsevolod Pudovkin, Nikolay Şengelaya, Mixail Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Aleksandr Qalperin, İvan Frolov, Dmitri Feldman, Leonid Kosmatov, Yevgeni Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.

AFKİ sonralar "Azdövlətkino" (1926–1930), "Azərkino" (1930–1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935–1940), "Bakı kinostudiyası" (1941–1959) kimi adlar daşımışdır, 1961-ci ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır.

Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı 1920-ci illərdə Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah", "Vulkan üzərində ev", "Hacı Qara" kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir. XX əsrin 1920-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920-ci ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü", "Suraxanı neft mədənlərində yanğın", "Nəriman Nərimanovun dəfni", "Frunzenin iştirakilə Qızıl Ordunun manevri" və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.

1925-ci ildə rejissor Abbas Mirzə Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. 1920-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4–5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda Mikayıl Mikayılov, Aleksandr Makovski, Aleksandr Litvinov kimi istedadlı rejissorlar, Yakov Tolçan, İvan Tartakovski kimi operatorlar çalışırdılar.200px|thumb|right|"Bakılılar" filminin posteri 1930-cu illər

1930-cu illərdə Azərbaycan kinematoqrafında Seyfulla Bədəlov, Vladimir Yeremeyev, Ələsgər Ələkbərov və başqaları fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, Azərbaycanda neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir.

1930-cu illərin əvvəllərində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət", "Almaz" və "Yeni horizont", "Bakılılar", "Kəndlilər" və s.

1935-ci ildə Azərfilmin Moskvanın Mejraypromfilm kinostudiyası ilə birgə yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları Lev Sverdlin, Nikolay Kryuçkov, Yelena Kuzmina və başqaları çəkilmişlər. 1936–1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır. 1930-cu illərdə səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi. "Şöhrətli Azərbaycan" bir hissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən "Azərbaycan ekranı" kinojurnalı "Ordenli Azərbaycan" (ildə 36 nömrə) adı altında çıxmağa başladı, 1930-cu illərin səssiz filmlərindən tammetrajlı "Şərqə yol", "Azərbaycan incəsənəti" filmləri diqqətə layiqdir.

1940-cı illər

1940-cı ildə rejissorlar Mikayıl Mikayılov və Vladimir Yeremeyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyi münasibətilə "İyirminci bahar" sənədli filmini yaratdılar.

İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" kinonovellaları, Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi", vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə", müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" bədii filmləri çəkilmişdir.

İkinci dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları və operatorları cəbhə xəttinə gedərək əsgələrin qəhrəmanlığını lentə çəkirdilər. Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar, kinooçerklər də yaradıldı. "Vətən uğrunda", "Qayğı", "Məktuba cavab" və s. 1944-cü ildə Bakı kinostudiyası Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən "Xəzərilər" tammetrajlı sənədli filmini çəkdi.

1945-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar rejissor Hüseyn Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı sənədli filmini yaratdı. Həmin ildə Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər. Film SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir. "Arşın mal alan" filminə görə rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko, bəstəkar Üzeyir Hacıbəyov, aktyorlardan Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, Münəvvər Kələntərli və Lütfəli Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.

Müharibədən sonrakı illərdə "Sovet Azərbaycanı" (ildə 36 nömrə; "Ordenli Azərbaycan" kinojurnalının yeni adı) ilə yanaşı "Gənc nəsil" (ildə 4 nömrə) kinojurnalının da buraxılışına başlandı. 1945–50-ci illərdə sənədli kino sahəsində ssenaristlərin İmran Qasımov, Ədhəm Qulubəyov, rejissorlar Zeynəb Kazımova, Lətif Səfərov, operator Arif Nərimanbəyov, bəstəkarlar Qara Qarayev, Tofiq Quliyev və b. fəaliyyətə başladılar. Cənubi Azərbaycan xalqının 1945–1946-cı illərdə azadlıq mübarizəsindən bəhs edən "Arazın o tayında" tammetrajlı filmi diqqəti cəlb edirdi.200px|thumb|right|"O olmasın bu olsun" filminin posteri

1950-ci illər

1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində Bakı kinostudiyasının əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız "Fətəli xan" və "Bakının işıqları" bədii filmləri çəkilmişdir.

Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 1950-ci illərin ortalarından başlanır. Bu dövrdə milli ssenarist, rejissor, operator, rəssam kadrları yetişir. Onların çoxu Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar. Həmin illərdə bədii filmlərin çəkilişinin sayca çoxalması onların mövzu dairəsinin genişlənməsinə səbəb oldu. Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı: "Qızmar günəş altında", "Qara daşlar", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Onu bağışlamaq olarmı?", "Bizim küçə", "Böyük dayaq", "Telefonçu qız", "Ögey ana".

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə "Sovet Azərbaycanı" rəngli tammetrajlı sənədli filmi yaradıldı. Film 1951-ci ildə Kann kinofestivalı xüsusi mükafatına layiq görüldü. Sonrakı illərdə müasirlik mövzusu xalqın məişəti, əmək nailiyyətləri sənədli kino ustalarının yaradıcılığında başlıca yer tutmuşdu: "S. M. Kirov adına körfəzdə", "Azərbaycan elmi", "Bizim Azərbaycan".

"Bakı və bakılılar", "Azərbaycan mədəniyyətinin baharı", "150 il. Mirzə Fətəli Axundov" və digər sovet kinosu sənətinin görkəmli nümayəndələrindən sayılan "Xəzər neftçiləri haqqında dastan və "Dənizi fəth edənlər" filmlərini, rejissor Roman Karmen Bakı kinostudiyasında çəkmişdir. Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı əks olunmuşdur. Bu filmlərə görə rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov və Sergey Medınski Lenin mükafatına layiq görülmüşlər.

Bakı kinostudiyasında müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş "Bir məhəlləli iki oğlan" filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir. Partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır.200px|thumb|left|"Koroğlu" filminin posteri

1960-cı illər

1960-cı illərin əvvəllərindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. "Koroğlu" bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. "Səhər" filmi Bakıda 1905–1907-ci illər inqilabı hadisələrindən söhbət açır. "Mahnı belə yaranır" filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. "Məhəbbət dastanı" "Leyli və Məcnun" mövzuları əsasında çəkilmişdir.

"Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyil güclənmişdi. "Görüş", "O olmasın, bu olsun", "Romeo mənim qonşumdur", "Əhməd haradadır?", "Ulduz", "Arşın mal alan", "Qayınana" və s. filmlərdə bu ənənə davam etdirilmişdir.