Corc Prat Şults (; ) — amerikalı dövlət və siyasi xadim, ABŞ dövlət katibi.
Bioqrafiyası Şults Nyu-Yorkda anadan olmuşdur. 1938-ci ildə Konnektikut ştatındakı Loomis Chaffee School məktəbini bitirmiş, daha sonra Prinston Universitetində təhsil almış və 1942-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi əldə etmişdir. Bundan sonra ABŞ Dəniz Piyadaları Korpusuna qoşulmuş, 1945-ci ilədək burada xidmət etmiş və kapitan rütbəsinədək yüksəlmişdir. 1949-cu ildə Massaçusets Texnologiya İnstitutunda sənaye iqtisadiyyatı üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır.
Havay adalarında hərbi xidmət zamanı gələcək həyat yoldaşı Yelena Mariya O’Brayenlə tanış olmuşdur. Onların beş övladı dünyaya gəlmişdir. 1997-ci ildə San-Fransiskoda Şarlotta Meyliard Sviqlə evlənmişdir. Onun on bir nəvəsi və doqquz nəticəsi olmuşdur.
1948–1957-ci illərdə Massaçusets Texnologiya İnstitutunun iqtisadiyyat fakültəsində və menecment məktəbində dərs demişdir. 1955-ci ildə bu fəaliyyətdə fasilə verərək prezident Duayt Eyzenhauerin İqtisadi Məsləhətçilər Şurasında çalışmışdır. 1957-ci ildə Şults Çikaqo Universitetinin Buta adına Biznes Məktəbinə keçmiş, 1962-ci ildə isə həmin məktəbin dekanı olmuşdur.
1969–1970-ci illərdə Riçard Niksonun administrasiyasında əmək naziri vəzifəsində çalışmışdır. Daha sonra ABŞ Prezidentinin İnzibati-Büdcə İdarəsinin direktoru olmuşdur. 1972-ci ilin mayından 1974-cü ilin mayınadək maliyyə naziri vəzifəsini tutmuşdur. Onun bu vəzifədə olduğu dövrdə dolların qızıl standartı ləğv edilmiş və Bretton-Vuds sistemi fəaliyyətini dayandırmışdır.
1974-cü ildə dövlət xidmətindən ayrılaraq Bechtel korporasiyasının sədri və direktoru olmuşdur.
ABŞ dövlət katibi 16 iyul 1982-ci ildə prezident Ronald Reyqan tərəfindən ABŞ dövlət katibi vəzifəsinə təyin edilmişdir. Bəzi müşahidəçilər onu xarici siyasətdə mülayim mövqeli şəxs hesab edirdilər. Bununla belə, Şults ABŞ-nin Nikaraquaya müdaxiləsinin fəal tərəfdarı idi. O, həmçinin Daniel Orteqa hökuməti ilə danışıqların aparılmasına qarşı çıxırdı.
Birinci intifada zamanı Şults İordan çayının qərb sahili və Qəzza zolağı üçün muxtariyyət nəzərdə tutan beynəlxalq saziş təklif etmişdir.
1986-cı ildə prezident Reyqanı Mixail Qorbaçovla görüşmək üçün Reykyavikə səfərində müşayiət etmişdir. ABŞ-nin vitse-prezidenti Corc Buşla birlikdə 15 noyabr 1982-ci ildə Moskvada Leonid Brejnevin dəfn mərasimində iştirak etmişdir. 2023-cü ilədək o, ABŞ-nin ən uzunömürlü dövlət katibi hesab olunurdu.
Sonrakı həyatı Şults 20 yanvar 1989-cu ildə hökuməti tərk etsə də, Respublikaçılar Partiyasının strateqlərindən biri olaraq qalırdı. O, narkotik vasitələrin yüngül kateqoriyasına aid edilən bəzi maddələrin leqallaşdırılmasını açıq şəkildə müdafiə edən ilk nüfuzlu respublikaçılardan biri olmaqla çoxlarını təəccübləndirmişdir. O, 8 iyun 1998-ci ildə New York Times qəzetində dərc olunan müraciətə imza atmışdır. Müraciətdə deyilirdi: “Biz hesab edirik ki, narkotiklərə qarşı qlobal müharibə hazırda narkotiklərin özündən daha çox zərər vurur”.
2003-cü ilin avqustunda Şults Uorren Baffetlə birlikdə Kaliforniyanın iqtisadi bərpası üzrə Şuranın həmsədri təyin edilmişdir. Bu qurum Kaliforniya qubernatorluğuna namizəd olan Arnold Şvartseneggerin məsləhətçilər qrupundan ibarət idi.
25 sentyabr 2007-ci ildə Şults ABŞ-nin bir neçə keçmiş dövlət katibi ilə birlikdə ABŞ Konqresini qondarma erməni soyqırımı ilə bağlı 106 saylı qətnaməni qəbul etməməyə çağıran məktubu imzalamışdır.
2010-cu ildə Şults Kaliforniyada prezident Dmitri Medvedevlə görüşmüş və ona 1921-ci ilə aid sovet plakatının nüsxəsini hədiyyə etmişdir. Plakatda “Qaranlıqdan işığa, döyüşdən kitaba, kədərdən sevincə” sözləri yazılmışdı.
26 avqust 2014-cü ildə dərc etdirdiyi məqalədə Şults Ukraynaya silah tədarükü və hərbi qulluqçuların hazırlanması vasitəsilə dəstək göstərilməsini, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tövsiyə etmişdir.
Şults Huver İnstitutunun əməkdaşı olmuşdur. Stenford Universitetinin Ali Biznes Məktəbinin fəxri professoru idi. 1992-ci ildə Amerika Fəlsəfə Cəmiyyətinin üzvü seçilmişdir. Həmin il Seul Sülh Mükafatına layiq görülmüşdür.
Şults 1993-cü ildə Turmoil and Triumph: My Years as Secretary of State (“Qarışıqlıq və qələbə: dövlət katibi kimi illərim”) adlı xatirələr kitabını nəşr etdirmişdir. O, 2021-ci ilin fevralında vəfat etmişdir.
İstinadlar
Kateqoriya:ABŞ dövlət katibləri Kateqoriya:XX əsr ABŞ diplomatları Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:ABŞ uzunömürlüləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Huver institutu şəxsləri Kateqoriya:XX əsr ABŞ siyasətçiləri Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ iş adamları