Zal Məmmədli və ya Zal Məmmədov () — azərbaycanlı inşaat mühəndisi, müəllim, siyasətçi, Cümhuriyyət tələbəsi.
Zal bəy Gəncə Kişi Gimnaziyasında orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Frayberq Dağ-Mədən Akademiyasında və Drezden Ali Texniki Məktəbində ali təhsil alıb.
Təhsil aldığı dövrdə Almaniyada Sovet Tələbələri Birliyinin Drezden bölməsinin sədri olub. Almaniya Kommunist Partiyasına üzv olub və "Adolf Bedke" adı ilə gizli siyasi fəaliyyət göstərib. Azərbaycana qayıtdıqdan sonra AKP BK yanında fəaliyyət göstərən Marksizm-Leninizm İnstitutunu bitirib.
Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi yanında Azərbaycan Dövlət Layihə İnstitutunun direktoru, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Kollegiyasının üzvü, Azərbaycan Dövlət Layihə İnstitutu direktorunun müavini olub. Sonrakı illərdə əvvəlcə K. Marks adına Xalq Təsərrüfatı İnstitutunun xarici dillər kafedrasının, sonra isə Azərbaycan Politexnik İnstitutunun xarici dillər kafedrasının müdiri olub.
Həyatı
İlk illəri 260x260px|thumb|left|Almaniyada təhsil alarkən, 1920-ci illər. Zal Məşədi Cavad oğlu Məmmədli 1898-ci il aprelin 3-də Şuşada anadan olub. 1906–1909-cu illərdə Ağdamda rus-tatar məktəbində təhsil alıb. 1909-cu ildə Gəncədə sülh hakiminin katibi işləyən qardaşı onu öz yanına aparıb. 1910-cu il yanvarın 30-dan 1918-ci il fevralın 20-ə qədər Gəncə Kişi Gimnaziyasında orta təhsil alıb. 1917-ci ildə Bakıda keçirilmiş Qafqaz müsəlman şagirdlərinin I qurultayında iştirak edib. 1917-ci ildən etibarən müəllimlik edib.
1918-ci ildə gimnaziyanı bitirdikdən bir müddət sonra hərbi xidmətə çağırılıb və Müsəlman Korpusunun tərkibində topçu kimi döyüşlərdə iştirak edib. 1918-ci il 28 mayda Azərbaycan Cümhuriyyəti qurulub. 1919-cu ildə Gəncə Hərbi Məktəbində xidmət edib. 1919-cu ildə hərbi xidməti bitdiyi üçün xidmətdən azad olunub.
Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.
Zal bəy də xaricdə ali təhsil almaq üçün seçilmiş tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Almaniyada 250px|thumb|right|Zal Məmmədli, Surxay bəy Şahsuvarov və Mürsəl bəy Şahsuvarlı Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Zal bəy Almaniyaya gedərək orada Frayberq Dağ-Mədən Akademiyasında təhsil almağa başlayıb. Azərbaycan Cümhuriyyəti dağıldıqdan sonra tələbələrin təqaüdləri kəsilib. Təhsilini davam etdirə bilmək üçün Zal bəy Mansfelddə mis və kömür mədənlərində və Bavariyada su-elektrik stansiyasının tikintisində işləyib. Kömür mədənlərində işləmək səhhətinə pis təsir etdiyi üçün 1923-cü ildə Frayberq Dağ-Mədən Akademiyasındakı təhsilini yarımçıq qoyub. Daha sonra Drezdenə gedib və Drezden Ali Texniki Məktəbinin inşaat fakültəsinə daxil olub. Almaniyadakı Sovet Tələbələri Birliyinin Drezden bölməsinin sədri olub. Almaniyada təhsil alarkən soyadını dəyişərək "Məmmədli" edib.
1926-cı il fevralın 1-də Almaniya Kommunist Partiyasına üzv olub. Bakıya qayıdana qədər "Adolf Bedke" adı ilə gizli siyasi fəaliyyət göstərib. Almaniya Kommunist Partiyası Saksoniya vilayət komitəsində fəhlələr üçün partiya məktəbində "Leninizm məsələləri" üzrə məşğələlər aparıb. 1928-ci ildə Drezden Ali Texniki Məktəbini inşaatçı mühəndis kimi bitirib.
SSRİ-də 1928-ci ilin noyabrında Moskvada Kominternə gedib və anketləri dolduraraq ÜK(b)P-na keçmək haqqında ərizə yazıb. Yazdığı ərizə qəbul olunub və Sovet İttifaqı Kommunist Partiyasına keçib. Ona Moskvada Dövlət Tikinti İdarəsində işləmək təklif olunsa da, o bunu qəbul etməyib və 1928-ci ildə Azərbaycan SSR-yə qayıdıb.
1928–1932-ci illərdə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi yanında Azərbaycan Dövlət Layihə İnstitutunun direktoru, 1932–1937-ci illərdə İnşaat İdarəsinin rəisi və Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Kollegiyasının üzvü, 1937–1938-ci illərdə SSR Nazirlər Soveti yanında Dövlət Plan Komitəsində inşaat bölümünün rəisi, 1938–1940-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İdarəsində abidələrin tikintisi üzrə rəisi, 1940–1943-cü illərdə Azərbaycan Dövlət Layihə İnstitutu direktorunun müavini və Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin baş mühəndisi olub.
Bakıya qayıtdıqdan sonra pedaqoji fəaliyyətlə də məşğul olub. 1930-cu illərdə Azərbaycan Sənaye İnstitutunda və Kommunal Təsərrüfat Nazirliyinin İnşaat Texnikumunda dərs deyib. 1943–1945-ci illərdə SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin Azərbaycan Tədris Kombinatının tədris hissəsi üzrə direktor müavini, 1945–1950-ci illərdə K. Marks adına Xalq Təsərrüfatı İnstitutunun xarici dillər kafedrasının müdiri olub. 1950–1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunda xarici dillər kafedrasında baş müəllim və müdir kimi işləyib. 1967-ci ildə təqaüdə çıxıb. 203x203px|thumb|Zal Məmmədli oğlu Rüstəm və həyat yoldaşı Bilqeyis xanım. 1946-cı il Borjomi. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin yanında fəaliyyət göstərən Marksizm-Leninizm İnstitutunu bitirib.
1969-cu il yanvarın 17-də Bakıda vəfat edib.
Ailəsi Zal bəyin atası Məşədi Cavad Məhəmməd oğlu Şuşada doğulub və tacir olub. Güllü Kərbəlayı Rüstəm qızı ilə ailə qurub. Bu evlilikdən 4 oğulları olub. Məşədi Cavad 1912-ci ildə vəfat edib. Güllü Kərbəlayı Rüstəm qızı isə 1926-cı ildə vəfat edib.
Böyük oğulları Talıb Məmmədli Azərbaycan Cümhuriyyəti Parlamentinin İdarəsində katib işləyib. Daha sonra Türkiyəyə köçüb. İkinci oğulları Mahmud Ağdamda tacir olub. Üçüncü oğulları Bəylər isə oftalmoloq professor olub. Akademik Abdulla Qarayevin bacısı Xırda xanımla ailə qurub.
Zal Məmmədli 1933-cü ildə əslən Bərdənin Əyricə kəndindən olan Bilqeyis xanımla ailə qurub. Bu evlilikdən 1934-cü ildə Adilə, 1935-ci ildə Rasim, 1940-cı ildə isə Rüstəm adlı övladları dünyaya gəlib.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Qafqaz müsəlman şagirdlərinin birinci qurultayının iştirakçıları