Xudavəng qoşa xaçdaşları — Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırının zəng qülləsində saxlanılmış, XIII əsrin son rübünə aid iki monumental xaçdaş. Əhəngdaşından hazırlanmış abidələr mürəkkəb həndəsi və nəbati ornamentləri, çoxqatlı relyef kompozisiyaları, qabarıq hərflərlə işlənmiş kitabələri və zəngin ikonoqrafiyası ilə seçilir. Xaçdaşlardan birinin kitabəsində 1283-cü il tarixi göstərilmiş, abidənin sifarişçisi kimi monastırın rəhbəri, Həsənin oğlu Atanasın adı çəkilmişdir.
Hər iki xaçdaş uzun müddət monastırın ikimərtəbəli zəng qülləsinin aşağı mərtəbəsində, qərbə açılan tağla üzbəüz yerləşmişdir. Bir-birinə yaxın bədii quruluşa malik abidələrin eyni daşyonma ustasının əsəri olduğu ehtimal edilir. Onların ornamental kompozisiyaları və simvolik təsvirləri müxtəlif sənətşünaslıq tədqiqatlarında təhlil edilmişdir.
Qoşa xaçdaşların ilkin yerləşməsi və zəng qülləsinin inşa tarixi tədqiqatçılar arasında mübahisə mövzusudur. Abidələr 2020-ci ildə Xudavəngdən oğurlanaraq Eçmiədzinə aparılmışdır.Patrik Donabedian. Dadivank Monastery . Association Internationale des Études Arméniennes.
2026-cı il sentyabrın 21-də Azərbaycan Respublikasının Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirmişdir ki, Xudavəng monastırından sökülərək ölkədən qanunsuz çıxarılmış freska və xaçdaşlar haqqında məlumatlar 9 oktyabr 2025-ci ildə İnterpolun Oğurlanmış İncəsənət Əsərləri Məlumat Bazasına daxil edilmişdir. Onun sözlərinə görə, həmin əşyalar İnterpolun üzvü olan dövlətlərin ərazisində aşkarlandıqda onların Azərbaycana qaytarılması üçün beynəlxalq hüquq-mühafizə mexanizmlərindən istifadə ediləcək.
Tarixi-mədəni mühit
Xudavəng qoşa xaçdaşlarının hazırlandığı 1283-cü ildə monastırın yerləşdiyi Tərtərçayın yuxarı hövzəsi Elxanilər dövlətinin ali hakimiyyəti altında idi. Həmin dövrdə Elxanilər dövlətinə Əhməd Təkudar (1282–1284) rəhbərlik edirdi. Bölgədə yerli hakimiyyət isə tarixi Xaçının knyaz nəsillərinin əlində qalmaqda idi.
Xudavəng XII–XIII əsrlərdə Yuxarı Xaçının mühüm dini və memorial mərkəzlərindən biri olmuşdur. Monastırın inkişafı xüsusilə Aterk hakimlərinin fəaliyyəti ilə əlaqələndirilir. XII əsrə aid kitabələrdə knyaz Vaxtanqın oğlu Həsənin monastırla əlaqəsi, onun dini həyata keçməsi və xatirə xaçdaşı qoydurması haqqında məlumat verilir. 1182-ci ilə aid həmin kitabə bölgənin siyasi hakimləri ilə monastır həyatı arasındakı münasibətləri əks etdirən epiqrafik mənbələrdəndir.Xudavəng (Dadivəng) monastırı . Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi.
XIII əsrin əvvəllərində monastırın yenidən qurulması və genişləndirilməsi davam etmişdir. 1214-cü ildə Arzu xatunun sifarişi ilə kompleksdə kilsə inşa edilmişdir. Tikilinin kitabəsində onun əri Vaxtanqın və oğullarının xatirəsinə yaradıldığı bildirilir. Beləliklə, Xudavəng dini ibadət məkanı olmaqla yanaşı, yerli hakim ailənin üzvlərinin xatirəsinin yaşadıldığı memorial mərkəz kimi də fəaliyyət göstərirdi.
XIII əsrdə Xaçının siyasi həyatında Dop sülaləsi də mühüm rol oynayırdı. Bu nəsil Yuxarı Xaçın və Zar ərazilərində hakim mövqeyə malik olmuşdur. Lakin bölgədəki siyasi hakimiyyətlə Xudavəngin bilavasitə himayədarlığı eyniləşdirilməməlidir. Monastırın tarixi müxtəlif knyaz ailələrinin dini sifarişləri və ianələri ilə bağlı olmuşdur.
Qoşa xaçdaşlardan birinin 1283-cü il kitabəsində abidənin sifarişçisi kimi Həsənin oğlu Atanasın adı çəkilir. O, özünü monastırın rəhbəri kimi təqdim etmişdir. Xudavəngin ruhani rəhbərləri arasında yerli knyaz nəsillərinin nümayəndələrinin olması məlum olsa da, kitabədə adı çəkilən Atanasın həmin dövrün konkret knyazlarından hansının oğlu olduğunu qəti müəyyənləşdirmək mümkün deyil.
Xudavəngin dini mühiti orta əsrlərdə fəaliyyətini davam etdirən Alban katolikosluğu ilə əlaqəli idi. Bu kilsə qurumunun rəhbərləri müxtəlif dövrlərdə fərqli dini mərkəzlərlə bağlı olmuşlar. Matenadaranın 2561 nömrəli əlyazmasında qorunmuş katolikoslar siyahısında 1262-ci ildə Stepanos adlı katolikosun adı göstərilir. Sonrakı qeydlərdə Sukias və Petros adlı iki katolikosdan bəhs edilir və onların ardıcıllığının müəyyənləşdirilmədiyi bildirilir. Siyahıda 1323-cü ildə vəfat etmiş Stepanosun adı da yer alır. Bu məlumatlar əsasında 1283-cü ildə katolikosluğa rəhbərlik edən şəxsin kimliyini qəti müəyyənləşdirmək mümkün deyil.
Orta əsr mənbələrində işlənən Alban katolikosluğu titulu həmin dövrdə Qafqaz Albaniyası dövlətinin siyasi mövcudluğunu ifadə etmirdi. Kilsə ənənəsi erməni kilsəsinin dini mühiti ilə sıx bağlı idi; onun orta əsr kitabələri və əlyazma irsinin mühüm hissəsi erməni dilində qorunmuşdur. Buna görə kilsənin tarixi adı, mətnlərin dili və bölgə əhalisinin etnik mənsubiyyəti ayrı-ayrı tarixi məsələlər kimi qiymətləndirilir.
XIII əsrdə Xaçının digər mühüm dini mərkəzi Gəncəsər idi. Həsən-Cəlal Dövlənin himayəsi ilə burada 1216–1238-ci illərdə kafedral kilsə inşa edilmiş və 1240-cı ildə təqdis olunmuşdur. Xudavəng və Gəncəsərdəki tikinti fəaliyyəti bölgədə monumental xristian memarlığının, kitabəçiliyin və daşyonma sənətinin inkişafını nümayiş etdirir.
Beləliklə, 1283-cü il tarixli Xudavəng qoşa xaçdaşları monqol siyasi hakimiyyəti şəraitində fəaliyyətini davam etdirən yerli knyazlıq və monastır mədəniyyətinin nümunələrindən biridir. Abidələrin hazırlanması bölgədə formalaşmış memorial ənənələrlə, dini sifarişçiliklə və mürəkkəb ornamental daşyonma sənəti ilə əlaqələndirilir.
Tarixi
Yaradılması
Qoşa xaçdaşların hazırlanması XIII əsrin ikinci yarısında Xudavəng monastırında aparılan tikinti və bədii tərtibat işləri ilə əlaqələndirilir. Bu dövrdə monastırın memarlıq kompleksi genişləndirilmiş, müxtəlif dini tikililər, xatirə abidələri və kitabəli daş nümunələri yaradılmışdır.
Xaçdaşlardan birinin üzərindəki kitabə onun 1283-cü ildə Həsənin oğlu Atanas tərəfindən qoydurulduğunu göstərir. Kitabədə Atanas özünü monastırın rəhbəri kimi təqdim edir və abidənin öz ruhunun xatirəsi üçün ucaldıldığını bildirir.
İkinci xaçdaşın kitabəsində Atanası yetişdirmiş Qriqor adlı din xadiminin adı çəkilir. Bu məlumat hər iki abidənin bir-biri ilə əlaqəli memorial mühitdə yaradıldığı ehtimalını gücləndirir.
Sedrak Barxudaryan ikinci xaçdaşın birinci ilə eyni üslubda hazırlandığını və onların bir ustanın əsəri olduğunu bildirmişdir. İkinci xaçdaşda ayrıca tarix göstərilməsə də, bədii quruluşu və kitabəsinin məzmununa əsasən o da XIII əsrin son rübünə, birinci abidənin hazırlanma dövrünə aid edilir.
Zəng qülləsi ilə əlaqəsi
Qoşa xaçdaşlar Xudavəngin ikimərtəbəli zəng qülləsinin aşağı mərtəbəsində quraşdırılmışdır. Zəng qülləsi yuxarı hissəsində sütunlara söykənən rotundası və piramidal örtüyü olan tikilidir. Aşağı mərtəbənin qərb tərəfində geniş tağlı açılış, şərq hissəsində isə xaçdaşların yerləşdiyi sahə mövcud olmuşdur.
Samvel Karapetyanın memarlıq təsvirində zəng qülləsinin ümumi hündürlüyü 14,6 metr, yuxarı rotundasının hündürlüyü isə 6 metr göstərilir. Müəllif aşağı mərtəbənin qərbə açılan tağının qarşısında yerləşən qoşa xaçdaşları tikilinin əsas bədii elementi hesab etmişdir.
Zəng qülləsinin tikilmə tarixi haqqında tədqiqatçılar arasında yekdil fikir yoxdur. Karapetyan tikilinin plan həllini qoşa xaçdaşların yerləşdirilməsi məqsədi ilə əlaqələndirərək onun inşasını 1283-cü ilə aid etmişdir.
Memar Samvel Ayvazyan isə zəng qülləsinin divar hörgüsünü, konstruktiv birləşmələrini və xaçdaşların aşağı hissəsindəki bərkitmə elementlərini təhlil edərək tikilinin müxtəlif mərhələlərdə formalaşdığını irəli sürmüşdür. Onun rekonstruksiyasına görə, zəng qülləsinin ilkin quruluşu XIII əsrin son rübündə meydana çıxmış, sonrakı yenidənqurma zamanı xaçdaşlar onun memarlıq kompozisiyasına daxil edilmiş ola bilər.
Digər müəlliflər zəng qülləsinin inşasını XIV əsrin birinci yarısına aid etmişlər. Karen Matevosyan tikilinin 1334-cü ildə yepiskop Sarkis tərəfindən inşa edildiyini bildirir. N. A. Miqayelyanın memarlıq tədqiqatında isə 1333-cü il göstərilir.
Memarlıq və bədii xüsusiyyətləri 200px|thumb|right|Hər iki xaçdaş çoxpilləli mürəkkəb həndəsi və nəbati naxışlarla bəzədilmişdir.
Ümumi quruluşu
Qoşa xaçdaşlar şaquli istiqamətdə uzanan, nisbətən ensiz daş lövhələr şəklində hazırlanmışdır. Onların kompozisiyası mərkəzi xaç təsviri, onun ətrafındakı ornamental sahələr, dairəvi rozetlər və yuxarı hissədə yerləşən ayrıca karnizlərdən ibarətdir.
Abidələrin eninin hündürlüyünə nisbəti təxminən 1:3 təşkil edir. Bəzi təsvirlərdə onların hər birinin ölçüsü 305 × 100 santimetr göstərilir. Lakin bu göstəricinin ilkin ölçmə sənədi müəyyənləşdirilmədiyindən onu təxmini məlumat kimi qiymətləndirmək lazımdır.
Hər iki xaçdaşda əsas kompozisiya elementi xaçdır. Xaçların aşağı hissəsində dairəvi ornamental medalyonlar yerləşdirilmiş, kənarları isə hörmə naxışlar və nəbati motivlərlə işlənmişdir.
Abidələrdə relyefin müxtəlif dərinliklərdə işlənməsi ornamentlərin çoxqatlı görünüşünü təmin edir. Sənətşünaslıq tədqiqatlarında sol xaçdaşın əsasən ikiqat, sağ xaçdaşın isə üçqat oyma prinsipi ilə hazırlandığı göstərilir.
Sol xaçdaş
Sol xaçdaş mürəkkəb həndəsi-nəbati ornamentləri və yuxarı hissəsindəki fiqurlu kompozisiyası ilə seçilir.
Abidənin əsas səthində böyük xaç təsviri, onun altında dairəvi ornamentlər və qarşılıqlı əlaqələndirilmiş həndəsi fiqurlar yerləşdirilmişdir. Xaçın qolları və şaquli hissəsi xırda oyma elementlərlə işlənmiş, kompozisiyanın ətrafı çoxqatlı hörmə naxışlarla bəzədilmişdir.
Yuxarı karnizdə taxtda əyləşmiş İsa Məsihin təsviri yerləşir. Bu fiqur memarlıq tağını xatırladan çərçivə daxilində işlənmişdir. Sənətşünaslıq ədəbiyyatında həmin təsvir Məsihin ilahi hakimiyyətini ifadə edən xristian ikonoqrafiyası ilə əlaqələndirilir.
Sağ xaçdaş
Sağ xaçdaş ümumi silueti və kompozisiya quruluşu baxımından sol abidəyə yaxındır. Bununla yanaşı, onun ornamental səthi daha dərin və çoxqatlı oyma texnikası ilə fərqlənir.
Mərkəzi xaç təsvirinin ətrafında həndəsi hörmələr, nəbati motivlər və dairəvi ornamental elementlər yerləşdirilmişdir. Xaçın aşağı hissəsindəki iri rozet kompozisiyanın əsas bədii vurğularından biridir.
Sağ xaçdaşın yuxarı karnizi də ayrıca daş elementdən hazırlanmışdır. Hər iki abidədə karnizlərin əsas lövhədən ayrılması kompozisiyanın şaquli quruluşunu tamamlayır.
Ornamentlər və daşyonma texnikası
Qoşa xaçdaşların bədii xüsusiyyətlərindən biri həndəsi və nəbati ornamentlərin bir kompozisiya daxilində mürəkkəb şəkildə əlaqələndirilməsidir.
Ornamental bəzəkdə bir-birinə keçən xətlər, dairəvi rozetlər, çoxyarpaqlı fiqurlar, hörmə naxışlar və stilizə edilmiş bitki elementləri istifadə olunmuşdur. Bu elementlər mərkəzi xaç təsvirini əhatə edərək vahid dekorativ səth yaradır.
Relyeflərin müxtəlif dərinliklərdə işlənməsi və ornamental elementlərin sıx yerləşdirilməsi daş səthində işıq-kölgə keçidlərini gücləndirir.
Kitabələrin daşın yan kənarlarında və karniz hissələrində yerləşdirilməsi də abidələrin səciyyəvi xüsusiyyətlərindəndir. Mətnlərin bir hissəsi qabarıq hərflərlə işlənmiş və ümumi bədii tərtibatın tərkib hissəsinə çevrilmişdir.
Kitabələr
Xudavəng qoşa xaçdaşlarının kitabələri Sedrak Barxudaryanın 1982-ci ildə nəşr edilmiş "Divan hay vimagrutyan" epiqrafik toplusunun V cildində 750 və 751 nömrələri ilə dərc olunmuşdur.
Birinci xaçdaşın kitabəsi
Barxudaryanın 750 nömrə altında qeydə aldığı kitabə xaçdaşın karnizi və kənarları boyunca yerləşdirilmişdir. Kitabədə Atanasın adı, atasının Həsən olduğu, monastıra rəhbərlik etdiyi və abidəni öz ruhunun xatirəsi üçün qoydurduğu bildirilir.
Kitabənin məzmununa əsasən, Atanas Allahın qüdrəti ilə müqəddəs xaç nişanını öz ruhunun xatirəsi üçün ucaltdığını bildirir. Kitabədə onun Həsənin oğlu və monastırın rəhbəri olduğu qeyd edilir.
Kitabənin sonunda 1283-cü ilə uyğun gələn tarix göstərilmişdir. Bu tarix abidələrin xronologiyasının müəyyənləşdirilməsində əsas epiqrafik dəlildir.
İkinci xaçdaşın kitabəsi