Zeynal bəy Əlizadə, Zeynal Akkoç və ya Ağa Zeynalabdin Əliyev () — ilk peşəkar azərbaycanlı heykəltəraş, rəssam, tərcüməçi və Cümhuriyyət tələbəsi.
Bakı Real Məktəbində və Moskva Kommersiya İnstitutunda təhsil alıb. Azərbaycan Cümhuriyyəti dövründə Poçt və Teleqraf Nazirliyində xüsusi tapşırıqlar üzrə məmur işləyib, dövlət atributlarının hazırlanmasında iştirak edib. Azərbaycanın ilk poçt markalarının eskizlərini və Parlamentin açılışı münasibətilə deputatlara təqdim olunan xatirə medalını hazırlayıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin qərarı ilə dövlət hesabına xaricə göndərilərək 1920–1923-cü illərdə İtaliyanın Peruca İncəsənət Akademiyasında ali təhsil alıb.
Aprel işğalından sonra Azərbaycana qayıtmayıb. İtaliya, Fransa və Türkiyədə yaşayıb, azərbaycanlı siyasi mühacirlərlə əlaqə saxlayıb. Türkiyədə İqtisadiyyat Nazirliyi nəzdindəki Sənaye Tədqiq Heyətində, Türkiyyat İnstitutunda və Kuleli Hərbi Liseyində çalışıb.
Heykəltəraşlıq fəaliyyəti çərçivəsində Atatürkün büstünü və heykəlini, eləcə də bir neçə xatirə medalını hazırlayıb. Türkiyə mətbuatında yüzə yaxın yazısı, rus dilinin tədrisinə dair "Okuma kitabı" və "Rusça-Türkçe Sözlük" kitabları, həmçinin xarici ədəbiyyatdan tərcümələri nəşr olunub.
Həyatı 236x236px|thumb|1910-cu illər İlk illəri Ağa Zeynalabdin bəy Kərbəlayı Hacıağa bəy oğlu Əlizadə 1894-cü il mayın 6-da Bakıda anadan olub. 1905–1915-ci illərdə Bakı Real Məktəbində orta təhsil alıb. 1916-cı ildə Moskva Kommersiya İnstitutunun iqtisad bölməsinə daxil olub. Fevral inqilabından sonra ali məktəblərin fəaliyyətinin dayandırılmasına görə 1918-ci ilin payızında Bakıya qayıdıb.
Azərbaycan Cümhuriyyəti dövründə 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Həmin il oktyabrın 15-də poçt və teleqraf naziri Ağa Aşurovun imzaladığı əmrlə Zeynal bəy Əlizadə oktyabrın 1-dən etibarən nazir yanında xüsusi tapşırıqlar üzrə məmur vəzifəsinə təyin edilib.
Hökumətin 1919-cu il 23 mart və 1920-ci il 30 yanvar tarixli qərarları əsasında dövlət gerbi, hərbi orden və medallar, eləcə də dövlət möhürü layihələrinin hazırlanması üçün elan olunan müsabiqələrdə iştirak edib. Layihələri əsasında hazırlanan döş nişanları və xatirə medallarında parlament binası, bayraq, aypara, səkkizguşəli ulduz, doğan günəş və gül çələngi təsvir olunub. 160px|thumb|left|Valideynləri ilə birlikdə Cümhuriyyətin dövlət atributlarının hazırlanmasında iştirak edib, dövlət gerbinin qəbul olunmayan variantını, dövlət möhürünü, döş nişanlarını və poçt markalarını hazırlayıb. 1919-cu il oktyabrın 22-də dövriyyəyə buraxılan ilk Azərbaycan poçt markalarının eskizlərinin müəllifi olub. Parlamentin açılışı münasibətilə deputatlara təqdim olunan medalı da o hazırlayıb.
1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislər hazırlamaq məqsədilə 100 azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi haqqında qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.
Zeynal bəy bu proqramda iştirak etmək üçün Xalq Maarif Nazirliyinə müraciət edib. Ərizəsində Moskva Kommersiya İnstitutunun iqtisad fakültəsinin beşinci semestrində oxuduğunu bildirib və təhsilini dövlət hesabına Frankfurt-Mayndakı Siyasi-İqtisadi Akademiyada davam etdirmək istədiyini qeyd edib. Bu mümkün olmadığı halda, memarlıq və heykəltəraşlıq üzrə təhsil almaq üçün İtaliyanın Toskana bölgəsinə və ya Romaya göndərilməsini xahiş edib. Müraciətindən sonra xaricdə dövlət hesabına təhsil almaq üçün seçilən tələbələr sırasına daxil edilib.
1919-cu ilin dekabrında təqdim etdiyi iltizamnamələrdə təhsilini bitirdikdən sonra hökumətin təyinatı ilə göstərilən yerdə dörd il işləyəcəyinə və oxuduğu ölkədə siyasi və ya partiya fəaliyyətinə qoşulmayacağına dair söz verib. 1920-ci il yanvarın 13-də ona xaricə dövlət hesabına ali təhsil almağa göndərilməsi haqqında 521 saylı vəsiqə verilib.
Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti qarşılayıb. Topçubaşı tələbələr qarşısında çıxış edərək onlara tövsiyələr verib və uğurlar arzulayıb.
Parisdə bir müddət qaldıqdan sonra tələbələr təhsil alacaqları şəhərlərə yollanıblar. Zeynal bəy İtaliyaya gedərək Peruca İncəsənət Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil almağa başlayıb. Təhsil haqqını ödəməkdə çətinlik çəksə də, yerli tanınmış şəxslərdən sifarişlər alıb və əsərlərindən ibarət fərdi sərgi keçirib. Bu dövrdə Lüdviq van Bethovenin və opera müğənnisi Sigizmund Zelevskinin büstlərini hazırlayıb.160px|thumb|right|Cümhuriyyət tələbələri Münxendə 1924-cü il. Ayaq üstə duranlar arasında soldan ikinci Zeynal bəydir.Dördillik təhsil proqramını iki il iki aya tamamlayaraq 1923-cü ildə ali təhsilini başa vurub. Təhsil illərində elmi jurnallarda məqalələri dərc olunub və müxtəlif sərgilərdə iştirak edib. İlk peşəkar Azərbaycan heykəltəraşı kimi tanınıb.
Mühacirətdə Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra vətənə qayıtmayıb. İtaliyada daimi iş tapa bilmədiyindən bir müddət təsadüfi işlər görərək və əsərlərini sataraq dolanıb. Kilsədə yaşadığı dövrdə kilsə məktəbində tarix və coğrafiya fənlərini tədris edib. Keşişlərin onu xristianlığı qəbul etməyə yönəltmək istədiklərini gördükdən sonra oranı tərk edib.
Romada bir müddət yaşadıqdan sonra Parisə köçüb və burada beş il çalışıb. Bu illərdə Fransa və ABŞ məcmuələrində yazıları və rəsmləri dərc olunub. Mühacirətdə yazıçı, publisist Ceyhun bəy Hacıbəyli ilə əlaqə saxlayıb. Hacıbəylinin arxivində ona ünvanladığı üç məktub aşkarlanıb.
Zeynal bəyin 1930-cu illərin əvvəllərində Türkiyəyə köçdüyü ehtimal olunur. Türkiyə Soyad qanununun qəbulundan sonra "Akkoç" soyadını götürüb.
1940-cı il noyabrın 18-də Türkiyənin İqtisadiyyat Nazirliyi nəzdindəki Sənaye Tədqiq Heyətində rəssam kimi işə başlayıb. 1943-cü il dekabrın 1-dən 1947-ci il noyabrın 30-dək Türkiyyat İnstitutunda tərcüməçi vəzifəsində çalışıb. "Ulus" qəzetinin 1949-cu il 2 noyabr tarixli xəbərinə görə, Nazirlər Kabinetinin xarici dil bilən dövlət məmurlarını imtahan etmək üçün yaratdığı komissiyalardan italyan dili üzrə komissiyaya Cüzeppe Qarino və Evi Bak ilə yanaşı, Zeynal Akkoç da daxil edilib. Son iş yeri Kuleli Hərbi Liseyi olub. Burada xarici dil, ehtimal ki, rus dili müəllimi kimi çalışıb və 1961-ci il iyulun 14-də təqaüdə çıxıb.
1968-ci il avqustun 11-də vəfat edib və Qaracaəhməd qəbiristanlığında dəfn olunub.
Yaradıcılığı
Heykəltəraşlıq və medal sənəti 180x180px|thumb|Zeynal bəy Perucadakı emalatxanasında Sigizmund Zelevskinin büstünü düzəldərkən. Zeynal bəy Türkiyədə heykəltəraşlıq və medal sənəti sahələrində fəaliyyətini davam etdirib. 1933-cü ildə Türkiyə Cümhuriyyətinin onuncu ildönümü münasibətilə buraxılan medalın layihəsini hazırlayıb. Həmin medaldan yarım milyona yaxın nüsxə istehsal olunub.
"Cumhuriyet" qəzetinin 1934-cü il 18 may tarixli sayında onun hazırladığı Atatürk büstünün qəzetin onuncu ildönümü münasibətilə redaksiya binasının bağçasında ucaldılması barədə xəbər dərc olunub. Büstün təməlini mayın 17-də qəzetin baş redaktoru Yunus Nadi Abalıoğlu qoyub. Həmin il İran şahının Türkiyəyə səfərinə həsr olunan xatirə medalını da hazırlayıb.
1937-ci ildə Turqutluda ucaldılan Atatürk heykəlinin müəllifi olub. "Ulus" qəzetinin 1943-cü il 19 may tarixli sayında İstanbulun fəthinin 490-cı ildönümü münasibətilə medal hazırladığı barədə məlumat verilib. Heykəltəraşlıqla yanaşı, rəssamlıqla da məşğul olub.
Mətbuat və tərcümə fəaliyyəti 1933-cü ildən İstanbulda azərbaycanlı mühacirlərin nəşr etdirdiyi "Azərbaycan Yurd bilgisi" jurnalında "Heykəltəraş Zeynal A. Saray" və "Zeynal Akkoç" imzaları ilə məqalələri yayımlanıb. Teyyub Qurban onun "Saray" təxəllüsündən istifadəsini əslən Saraydan olması ehtimalı ilə əlaqələndirib.
Türkiyə mətbuatında yüzə yaxın yazısı dərc olunub. "Cumhuriyet" qəzeti, "Fotomagazin", "Türk Sanatı", "Şadırvan", "Yarım ay", "Resimli ay", "Azerbaycan Yurt Bilgisi" və "Azerbaycan" jurnallarında sənətşünaslıq, rəssamlıq və heykəltəraşlıq mövzularında çıxış edib. Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan "Azerbaycan" jurnalının 1957-ci ildə çıxan 63-cü sayında "Bakıdakı Qız qalası" adlı geniş məqaləsi yayımlanıb.
1947-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində rus dilinin tədrisinə dair "Okuma kitabı" və "Rusça-Türkçe Sözlük" adlı kitabları nəşr olunub.
Aleksandr Puşkinin "Boris Qodunov" əsərini Oğuz Pelteklə birlikdə, həmçinin "Kapitan qızı" əsərini türk dilinə tərcümə edib. Tərcümələri arasında Cüzeppe Akillenin "Şübhə" komediyası və "Prometheus" adlı əsər də yer alıb.
Ailəsi 200px|thumb|right|Hacıağa bəyin ilk həyat yoldaşı Bibixanım Fəxrəddinova, Hacıağa bəy, onun qızı Sara xanım, oğlu Cəbrayıl bəy, Hacıağa bəyin ikinci həyat yoldaşı Məryəmnisə xanım İsgəndərbəyova. Fotoda yuxarı sol küncdə Zeynal bəy Əlizadənin şəkli olub.Zeynal bəyin ulu babası Hacı Mirzə Əbdülrəhim İmaməli oğlu 1832-ci ildə Abbasqulu ağa Bakıxanovla birlikdə Bakıda ilk qəza məktəbini təsis edib. Məktəbdə rus və Azərbaycan dilləri, tarix, coğrafiya, hesab və digər dünyəvi fənlər tədris olunub. Hacı Mirzə Əbdülrəhim həmin məktəbdə Azərbaycan dili və şəriət fənlərinin ilk müəllimi olub.
Onun böyük oğlu Mirzə Zeynalabdin bəy Əliyev 1826-cı ildə Bakıda anadan olub və Bakı qəza məktəbinin ilk məzunlarından biri olub. Zadəgan təbəqəsinə mənsub olub, titulyar müşavir rütbəsi daşıyıb.
Mirzə Zeynalabdin bəyin böyük oğlu, Zeynal bəyin atası Kərbəlayı Hacı Ağa bəy Əliyev 1861-ci ildə anadan olub. Ticarətlə məşğul olub. İlk həyat yoldaşı Bibixanım Fəxrəddinova ilə evliliyindən övladı olmayıb. İkinci dəfə Məryəmnisə xanım İsgəndərbəyova ilə ailə qurub. Bu nikahdan Zeynalabdin, Cəbrayıl və Sara adlı üç övladı dünyaya gəlib.
Əsərləri
Yazdığı kitablar Rusça-Türkçe sözlük. İstanbul: İstanbul Üniversitesi Edebiyat Fakültesi, 1947; 1949 (ikinci nəşri) Okuma kitabı. İstanbul: İstanbul Üniversitesi Edebiyat Fakültesi, 1947
Tərcümə etdiyi kitablar Cüzeppe Akille. Şüphe. Çeviren: Zeynel Akkoç; derleyen: Avni Dilligil. Ankara: Cumhuriyet Halk Partisi, 1940 Aleksandr Puşkin. Boris Godunov. Çeviren: Zeynel Akkoç, Oğuz Peltek. Ankara: Maarif Vekâleti, 1943 Esxil. Prometheus. Çeviren: Zeynel Akkoç, İstanbul: Maarif Basımevi, 1955
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Tanış olun — Zeynal bəy Əlizadə / İctimai Radio
Yazdığı məqalələr
Efsaneden bugüne yüzüğün tarihçesi Nişanlıya yüzük göndermek eski Türkler'de de adetti / 1934 Azerbaycanlı Zerdüştün kurduğu mabedlerin meraklı tarihi / Cumhuriyet qəzeti, 10 may 1935-ci il Dansın doğuşu ve tarihi tekamülü / Yarım Ay Gazetesi, 15 iyun 1936-cı il Üstad Ali Ekrem Bolayır / Cumhuriyet qəzeti, 30 sentyabr 1937-ci il Şaheserler nasil ve ne şekilde yaratılır? / Cumhuriyet qəzeti, 24 dekabr 1938-ci il Segilisi uğruna açlıktan ölen büyük bir sanatkar / Cumhuriyet qəzeti, 27 fevral 1939-cu il Japon estampları / Cumhuriyet qəzeti, 23 iyun 1939-cu il Eldivenin tarihi / Cumhuriyet qəzeti, 2 sentyabr 1939-cu il Leonardo da Vinçinin yarım kalmış eserleri / Cumhuriyet qəzeti, 8 mart 1940-cı il Modanın mucidi çirkin kadınlardır! / İkdam Gece Postası Gazetesi, 10 mart 1953-cü il] Rafaelin sevdiği kadın… / İkdam Gece Postası Gazetesi, 1 may 1954-cü il
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycanlı heykəltaraşlar Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Türkiyə tərcüməçiləri Kateqoriya:Türkiyə rəssamları Kateqoriya:Türkiyə heykəltaraşları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Azərbaycan heykəltaraşları