Şahtaxtı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndi Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şahtaxtı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Etimologiyası Vaxtilə bir ucu Araz çayına gəlib dirənən və "Qarahasar" deyilən böyük qala divarlarının əhatəsində yerləşmiş bu qədim yaşayış məskəninin sonralar niyə "Şahtaxtı" adlandırılması haqda hazırda yerli əhali arasında bir neçə maraqlı rəvayət, elm adamlarının, ərazidən keçmiş məşhur səyyah və tədqiqatçıların əsərlərində isə konkret fikir və mülahizələr var. Məsələn, Şahtaxtıda daha çox yayılmış rəvayətlərdən birində deyildiyinə görə, bu ad kəndə sonralar – Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin 1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra verilib. Bildirilir ki, Şirvanı ələ keçirən İsmayıl Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin Naxçıvana 30 min nəfərlik qoşunla yürüş etdiyi xəbərini alır və dərhal özünün 7 minlik seçmə qızılbaş süvarisiylə Naxçıvan istiqamətinə hərəkət edir. İndiki Şahtaxtına yaxın yerdə – "Şərur düzü"ndə qarşılaşan Səfəvilər özlərindən 4 dəfə artıq ağqoyunlulara qalib gəlirlər və bununla da qızılbaşların Təbrizə yolu açılır. 1501-ci ilin payızında Arazı keçərək Təbrizi tutan qızılbaşlar İsmayılı taxta çıxararaq, onu şah elan edirlər və bununla da Azərbaycan Səfəvi dövlətinin əsasını qoyurlar.
Şahtaxtıda əsrlərdir dildən-dilə keçən rəvayətə görə, İsmayıl Şirvandan Naxçıvana gələndə də və "Şərur düzü"ndəki qələbəsindən sonra da bu kəndin kənarında indi "İydəli Pir" adlandırılan, əsasən iydə ağaclarından ibarət meşəlikdə düşərgə salmış və buna görə də kənd sonralar "Şahı taxta çıxaran yer" – "Şahtaxtı" adlandırılmışdır...
Başqa rəvayətlər isə Şah Abbasın, Nadir Şah Əfşarın və Ağa Məhəmməd Şah Qacarın Azərbaycanın cənubunu Arazın məhz bu hissəsindən keçərək şimal istiqamətində hərəkət etmələri və müvəqqəti dayanacaq kimi Şahtaxtı ərazisini seçmələri ilə bağlıdır. Demək olar ki, hər üç şahla bağlı rəvayətlər mahiyyət etibarilə eyni məzmunu ifadə edir və kəndin adı da şah taxtlarının müvəqqəti olaraq bu ərazidə qurulması ilə izah olunur.
Tədqiqatçılar – Naxçıvan ərazisinin toponimlər sistemini araşdıran AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Onomastika" şöbəsinin müdiri, filologiya elmləri doktoru hörmətli Adil Bağırov isə "Naxçıvanın oykonimləri" adlı kitabında Şahtaxtı kəndinin həm xalq, həm də elmi etimologiyasını verib. O, xalq etimologiyasında "Şahtaxtı" sözünün "şahın taxtı", "şahın oturduğu yer" mənasında işləndiyini, elmi etimologiyada isə "hündür, uca yer" anlamını verdiyini yazıb. Tanınmış alim Q.Qeybullayevin "Şahtaxtı" sözünün farsca "şah" və Azərbaycanca "taxt" sözlərinin birləşməsindən əmələ gəlib, "dağ döşündə çıxıntı", "dağ döşündə düzənlik" kimi işləndiyi fikrinə istinad edən A.Bağırov yekunda özünün "hündür yerdə olan taxt, düzənlik" variantı üzərində dayandığını qeyd edib. O, fikrini belə əsaslandırıb ki, "Əlincəqala"nın zirvəsindəki düzənliyə də "Şahtaxtı" deyilir.
Digər tanınmış alim – hörmətli akademik Hacı Qadir Qədirzadə isə Babək rayonunun Cəhri kəndində "Şahtaxtı" adlı yerin olduğunu və Cəhridəki yerin daha çox Nadir şahın burada daş üzərinə çıxıb qoşununa müraciət etməsiylə bağlı rəvayətə əsaslandığını yazıb.
Azərbaycandakı yer və tayfa adlarının mənşəyindən bəhs edən üçcildlik topluda da "Şahtaxtı"nın izahı "dağ döşündə düzənlik" kimi verilib. Baxmayaraq ki, ərazini yaxşı tanıyanlar Şahtaxtının heç də dağlıq ərazidə yerləşmədiyini, daha çox maili təpəlik üzərində qərarlaşdığını bilirlər.
Bəlkə də elə ziddiyyətli məqamların çoxluğundandır ki, nə "Şahtaxtı"nın "dağ döşündə düzənlik" kimi izahını verən tədqiqatçılar yazdıqlarının həqiqət olduğunda israr ediblər, nə də xalq etimologiyasına əsaslanaraq "Şahtaxtı"nın "Şah taxtının qurulduğu yer" mənasında işləndiyi arqumenti üzərində duranlar söhbətin hansı şahdan getdiyini dəqiqləşdiriblər. Halbuki, indiyə qədərki elmi mənbələrdə adları çəkilən şahların Qafqaz istiqamətindəki marşrutları və düşərgə yerləri haqda kifayət qədər geniş məlumatlar, hətta xəritələr olsa da, hələlik onların sırasından yalnız Səfəvi Şahı İsmayılın "Şərur düzü"ndəki döyüş öncəsi Şahtaxtı kəndinə yaxın ərazidə düşərgə qurması faktı qeydə alınıb.
"Şahtaxtı" adının mənşəyi və tarixi haqda daha əsaslı, fundamental araşdırmalara aparıb çıxaracaq və indiyə qədərki rəvayətlərdən fərqli məlumata isə xüsusən İran tarixinin mükəmməl araşdırıcısı sayılan məşhur rus hərbi tədqiqatçısı Nikolay Konstantinoviç Smirnovun 1934-cü ildə yazılmış "Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar" kitabında rast gəlinir. Sonralar hərbi kəşfiyyatçı olduğu üzə çıxan N.K.Smirnov bu kitabında "Şahtaxtı" adının Şah İsmayıldan daha əvvələ – əsası XIV əsrdə qoyulmuş "Nemətullahi" dərvişlərinə gedib çıxdığını və kəndin adının da məhz özünü "Şah" adlandıran dərvişin təkyəsinin burada yerləşməsi ilə bağlı olduğunu göstərib. O, həmçinin kəndin yanında "Şah bağı" adlı yerin və Arpaçayından Böyük-Düz istiqamətində "Şah arxı" adlı köhnə kanalın olduğunu da yazıb və bütün bunların hamısının eyni kökdən qaynaqlandığı fikri üzərində durub.
Təəssüf ki, rus tədqiqatçısının, daha doğrusu, nəyi qeydə almağın vacibliyini çox yaxşı bilən bu hərbi kəşfiyyatçının gözəl bir elmi tədqiqat mövzusu olacaq qiymətli fikirləri müstəqillik dövründə belə, hansısa səbəblərdən Azərbaycan alimlərinin diqqətindən kənarda qalıb və əslində, Naxçıvanın və Şahtaxtının orta əsrlər dövründə İslam dəyərlərinin təbliğində tutduğu çox vacib əhəmiyyətə işıq salan olduqca mühüm bir faktın üzərindən sükutla keçilib.
Qeyd edək ki, biz də elə Şahtaxtının adının mənşəyi ilə bağlı daha çox məhz N.K.Smirnovun üzərində durduğu və indiyədək araşdırılmamış variant istiqamətində axtarışlar aparmaq qərarına gəldik və xeyli maraqlı tarixi hadisələrlə, faktlarla rastlaşdıq.
Tanınmış arxeoloq Qəhrəman Ağayev 1979–1987-ci illərdə Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparmış, bu abidənin daha qədim dövrlərə aid olması qənaətinə gəlmişdir.Агаев Г. Шахтахты в эпохе поздней бронзы и раннего железа. Баку-Москва, Ağrıdağ, 2002, 200 с.Ağayev Q.H. Şahtaxtının orta tunc dövrü. Bakı, Çaşıoğlu, 2010, 150 s. 2007-ci ildən sonra başlayan arxeoloji qazıntılarla onun bu fikri təsdiqləndi.Ağayev Q.H. Nuh tufanından sonrakı yaşayış məskənləri – Şahtaxtı // Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan. 24–25 aprel 2009-cu il, Beynəlxalq simpoziumun materialları. Naxçıvan: 2010.Ağayev Q.H. Şahtaxtıda arxeoloji ekspedisiyasının 2009-cu il qazıntılarına həsr olunmuş hesabat // Azərbaycanda arxeoloji tədqiqatlar — 2010Ağayev Q.H. Şahtaxtı arxeoloji kompleksində 2010-cu il tədqiqatları // Azərbaycanda arxeoloji tədqiqatlar. — 2011Ağayev Q.H. Şahtaxtı abidələrində arxeoloji tədqiqatlar // Azərbaycanda arxeoloji tədqiqatlar. — 2011Ağayev Q.H. Şahtaxtıda arxeoloji araşdırmalar // Azərbaycanda arxeoloji tədqiqatlar — 2012Ağayev Q.H. Şahtaxtı arxeoloji kompleksinin orta tunc dövrü // Azərbaycan arxeologiyası, 2010 cild 13, N1Ağayev Q.H. Şahtaxtıda aşkar olunmuş fauna qalıqları və zoomorf tapıntılar // AMEA Naxçıvan bölməsi, Xəbərlər, cild 7, N3, Naxçıvan, 2011Ağayev Q.H. Qədim Şərq Şirli saxsı nümunələrinin yayılma istiqamətləri // Qloballaşma və Azərbaycan. Beynəlxalq konfrans. AMEA Fəlsəfə və Hüquq institutu. Bakı, 2012
Tarixi İlk məskunlaşma dövrü keçən bir kəndin maraq və heyrət dolu tarixi...
Son vaxtlar istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi haqda geniş məqalələr, kitablar yazılır. Daha çox Şahtaxtıdan çıxan tanınmış şəxslərin özləri, ata-babaları barədə xatirə üslubunda yazılan bu məqalə və kitablarda, təəssüf ki, əksər məqamlarda kəndin özünün tarixi və adının mənşəyi ilə bağlı doğru olmayan, səthi xarakterli mülahizələr üzərində dayanılır, tədqiqatçıları yanlış istiqamətə yönəldən fikirlərə rəvac verilir. Halbuki, Azərbaycanın elmi-mədəni, ictimai-siyasi həyatında fövqəladə rol oynayan şəxsiyyətlər yetişdirməsiylə diqqət çəkən bu kənd həm də Naxçıvanın mühüm tarixi hadisələrə şahidlik edən ən qədim yaşayış məskənlərindən biri olub. Elə məhz qədim ənənələrə, deməli, həm də sağlam kökə, özülə sahibliyi səbəbindəndir ki, Şahtaxtı kəndinin adı Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixində silinməz izlər qoyan yurd yeri kimi indi də seçilir, fərqlənir.
Araşdırmalar göstərir ki, tarixən bu kənd Naxçıvandan İrana, İrandan Naxçıvana gedib-gələn qədim karvan yolunun üzərində yerləşən əsas məntəqələrdən sayılıb. Üzərində taxta və dəmir körpülər tikilənədək, at və dəvə karvanları Araz çayının məhz bu hissəsindən – indiki Şahtaxtı kəndinin cənubundan suyu rahat şəkildə adlaya bilir, o tay-bu taya keçirdilər. Kəndin yaşlı nəsil nümayəndələrinin söylədiklərinə görə, Türkiyənin Bingöl dağlarından, təxminən, 3 min metr yüksəklikdən başlayan Araz çayının suyu Şahtaxtının cənubundan keçən hissəsində aramlaşar, xüsusən yay və payızın ilk ayında isə heç atların dizlərinə də çatmazmış.
Şahtaxtının ibtidai insanların məskən saldığı ən qədim yaşayış məntəqələrindən biri olması ehtimalı hələ 1936-cı ildə arxeoloq Ə. Ələkbərov tərəfindən aparılan arxeoloji qazıntılar zamanı konkret dəlil-sübutlarla da təsdiqini tapıb. Qazıntılar zamanı tapılan Tunc dövrünün müxtəlif mərhələlərinə aid maddi mədəniyyət nümunələrini analiz edən alimlər bu qənaətə gəliblər ki, Şahtaxtı hələ b.e.ə. VI–IV minilliklərdən başlayaraq, intensiv istifadə olunan, e.ə. II minillikdən isə ətrafı qala divarlarıyla möhkəmləndirilmiş yaşayış məskəni olub.
Qeyd edək ki, həm 1936-cı ildə, həm də ondan sonrakı illərdə aparılan tədqiqat və qazıntılar barədə istər elmi ədəbiyyatda, istərsə də son dövrkü kitab və məqalələrdə geniş bəhs edildiyindən, təkrarçılığa yol verməmək məqsədiylə biz bu haqda danışmayacağıq. Çünki Şahtaxtıdan bəhs edən əksər yazıların girişi, demək olar ki, Azərbaycan Sovet Ensiklopediyasının X cildində və Naxçıvan Ensiklopediyasında bu kəndlə bağlı əks olunmuş fikirlərin təkrarından başqa yeni bir şey deyil.
Bizim üzərində dayanmaq istədiyimiz məsələ isə daha çox "Şahtaxtı" adının mənşəyi və bu kəndin əsasını qoyan tayfalarla bağlıdır.
Məlumat üçün bildirək ki, orta əsrlərdə el arasında dərviş kimi tanınan şəxslər, əslindəsə sufi təriqətlərinin təmsilçiləri öz ideyalarını yaymaq üçün mühüm ticarət və karvan yollarının üzərini seçər, orada özlərinin təkyə, xanəgah adlandırdıqları məntəqə və mərkəzləri qurardılar. Əsas yaşayış məntəqələrindən nisbətən aralıda qurulan bu təkyə və xanəgahlar sufi dərvişlərinin fövqəladə qabiliyyətləri və mükəmməl dini-dünyəvi bilgiləri sayəsində tez bir zamanda insanların toplaşdıqları, inam, ümid yeri kimi baxdıqları ünvanlara, onların ölümlərindən sonra isə pirlərə çevrilərdi.
Yuxarıda qeyd etdiyimiz kimi, indiki Şahtaxtı kəndi orta əsrlərdə Şimal-Cənub və Şərq-Qərb istiqamətində ən çox istifadə olunan karvan yolunun üzərində yerləşib. Kənd elə bir coğrafi nöqtədə qərarlaşıb ki, cənubdan Araz çayını keçib şimal istiqamətində hərəkət edən karvan Şərqdən Qərbə gedən Qədim İpək Yoluna çıxmaq üçün mütləq şəkildə buradan keçməlidir.