İkinci zərbə (qisas zərbəsi) — nüvə strategiyasında təcavüzkara qarşı kütləvi cavab nüvə zərbəsi endirilməsini ifadə edən anlayış.

Cavab zərbəsi amili nüvə çəkindirməsi nəzəriyyəsində əsas rol oynayır. Tərəflərdən birinin belə zərbə endirmək qabiliyyətinə malik olmaması digər tərəfin üstünlüyünə, nüvə paritetinin pozulmasına və nüvə müharibəsi riskinin artmasına səbəb olur. Beləliklə, cavab zərbəsi endirmək qabiliyyəti nüvə dövlətləri arasında strateji tarazlıq yaradır, qaçılmaz qisas zərbəsi təhlükəsi isə nüvə təcavüzü ehtimalını minimuma endirir.

Cavab zərbəsi endirmək qabiliyyətinə nail olmağın ən etibarlı yollarından biri strateji çəkindirmə qüvvələrini üç istiqamət üzrə bölüşdürməkdir:

Hava qüvvələri — strateji bombardmançılar; Dəniz qüvvələri — strateji təyinatlı raket daşıyan sualtı qayıqlar; Raket qüvvələri — ballistik raketlər.

Bu bölgü nüvə triadası anlayışının yaranmasına səbəb olmuşdur. Triadanın ən mühüm elementlərindən biri strateji sualtı donanmadır. O, nüvə qüvvələrinin dünya okeanında yüksək məxfilik şəraitində yerləşdirilməsini və geniş əraziyə səpələnməsini təmin edir.

Cavab zərbəsi hətta ilk zərbədən daha dağıdıcı ola bilər. Bunun səbəbi odur ki, əksər hərbi doktrinalara əsasən, ilk zərbə rəqibin hərbi infrastruktur obyektlərini də hədəf alır. Halbuki nüvə döyüş başlıqlarının sayı təxminən bərabər olduqda, yalnız rəqibə maksimum zərər vurmağa yönəlmiş ikinci zərbə daha böyük dağıntılara səbəb ola bilər. İkinci zərbə cavab-görüş zərbəsi formasında da həyata keçirilə bilər. Bu halda rəqibin hücumu təsdiqlənmiş olur, lakin müdafiə olunan tərəfə hələ ciddi zərər dəyməyib; düşmənin nüvə silahlarının bütün və ya əksər döyüş elementləri hələ hədəfə çatmaq üçün yoldadır. Belə şəraitdə cavab zərbəsinin nəticəsi sülh dövründə əvvəlcədən planlaşdırılan zərbənin nəticəsinə yaxın ola bilər. Rəqibin nəzərdə tutulan hədəfləri vurulur və ona qəbuledilməz zərər yetirilməsi təmin edilir. Bu zərər aşağıdakıları əhatə edə bilər:

Əhalinin əhəmiyyətli hissəsinin həlak olması; İnfrastrukturun əsas elementlərinin dağıdılması; Hərbi materialların və avadanlıqların istehsalının və yenidən təmin edilməsinin mümkünsüzləşməsi.

İstinadlar

Kateqoriya:Nüvə müharibəsi Kateqoriya:Hərbi taktikalar Kateqoriya:Nüvə silahı siyasəti Kateqoriya:Soyuq müharibə terminləri