Ruanda soyqırımı və ya rəsmi olaraq Tutsilərin soyqırımı — hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel-19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Bu hadisə zamanı müxtəlif hesablamalara görə təxminən 500.000 və 1.000.000 arası insan həlak olmuşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım Ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və İnterahamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilmişdir.

Kütləvi qətllər 1990-cı ildən Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu hökuməti arasında başlamış vətəndaş müharibəsi çərçivəsində baş verirdi. Ruanda Vətənpərvər Cəbhəsinin əksəriyyəti ölkədəki tutsilərə qarşı olan təqiblərdən qaçıb Uqandaya yerləşən qaçqınlardan ibarət idi. Prezident Juvenalya Xabiarimanaya olan beynəlxalq təzyiqlər 1993-cü ildə koalisyon hökumətin qurulmasını nəzərdə tutan Aruş razılaşmasının bağlanmasına gətirib çıxardı. Mühafizəkar hutular və prezidentin yaxın ətrafı sülh müqaviləsindən narazı idilər onlar, bunu düşmənə güzəşt kimi qəbul edirdilər. RVC-nin dayaqlarını möhkəmləndirməsi hutular arasında "hutu gücü" ideologiyasının populyarlaşmasına gətirib çıxardı. Bu ideologiya tutsilərin ruandalı olmadığını və onların monarxiyanı yenidən bərpa edib hutuları qul etmək arzularının olduğunu təbliğ edirdi, bu fikirlər isə hutular tərəfindən çox pis qarşılanırdı.

6 aprel 1994-cü ildə içində Xabiarimana və Burundi prezidenti Siprien Ntaryamiranın da olduğu təyyarə Ruandanın paytaxtı Kiqaliyə çatmamış vuruldu. Və təyyarədə olan hər kəs öldü. Məhz həmin gündən soyqırım başladı: əsgərlər, polislər və könüllülər tez bir zamanda tutsilərin əsas hərbi və siyasi xadimlərini, o cümlədən də hutuların arasında hakimiyyətdəki boşluğu doldura biləcək tərəfsiz siyasətçi və hərbçiləri aradan götürdülər. Tezliklə hər yanda sərhəd-keçid məntəqələri və barikadalar qurub tutsiləri öldürməyə başladılar onların tutsi olduğunu isə sənədləri yoxlamaqla bilirdilər. Soyqırımın təşkilatçıları hutuları qonşuları tutsiləri zorlamaq, döymək, öldürmək və əmlaklarını məhv edib, mənimsəmək üçün silahlanmağa çağırır və bəzən də məcbur edirdilər. Sülh razılaşmasının pozulması RVC-nin hücumlarının bərpa olunmasına səbəb oldu, tezliklə ölkənin şimalı iyulun ortalarına isə paytaxt Kiqali tutuldu və bununla da qırğın dayandırıldı. BMT, ABŞ, Böyük Britaniya və Belçika BMT-nin Ruandaya Kömək Missiyasına daha çox dəstək verib səlahiyyətlərini artırmadıqlarına və hərəkətsizliyə görə tənqid olundular. 6 Apreldən sonra Fransa Ruanda hökumətinə dəstəkdə ittiham olunurdu. 7 aprel BMT tərəfindən Ruanda Soyqırımının beynəlxalq anım günü kimi təsdiq olundu. Ruandanın özündə də 7 aprel Soyqırımı anım günü kimi, 4 iyul isə Qurtuluş günü kimi qeyd olunur.

Soyqırımın Ruandaya və həmsərhəd ölkələrə əhəmiyyətli dərəcədə böyük təsiri oldu. Kütləvi zorlanma hallarına görə QİÇS-ə yoluxanların sayı dəfələrlə çoxaldı. İnfrastrukturun məhv edilməsi və qurbanların sayının çox olması iqtisadiyyat üçün ağır nəticələr verdi. RVC-nin qələbəsi əksər hutuların qonşu ölkələrə qaçmalarına səbəb oldu. Onların çoxu Zairin(İndiki Konqo Demokratik Respublikası) şərq bölgələrində yerləşdilər, bu bölgədə radikallar Ruanda sərhəddinə yaxın yerləşən qaçqın düşərgələrini yenidən hakimiyyətə qayıtmaq üçün dayaq kimi istifadə edirdilər. Yeni qırğınların qarşısını almaq üçün RVC-i birinci və ikinci konqo müharibələrində Zair ərazisində döyüşürdülər. Bölgədəki tutsilərin və hutuların çoxu qaçqın statusu ilə yaşayırlar.

Soyqırıma qədərki tarix

Müstəmləkəçiliyə qədərki krallıqlar. Hutuların, tutsilərin və tvaların mənşəyi İndiki Ruanda ərazisində ilk yerləşən ovçuluq və yığıcılıqla məşğul olan tva piqmeyləridilər. Onlar eramızdan əvvəl 8000–3000-ci illərdə bu bölgəyə yerləşib indiki dövrə qədər də həmin ərazilərdə yaşayırlar. Eramızın 700–1500-cü illərdində bu ərazilərə tikinti məqasədi ilə meşələri qıran bantular gəldilər. Bantu köçlərinin təbiətini izah edən fərqli fikirlər mövcuddur. Bir nəzəriyyəyə görə bura ilk hutular yerləşiblər onlardan sonra isə güman ki kuşit dil ailəsindən törəmə fərqli irqi qrup yaratmış tutsilər yerləşiblər. Digər nəzəriyyəyə görə isə miqrasiya uzun müddətli daimi xarakter daşıyıb və sonradan gələn etnik qruplarla burada daha əvvəl yerləşən etnik qruplar arasında olan genetik oxşarlıq onların çox tezliklə qaynayıb qarışmasına səbəb olub. Bu nəzəriyyəyə görə tutsilər və hutular arasında olan fərqliliklər sonradan yaranıb və bu sinfi və ya kasta xarakteri daşıyırdı. Beləki tutsilər heyvandarlıqla hutular isə əkinçiliklə məşğul olurdular. Əvvəlcə "tutsi" "varlı mal-qara sahibi" demək idi sonradan isə bu ad ümumi etnik qrupa aid edilməyə başladı. Hutular, tutsilər və tvalar Ruandanın dövlət dili olan kinyaruanda dilindı danışırlar.

Tədricən əhali klanlarda birləşməyə başladı 1700-cü ildə isə bölgədə təxmini 8 krallıq mövcud idi. Bu krallıqlardan biri nginya tutsilərinin klanı tərəfindən idarə olunan Ruanda krallığı 17-ci əsrin ortalarında bölgədə hakim qüvvəyə çevrildi. Və IV Kiqeli Rvabugirinin hakimiyyəti dövründə krallığın ərazisi işğallara görə genişləndi və o inzibati islahatlar keçirdi. Nəticədə mal-qaranın sahibliyi və ya onun başqalarına verilməsi ümumiyyətcə mal-qara ilə bağlı bütün imtiyazların digər hutulara tvalara və ya tutsilərə xidmət qarşılığında vermək hüququ tutsilərə məxsus oldu. Eləcə də hutuların tutsilər üçün məcburi əməyə cəlb edilməsi rəsmiləşdi. IV Kiqelinin islahatları bu iki qrup arasında sosial, iqtisadi və sinfi fərqləri daha da dərinləşdirdi.

Müstəmləkəçilik dövrü 1884-cü ildə baş tutmuş Berlin konfransında gələcək Ruanda-Urundi ərazisinin Almaniya imperiyasına verilməsi qərarı qəbul edildi. İmperiya bölgəni oradakı krallığın monarxı ilə idarə edirdi, bu isə ərazini kolonizasiya etmək üçün lazım olan əsgər sayının ixtisar olunmasına səbəb oldu. Almanlar hesab edirdilər ki, tutsilər Ruandaya Efiopiyadan gəliblər, məhz buna görə də avropoidlərə daha yaxındırlar nəticədə onlar hutular üzərində irqi üstünlüyə malikdirlər və dövlətə xidmət üçün daha uyğundurlar. Kral V Yuxi müstəmləkəçiləri böyük məmnuniyyətlə qarşıladı və onların köməyi ilə öz hakimiyyətini möhkəmləndirdi. Birinci Dünya müharibəsi zamanı Belçika qoşunları Ruandanı və Burundini işğal etdilər və 1919-cu ildə bu torpaqlar Millətlər liqasının mandat ərazisi elan edildi və Belçikanın idarəetməsinə verildi.

Belçikalılar monarxiyanı dəstəkləsələr də, 1926-cı ildən Belçika Konqosunda olduğunu kimi birbaşa idarəetmə üçün sistemdə dəyişikliklər etməyə başladılar. Onlar qəbilə başçılığı sistemini sadələşdirib qəbilə başçılarını azaltdılar, onların idarəetməsini isə tutsilərə tapşırdılar, bundan başqa məcburi əməyin də miqyasını artırdılar. Hökumətin nəzarəti altında tutsi qəbilə başçıları torpaq islahatları keçirdilər. Bu islahatlar nəticəsində hutu icmalarının əlində olan otlaq sahələri minimal məbləğ ödənilməklə müsadirə edilərək özəlləşdirildi. 1930-cu illərdə müstəmləkəçilər təhsil, səhiyyə, ictimai işlər və kənd təsərrüfatı sahələrində irimiqyaslı layihələr həyata keçirdilər. Tutsilərin hökmran vəziyyətinin qorunması ilə yanaşı heç bir hüququ olmayan hutuların istismarı da davam edirdi. 1935-ci ildə Ruanda-Urundidə insanların milliyyətinin də göstərildiyi şəxsiyyət vəsiqələrinin paylanılması başlandı. Əvvəllər varlı hutu fəxri tutsi ola bilərdi, lakin bundan sonra siniflərarası yerdəyişmə dayandırıldı. Belçika hakimiyyəti daha çox katolik rahiblərə etibar edirdi nəticədə kilsənin cəmiyyətdəki rolu artdı: cəmiyyətdəki yerini yaxşılaşdırmaq məqsədi ilə bir çox ruandalı katolikliyi qəbul etdi.

Etnik zəmində qarşıdurmalar. Müstəqillikdən sonra hutular və tutsilər arasındakı münasibətlər thumb|left|Ruandalı qaçqınların cəsədləri İkinci dünya müharibəsindən sonra, müharibəyə qədərki sosial islahlatların rədd edilməsi və ruhanilərin hutulara müsbət münasibətinin nəticəsi olaraq ölkədə hutuların azadlığı hərəkatı möhkəmlənməyə başladı. Kral və bəzi nüfuzlu tutsilər hutuların nüfuzlarının artmasını görüb onlara azadlıq verilməsinin qarşılığında öz şərtlərini təbliğ etməyə başladılar. 1957-ci ildə bir qrup hutu alimi hutuları və tutsiləri ilk dəfə iki ayrı irqə ayıran yazıların və "statistik qanunlara" görə hakimiyyətin hutulara verilməsi çağırışlarının da yer aldığı manifest dərc etdilər.

1 noyabr 1959-cu ildə tutsiləri dəstəkləyən partiyanın tərəfdarları Kiqalidə hutu tayfa başçısının müavini Dominika Mbonyumutuvuya hücum etdilər. Sağ qalmasına baxmayaraq, ölkədə onun ölümü ilə bağlı yayılan şayiələr hutuların tutsiləri öldürməyə başlamasına səbəb oldu bu hadisələr isə öz növbəsində kütləvi iğtişaşların başlanğıcı kimi qeyd olunur. Tutsilər də onlara eyni cür cavab verdilər, lakin hutular tutsiləri əvvəlki mövqelərindən məhrum etmək istəyən belçikalıların dəstəyindən tam istifadə edirdilər. 1960-cı ilin əvvəlində müstəmləkə administrasiyası bir çox tutsi tayfa başçılarını hutularla əvəz etdi, elə həmin ilin ortalarında hutuların əzici çoxluğunu təsdiqləmək üçün kommunalarda seçkilər keçirdilər. Kral devrildi və respublika elan olundu. 1962-ci ildə isə müstəqillik əldə etdilər.

Artan gərginliyə görə tutsilər ölkəni tərk etməyə başladılar, etnik təmizləmələrdən qurtulmaq üçün qonşu Burundi, Uqanda, Tanzaniya və Zairdə sığınacaq tapdılar. Orada qaçqın haqqları ilə yaşayan tutsilər tezliklə vətənə qayıtmaq uğrunda təbliğat aparmağa başladılar və tez tez Ruanda ərazisinə basqınlar edən "tarakanlar" ləqəbli silahlı dəstələr formalaşdırdılar. Bu döyüş əməliyyatları tutsilərin böyük məğlubiyyəti ilə yekunlaşdı və tutsilərə qarşı tutulacaq gələcək divanlara səbəb olub onların ölkədən daha da çox qaçmaları ilə nəticələndi. 1964-cü ildə ölkəni 300 000 tutsi tərk etdi, onlara vətənə yalnız 30 ildən sonra geri dönmək icazəsi verilmişdi. Tutsilərə qarşı diskriminasiya davam edirdi, lakin onlara qarşı olan zorakılıq, 1973-cü il hərbi çevrilişi nəticəsində Juvenalya Xabiarimananın hakimiyyətə gəlməsi ilə müəyyən dərəcədə azalmağa doğru getdi.

Ruandadakı əhali sıxlığı Afrika üzrə ən yüksək göstəricilərdəndir-kv kilometrə 408 nəfər. Əgər 1931-ci ildə ölkədə 1,3 milyon insan yaşayırdısa 1989-cu ildə onların sayı 7,1 milyona qədər artdı, bu isə torpaq üstündə münaqişələrə səbəb oldu. Fransız tarixçi Jerar Prunye hesab edir ki əhalinin çoxluğu soyqırımın səbəblərindən biri idi. Eyni nəticəyə həm də təkamül bioloqu Cared Daymond da gəlir o, maltuzian tələsini (əhalinin artmasına görə əkin üçün yerlərin çatışmaması və ya torpaqların əldən düşməsi) münaqişəyə əsas səbələrdən biri kimi göstərir.

Vətəndaş müharibəsi thumb|right|RVC-nin komandiri və Ruandanın hazırkı prezidenti Pol Kaqame 1980-ci illərdə 500 ruandalı qaçqından ibarət dəstə Fred Rvigemanın rəhbərliyi altında Milli Müqavimət Ordusunun tərkibində Milton Obotenin devrilməsi və Yoveri Museveninin qələbəsi ilə başa çatmış Uqanda vətəndaş müharibəsində iştirak etmişdir. Yoveri Museveni prezident olandan sonra dəstə hələ də yerli silahlı qüvvələrin tərkibində idi, lakin qələbədən dərhal sonra onlar ordudakı gizlin şəbəkələşmiş tərəfdarları vasitəsi ilə öz doğma torpaqlarına hücuma keçmək üçün hazırlıqlara başladılar. 1 oktyabr 1990-cı ildə Rvingemanın rəhbərliyi ilə 4000-dən çox döyüşçü RVC bayrağı altında ölkə ərazisinə soxuldular və 60 km-dən artıq irəlilədilər. Növbəti gün RVC lideri dünyasını dəyişdi onun yerini müavini Pol Kaqame aldı. Fransa və Zair hökumət qüvvələrinə dəstək vermək üçün hərbi dəstələr yolladılar. Tutsi dəstələri geri Uqandaya çəkildilər oradan isə Ruandanın şimalında yerləşən Virunqa dağlarına yerləşdilər. Burada tutsi diasporasının köməyi ilə yenidən dəstələr formalaşdırıb onları silahlandırdılar.