Mircəfər Abbas oğlu Bağırov () — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953); Azərbaycan SSR Nazirlər Sovetinin sədri (aprel–avqust 1953); Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1933–1950), Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan Fövqəladə Komissiyasının sədri (1921–1926).
Onun hakimiyyət illəri Stalinin Böyük təmizləmə kampaniyası illərinə təsadüf edir. Onun adı Sovet ədəbiyyatında adətən 1930-cu illərin kütləvi repressiyaları ilə əlaqədar hallanır, adətən 1937-38 illərdəki repressiyalarda Bağırovun adı təşəbbüskar kimi göstərilir. Yenidənqurma dövrü və ondan sonrakı dövrün ədəbiyyatı M.Bağırovun baş verənlərə görə məsuliyyət dərəcəsinin aydın tərifini heç vaxt vermədi. Azərbaycanın rəhbəri olduğu iyirmi il ərzində onun özü bütün təmizləmələrdən yan keçə bildi və müxtəlif xarakterli siyasi təhlükələri kifayət qədər uğurla dəf etdi. İsveçli politoloq Svante Kornel onu "azərbaycanlı Stalin", Sovet-Rusiya tarixi professoru D.Y.Furman isə "azərbaycanlı Beriya" adlandırmışdır.
26 aprel 1956-cı ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-2 və 70-ci maddələri ilə məhkum edilmiş, həmin il mayın 26-da isə güllələnmişdir.
Bioqrafiyası Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində atası Mirabbas və anası Yaxşı xanımın kiçik övladı kimi azərbaycanlı ailəsində dünyaya gəlmişdir. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur. Bağırovlar şiə müsəlmanı idilər, bunu adın qarşısındakı "Mir" prefiksi də sübut edir ki, islamın bu cərəyanının müəyyən nümayəndələri onu daşımaq hüququna malik idilər (bu prefiks atasının, bütün doğma əmilərinin və hətta ögey əmilərinin adında mövcuddur). Bəzən M.Bağırovun özü, ölkədə hökm sürən ateizm şəraitində seyid mənşəyini (Məhəmməd peyğəmbərin nəslindən olduğunu) bəyan etmək istəməyərək, anketləri doldurarkən adını yalnız "Cəfər" olaraq yazırdı.
Bağırovun sosial mənşəyi axıra qədər aydın deyil. O, 1922-ci il tarixli siyahıyaalma sənədində ata tərəfdən babasının və atasının "əkinçi, tək-tənha təsərrüfat sahibləri" olduğunu yazmış, 1923-cü il tərcümeyi-halında isə "ən kasıb ailədə" doğulduğunu qeyd etmişdir. 1937-ci il kadrların uçotu üzrə şəxsi vərəqəsində isə valideynlərinin inqilabdan əvvəlki əsas məşğuliyyəti qrafasını "Kasıb kəndli" ifadəsi ilə doldurmuşdur. Bağırov yalnız bir anketdə anasının zadəgan qızı olduğunu qeyd etmişdir. E.İsmayılov isə Bağırovun anasının müflisləşmiş bəy ailəsindən ola biləcəyi ehtimalını irəli sürürdü. 1954–1955-ci illərdə M.Bağırovun işi üzrə alınan ifadələr onun "Quba qəzasının ən nüfuzlu din xadimi"nin oğlu olduğuna dəlalət edirdi..
Erkən yaşları 1907-ci ilə qədər M.Bağırov mollaxanada oxumuşdur. O qeyd edirdi ki, burada Quran, fars dili və ədəbiyyatı öyrədilirdi. 1907-ci ildə Bağırov üçillik Quba ibtidai məktəbində, daha sonra isə 1913-cü ildə bitirdiyi dördillik ali ibtidai məktəbdə təhsil almışdır. Elə həmin il onun atası vəfat edir. Bağırovun yazdığı kimi, "hər cür vəsaitin yoxluğu" təhsilini daha da davam etdirməyə mane olurdu. Buna baxmayaraq, o, dövlət hesabına Port-Petrovska ikiillik pedaqoji kurslara yollanır və bu kursları bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayır. 1915-ci ildə M. Bağırov əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlamışdır. 1915–1917-ci illərdə M. Bağırov Nəcəfkənd, Quba şəhər məktəblərində müəllimlik etmişdir.
BSE 2-ci nəşrinə əsasən, M.Bağırov 1915-ci ildən inqilabi hərəkatda iştirak edib. 1950-ci illərdə öz işi üzrə istintaq olunarkən, Bağırov dindirilmə zamanı bolşeviklər partiyasına 1917-ci ilin martında Qubada daxil olduğunu bildirsə də, 16 noyabr 1920-ci ildə yenidən qeydiyyatdan keçərkən başqa məlumat qeyd etdiyi, qeydiyyat tarixini 1918-ci ilin iyun ayı, Bakı göstərdiyi məlum olub. Sonda müstəntiqlər Bağırovun partiyaya qəbul olunduğu dəqiq tarixi və yeri müəyyən edə bilməyiblər.
QULAQ Tarixi Dövlət Muzeyinin direktoru işləmiş tarixçi A.Antonov-Ovseyenko "Beriya" adlı əsərində tamamilə fərqli və tam əks bir bioqrafiya təqdim etmişdir. O yazırdı ki, Mir Cəfər Bağırovun əsl adı məlum deyil və o, böyük qardaşının adını mənimsəyib. Müəllifin yazdığına görə, "həqiqi" Mir Cəfər Bağırov kənd müəllimi işləyib və bolşeviklərlə sıx bağlı olub, "kiçik" Bağırov isə Lenin ideyalarını bölüşməyərək o dövrdə müsavatçılara qoşulub. A.Antonov-Ovseyenkonun versiyasına görə, Bakıda "həqiqi" Mir Cəfər Bağırovu üzdən tanımırdılar. Azərbaycanda Sovet hakimiyyəti qalib gəldikdən sonra "kiçik Bağırov" böyük qardaşının yanına gedərək dağ dərəsində bədbəxt hadisə görüntüsü yaradaraq onu öldürüb. Öldürülən şəxsin sənədlərini mənimsəyən "saxta" Mir Cəfər Bağırov yerli Fövqəladə Komissiyaya (ÇK) komendantlıq əməkdaşı kimi işə qəbul olunub. Antonov-Ovseyenko Daxili İşlər Nazirliyinin general-leytenantı N.K.Boqdanovun prokurora verdiyi bu məlumatı sitat gətirir: "Bağırov etiraf edib ki, hələ 1917-ci ildən əvvəl doğma qardaşı ilə birlikdə çar hakimiyyətindən Cənubi Azərbaycana (İran) qaçıb. Böyük bir mübahisə zamanı Bağırov qardaşını öldürüb və onun sənədlərini ələ keçirib. Fevral inqilabından sonra o, vətənə qayıdıb. Öldürülən qardaşına çox bənzəməsi ona bu yalanı uzun müddət gizlətməyə imkan verib". Lakin bu gətirilən faktlar etibarlı mənbələrə əsaslanmır və bir çox faktlar müvafiq informasiya qaynaqları ilə təsdiqlənmir. Üstəlik, Antonov-Ovseyenko özü də bu iki versiya arasındakı bəzi detalların uyğunsuzluğuna işarə edir, lakin mahiyyətin eyni, qardaş qətli olduğunu hesab etməyə meyil göstərir.
ÜİK(b)P MK qərarı ilə M. Bağırov 1930-cu ilin sentyabrında Moskvaya ÜİK(b)P MK yanında marksizm-leninizm kursunda oxumağa göndərilir. O, 1932-ci ilin fevralında kursu müvəffəqiyyətlə bitirmiş və ÜİK(b)P MK aparatında məsul təlimatçı təyin edilmişdir.
Şəxsi həyatı Mircəfər Bağırov doğma Azərbaycan dili ilə yanaşı ləzgi və rus dillərini də təmiz bilirdi. MKİ-nin məlumat kitabında Bağırov haqqında belə yazılmışdı:
Bağırov içki içir, siqaret çəkir və insanlarla asanlıqla ünsiyyət qururdu. O, nəzəriyyəçi deyil, işgüzar və təşkilatçı idi. Beriyadan sonra Daxili İşlər Nazirliyinin fəaliyyətinə ən yaxşı bələd olan şəxs Bağırov idi. Stalini və Beriyanı sevən Bağırov Şərq siyasətçiliyinin parlaq nümayəndəsi idi. O, Yaxın və Orta Şərqi, orada yaşayan xalqların tarixini və psixologiyasını yaxşı bilirdi. Bağırov İranda, Cənubi Azərbaycanda və Yaxın Şərqin ərəb dövlətlərində SSRİ-nin təxribat xarakterli işlərinin baş təşkilatçısı idi. Sovet kəşfiyyatı bu bölgədə onunla sıx təmasda fəaliyyət göstərirdi.
Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən 1918-ci ildə orada tibb bacısı işləyən Mariya Serqeyeva adlı sadə bir qızla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat etmişdir.
M.Bağırov 1930-cu ildə milliyyətcə yəhudi olan Yevgeniya Mixaylovna Qelman ilə ailə qurur və bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir (Vladimir) aviasiya məktəbində təhsil almış, İkinci dünya müharibəsində pilot kimi iştirak etmiş və 1943-cü ildə döyüş əməliyyatında həlak olmuşdur. Digər oğlu professor, elmlər doktoru Cen Bağırov isə Bakıda 10-cu sinifə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukovski adına Aviasiya Akademiyasında təhsil almış, 1953-cü ildən isə təhsilini Kənd Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 39 yaşında olarkən doktoranturanı bitirən Cen daha sonra elmi fəaliyyətlə məşğul olur. 1994-cü ildə Moskvada vəfat etmişdir. Yevqeniya Bağırova isə 1997-ci ildə vəfat edib. M.Bağırovun yeganə nəvəsi, Cen Bağırovun oğlu Mircəfər Bağırov isə Moskvada dərmançılıq sahəsində işləmiş, 27 yaşında ikən Hindistana ezamiyyəti zamanı 2005-ci ildə avtomobil qəzasında həyatını itirmişdir.
Rusiyada inqilab və vətəndaş müharibəsi 1917-ci il Fevral inqilabı dövründə M. Bağırov inqilabi fəaliyyətə başlamış, Qubada əsgər və kəndli deputatları sovetinin yaradılması, fəhlə və kəndli ittifaqının möhkəmlənməsi kimi bir sıra işlərdə iştirak etmişdir. Fevral 1917-ci ildən 1918-ci ilin payızına qədər olan dövr Bağırovun bioqrafiyasında ən qeyri-müəyyən dövr olaraq qalır. Fevral inqilabından sonra o, Quba şəhərinin ikinci (yəhudi) hissəsinin komissarı təyin edildi. Məlumdur ki, o, 1917-ci ildə Quba qəza komissarı, böyük mülkədar, kapitan Əli bəy Zizikskinin müavini olub və Bağırovun öz sözlərinə görə, sentyabr ayına qədər bu vəzifədə çalışıb. Qlavlit (Ədəbiyyat və Nəşriyyat İşləri Üzrə Baş İdarə) əməkdaşı, Bağırovun ifşası ilə məşğul olmuş və buna görə repressiyaya məruz qalmış SSRİ DTN (Dövlət Təhlükəsizlik Nazirliyi) təqaüdçüsü Sadıq Qafarlının ifadəsinə görə: «…birinci imperialist müharibəsi zamanı Bağırov çar ordusunda, Vəhşi diviziyada xidmət edib…».
1917-ci il noyabrın 15-də Petroqradda Müvəqqəti Hökumətin devrilməsindən bir həftə sonra, Bakıda Bakı Fəhlə, Kəndli və Əsgər Deputatları Soveti (Bakı Soveti) yaradıldı. 1918-ci ilin yazına doğru şəhərdəki müxtəlif siyasi qüvvələr arasındakı qarşıdurma öz kulminasiya nöqtəsinə çatdı. 1918-ci ilin martında bolşeviklərdən və sol eserlərdən ibarət Bakı Soveti, erməni "Daşnaksutyun" partiyasının silahlı dəstələrinin və sağ eserlərin dəstəyi ilə yerli müsəlmanlara qarşı törədilmiş qırğınlar nəticəsində Bakıda öz hakimiyyətini bərqərar etdi. Tezliklə bolşevik D. Qelovaninin başçılıq etdiyi dəstənin daxil olduğu Qubada bolşeviklərlə yerli ləzgilər arasında döyüşlər başladı və bu döyüşlər bolşevikləri şəhəri tərk etməyə məcbur etdi. Onların ardınca oradakı ermənilər də şəhərdən getdilər. Aprel ayında bura Amazasp Srvantsyan və bolşevik komissar Venuntsun komandanlığı altında böyük bir daşnak dəstəsi hücum etdi. Bura "öldürülən ermənilərin qisasını almaq" üçün gəldiyini deyən Amazasp bəyan etdi ki, ona "Xəzər sahillərindən Şahdağa qədər bütün müsəlmanları məhv etmək" əmr olunub. Amazaspın quldur dəstələri tərəfindən Quba rayonunda 122 kənd yandırıldı. M.Bağırovun özü də bu dəstənin tərkibində idi. Bu barədə xatırlayarkən o yazırdı: "Böyük təəssüfümə rəğmən, iradəmdən kənar şəkildə Qubada baş verən həmin o dəhşətli mənzərənin şahidi olmalı oldum... Mən hətta öz qohumlarımı belə xilas edə bilmədim. 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu Mir Haşım, kürəkəni Hacı Heybət və bir sıra digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər". Onu oraya gətirib çıxaran səbəblər barədə o, 1954-cü ildə SSRİ Baş Prokuroru Roman Rudenkonun apardığı dindirilmə zamanı belə izahat verirdi:
Mən bu dəstəyə Bakı Xalq Komissarları Sovetinin Dağıstandakı fövqəladə müvəkkili yoldaş Naneyşvilinin əmri ilə qoşulmuşdum; o, bir kommunist kimi mənə daşnaklar tərəfindən daha az vəhşilik törədilməsinə nəzarət etməyi tapşırmışdı. Mən bu dəstədə təxminən bir həftə qaldım. Bu dəstə Bakı Xalq Komissarları Soveti tərəfindən Qubanı azad etmək üçün göndərilmişdi. Doğrudur, bu bir həftə ərzində daşnaklar çoxlu günahsız insanı qətlə yetirdilər.
1918-ci ilin mart-may aylarından sonra M. Bağırov gizli fəaliyyətə keçir və Bakıya gəlir. Bakıda sovet hakimiyyəti 1918-ci ildə devrilir və M. Bağırov bu zaman Petrovun dəstəsinin qalıqları ilə birlikdə Həştərxana gedir.
Bağırov 1919-cu ilin mart ayında Moskvada keçirilən I Kommunist Beynəlmiləl Konqresində iştirak etmiş və məşvərətçi səs hüququna sahib olan Azərbaycan kommunistlərini təmsil etmişdir.
Həştərxandakı fəaliyyəti 1918–1920-ci illərdə M. Bağırov Həştərxanda dəmir polkun partiya kollektivinin katibi, Birinci müsəlman polkunun hərbi komissarı, XI Ordunun Hərbi İnqilab Şurasının tapşırıqlarını yerinə yetirən işçi, xüsusi təyinatlı dəstənin hərbi komissarı, Qafqazda sovet hakimiyyəti qurulması üzrə Qafqaz bürosunun əməkdaşı, Qafqaz korpusu hərbi inqilabi şurasının müvəkkili vəzifələrində çalışmışdır.
Buradakı fəaliyyətinə görə 1920-ci ilin əvvəllərində RSFSR MİK tərəfindən Qırmızı bayraq ordeni ilə mükafatlandırılmışdır.