Fridrix Vilhelm Viktor Avqust Ernest (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin oğlu, hər iki taxtın son vəliəhd-şahzadəsi.
Həyatı 6 may 1882-ci ildə Potsdamdakı Mərmər sarayda dünyaya gəldi. Atası şahzadə Vilhelm Prussiya kralı və Alman imperatoru I Vilhelmin oğlu vəliəhd-şahzadə Fridrixin oğlu, anası Avqusta Viktoriya isə Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı idi. Doğulduğu əsnada atasının babası hələ taxtda idi və babası, atasından sonra taxt sıralamasında üçüncü yerdə idi.
Dünyaya gəlişi valideynləriylə ata-nənəsi vəliəhd-şahzadə Viktoriya arasındakı münasibətlərinin pisləşməsinə səbəb oldu. Belə ki, vəliəhd-şahzadə Viktoriya yeni doğulacaq nəvəsinin baxımı üçün yeni bir saray dayəsi axtarmağa başlasa da, anasıyla münasibətləri pis olan şahzadə Vilhelm bunun üçün xalası şahzadə Yelenadan yardım istədi. Beləcə, anasının saray daxilindəki nüfuzunu zədələdi və bu, həm anası vəliəhd-şahzadə Viktoriyanın, həm də nənəsi Kraliça Viktoriyanın narazılığına səbəb oldu.
Özündən sonra doğulan 5 qardaşı və bir bacısıyla birlikdə uşaqlığının çox hissəsi Potsdamdakı Mərmər sarayda və Yeni sarayda keçdi. Həm ulu babası I Vilhelmin, həm də babası III Fridrixin vəfat etdiyi 1888-ci ildə atası II Vilhelm adıyla taxta çıxdı. Beləcə, hələ 6 yaşında ikən Prussiya və Almaniya taxt-tacının vəliəhd-şahzadəsi oldu. İlk təhsilini qardaşlarıyla birgə anasının vətəni olan Şlezviq-Holşteyndəki Pöln şəhərində aldı. O illərdə ölkədə yenicə yayılmağa başlayan futbolla maraqlanırdı.
Böyük Meklenburq-Şverin hersoqu IV Fridrix Fransiskin Hannoverli Aleksandra ilə 7 iyun 1904-cü ildə baş tutan toy mərasimi şənliklərində, hersoqun bacısı şahzadə Sesilya ilə tanış oldu. Bir-birinə aşiq olan cütlük 4 sentyabr 1904-cü ildə Şverində nişanlandı. Toy mərasimləri isə 6 iyun 1905-ci ildə Berlin kafedralında baş tutdu. Cütlüyün bu nigahdan 6 övladı doğuldu.
Vilhelm Fridrix (1906-1940) Luiz Ferdinand (1907-1994) Hubertus Karl (1909-1950) Fridrix Georq (1911-1966) Aleksandrina İrina (1915-1980) Sesilya Viktoriya (1917-1975)
Toy mərasimlərinin ardından yay aylarında Potsdamdakı Mərmər sarayda, qış aylarında isə Berlindəki Vəliəhd Sarayında məskunlaşan cütlük 1910-cu ildə Seylon, Hindistan və Misirə səyahət etdi.
1912-ci ildə atası II Vilhelmin əmriylə oğlu üçün yeni bir sarayın inşası təklif edildi. Parlamentin 13 aprel 1914-cü ildə təsdiqlədiyi plana əsasən sarayın inşası başlasa da, Birinci Dünya müharibəsinin başlaması inşaat prosesini gecikdirdi. 1917-ci ildə inşası tamamlanan saray vəliəhdin xanımı Meklenburqlu Sesilyanın şərəfinə Sesilyanhof sarayı adlandırıldı və imperiyanın süqutunadək bu saray vəliəhd-şahzadənin əsas rəsmi iqamətgahı qəbul edildi.
Əslində hərbi təcrübəsi çox deyildi, buna baxmayaraq Birinci Dünya müharibəsinin başlamasının ardından 1914-cü ilin avqustunda V ordunun komandanlığına gətirildi. Bu səbəblə, məşhur hərbçi Konstant Şmit von Knobelsdorf onun baş məsləhətçisi təyin edildi. 1915-ci ilin avqustunda isə Alman Vəliəhd-şahzadəsi birliyi adlanan xüsusi təyinatlı bir birlik yaraıldı və onun komandanlığına gətirildi. Bu birlik 1916-cı ildə fransızlar üzərində uğursuz bir əməliyyata cəhd etdi. Verden qəssabxanası adlanan bu qanlı əməliyyatda almanlar məğlub oldu. Məğlubiyyətin ardından aktiv rol oynamadı və cəbhədən geri çağırılsa da, hərbü rütbıə və vəzifələrini formal olaraq davam etdirdi.
1918 Alman inqilabının ardından atası II Vilhelmlə birgə taxtdan əl çəkmələriylə bağlı sənədə imzalamağa məcbur oldu. 13 noyabrda ölkədən qaçaraq Niderlanda sığındı və burada Virinqendə nəzarət altında saxlanıldı.1921-ci ildə Qustav Ştrezeman tərəfindən burada ziyarət edildi və ünvanlarından azad bir vətəndaş kimi olsa belə, vətəninə dönmək istədiyini bildirdi. Ştrezemanın 1923-cü ildə kansler seçilməsinin ardından siyasətdən uzaq qalacağına dair təminat verməsi şərtilə Almaniyaya dönməsinə icazə verildi. Dönüş tarixi olaraq 1918 Alman inqilabının ildönümü olan 9 noyabr 1923 tarixini seçən sabiq vəliəhdin bu fəaliyyətindən sürgündəki atası II Vilhelmin xəbəri yox idi və bu onun narazılığına səbəb oldu.
1926-cı ildə hökumətlə bağlanan sazişə əsasən, Hohensollern ailəsinin geridə qalan mənsublarının maddi vəziyyəti nisbətən yaxşılaşdı. Artıq dövlət mülkiyyətində olan Sesilyanhof sarayının mülkiyyət hüquqları 3 nəsil boyunca Vilhem və ailəsinə həvalə edildi. Buna baxmayaraq, Vilhelm siyasətdən uzaq qalacağı barədə kansler Qustav Ştrezemana verdiyi sözdən döndü və 1926, 1933, 1935-ci illərdə Sesilyanhofda onları ziyarət edən Adolf Hitlerin hakimiyyətə yüksəlişini dəstəklədi. Ancaq onun monarxiyanı bərpa etmək niyyətinin olmadığını öyrəndikdə münasibətləri pozuldu. Üstəlik yaxın dostu və sabiq kansler Kurt fon Şleyxerin Röm qiyamı hadisələrində öldürülməsinin ardından siyasətdən tamamilə çəkildi.
Atasının vəfatının ardından 1941-ci ildə Hohensollern ailəsinin rəisi ünvanını aldı. İkinci Dünya müharibəsinin başlamasından qısa müddət sonra böyük oğlu Vilhelm Fridrix döyüş meydanında aldığı ağır yara səbəbilə hərbi hospitalda vəfat etdi. Onun 29 may 1940-cı ildə Potsdamda baş tutan cənazə mərasimi olduqca təntənəli idi. Şəhər əhalisi keçmiş monarx ailəsindən birinin döyüş meydanında həlak olmasından olduqca təsirlənmişdi. Bu isə Adolf Hitlerin narazılığına səbəb oldu. Beləcə, 1943-cü ildən etibarən keçmiş monarx ailəsinə mənsub bütün hərbçilərin ordudan uzaqlaşdırılmasına qərar verildi.
Həm ordu içərisindən, həm də diplomatik çevrələrdən Adolf Hitleri devirmək niyyətində olan bir çox şəxs onunla əlaqəyə keçmək istəsə də, Vilhelm bundan çəkindi. Buna baxmayaraq 20 iyul 1944 tarixli sui-qəsdin ardından Vilhelm və yaşadığı Sesilyanhof sarayı Gestapo tərəfindən nəzarətə alındı. Ancaq 1945-ci ilin yanvarında Vilhelm öd kisəsi və qaraciyəriylə bağlı problemlərini bəhanə edərək müalicə məqsədilə saraydan ayrıldı. Bir ay sonra isə xanımı Meklenburqlu Sesilya və övladları yaxınlaşan Sovet ordusunun qorxusundan əşyalarını almadan saraydan qaçdılar. Müharibənin sonunda saray Sovet ordusu tərəfindən ələ keçirildi. Vilhelm isə Avstriyada fransızlar tərəfindən əsir alındı. Bir müddət həbs tutulduqdan sonra azadlığa buraxıldı. 20 iyul 1951-ci ildə Hexingendə yaşadığı ürək tutması səbəbilə vəfat etdi.
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Almaniya generalları Kateqoriya:Almaniya monarxistləri Kateqoriya:Almaniya protestantları Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almanlar Kateqoriya:Birinci Dünya müharibəsində Almaniya generalları Kateqoriya:II Vilhelm Kateqoriya:İnfanteriya generalları (Prussiya) Kateqoriya:Taxta çıxanmayan varislər Kateqoriya:Prussiya şahzadələri