Ziya Ərzuman oğlu Məmmədov () — Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri.

Həyatı Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlamışdır. 1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur.

1974–1980-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində daha sonra 1980–1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışmışdır.

1983–1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984–1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunmuşdur. 1987–1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989–1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləmişdir. 1991–1993-cü illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsində işləmişdirX

Ailəsi Ailəlidir, 2 övladı var. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayısı və Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatı Elton Məmmədovun qardaşıdır.

İctimai-siyasi fəaliyyəti 1993–1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-ci il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib.

Fəxri Dəmiryolçudur. Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür. Rusiya Federasiyası Dərbənd şəhərinin fəxri vətəndaşıdır.

Mükafatları 27.04.2012 — "Şöhrət" ordeni"Z. Ə. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2012-ci il tarixli Sərəncamı. e-qanun.az .

İstinadlar

Kateqoriya:Azərbaycanın nəqliyyat nazirləri Kateqoriya:Azərbaycan Dəmir Yollarının rəhbərləri