Ağa Əbdülhüseyn Dadaşov — Cümhuriyyət tələbəsi, siyasi mühacir.

Bakı Real Məktəbində orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, 1920-ci ildə öz hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Berlində gəmiqayırma ixtisası üzrə təhsil alıb. Aprel işğalından sonra Almaniyada yaşamağa davam edib. Sonrakı həyatı haqda məlumat yoxdur.

Həyatı Dadaşov Ağa Əbdülhüseyn Hacı Ağa Əliəsgər oğlu 1902-ci ildə Bakı şəhərində anadan olub. 1917–1919-cu illərdə Bakı Real Məktəbində orta təhsil alıb.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.

Ağa Əbdülhüseyn Dadaşov 1919-cu il noyabrın 8-də maarif nazirinə yazdığı məktubda, öz hesabına Darmştadt şəhərindəki Böyük Hersoq Politexnik İnstitutunun elektrotexnika fakültəsində ali təhsil almaq məqsədilə Azərbaycan Cümhuriyyəti tərəfindən xaricə göndərilməsini xahiş edib. 1920-ci il yanvarın 13-də Ağa Əbdülhüseyn Dadaşova Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi haqqında 572 saylı vəsiqə verilib.

Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.

Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Ağa Əbdülhüseyn bəy Almaniyaya gedib və Berlində gəmiqayırma ixtisası üzrə təhsil alıb. Ağa Əbdülhüseyn bəy digər cümhuriyyət tələbələrindən fərqli olaraq öz hesabına təhsil alıb. Aprel işğalından sonra Bakıya qayıtmayıb və Almaniyada yaşamağa davam edib. Sonrakı həyatı haqda məlumat yoxdur.

Ailəsi Dadaşovlar nəsli öz adını Maştağa sakini Ağa Dadaş bəydən alıb. Onun oğlu Hacı Şıxəli Dadaşov 1830-cu ildə anadan olub. Birinci gildiya taciri olub.

Hacı Şıxəli Dadaşov Ağa Əbdülhüseyn bəyin babasıdır. Ağa Əbdülhüseyn bəy Ağa Ələsgər Hacı Şıxəli oğlunun və Cəvahir xanım Hacı Nağı qızının ailəsində anadan olub.

Əbdülhüseyn bəyin qardaşı Şıxəli Dadaşov 1913-cü ildə Bakıda anadan olub. "Türkmənneft" istehsalat birliyinin baş direktoru olub. Göstərdiyi fəaliyyətə görə SSRİ dövlət mükafatı laueratı, Sosialist Əməyi Qəhrəmanı adlarını alıb. İki dəfə "Lenin" ordeni, İki dəfə "Qırmızı əmək bayrağı" ordeni bir dəfə isə "Oktyabr inqilabı" ordeni ilə təltif olunub.

Həmçinin bax Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Dadaşovlar