Əhməd bəy Hacınski () — azərbaycanlı zabit, jurnalist, siyasətçi və siyasi repressiya qurbanı.
Müsəlman Dram Cəmiyyətinin üzvü olub. Azərbaycan Cümhuriyyəti dövründə 4-cü Quba piyada alayında praporşik rütbəsində xidmət edib. Azərbaycan Dövlət Universitetində təhsil alıb. "Kommunist" qəzetində çalışıb.
Sovet işğalına qarşı fəaliyyət göstərən Gizli Müsavat təşkilatının Mərkəzi Komitəsinin və Hərbi qolunun idarə heyətinin üzvü olub. Fəaliyyətinə görə həbs olunaraq Solovki adalarına sürgün olunub. Sürgündən qayıtdıqdan sonra 1937-ci ildə həbs olunaraq güllələnib.
Həyatı
İlk illəri Əhməd bəy Süleyman bəy oğlu Hacınski 1897-ci ildə anadan olub.
Teatrın kommersiya fəaliyyətindən sənət yönümlü fəaliyyətə keçməsini məqsəd qoyan və 1916-cı ildə yaradılan Müsəlman Dram Cəmiyyətinin üzvü olub. Azərbaycan Cümhuriyyəti dövründə 4-cü Quba piyada alayında praporşik rütbəsində xidmət edib.
Aprel işğalından sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra "Kommunist" qəzetində çalışıb.
Siyasi fəaliyyəti 1921-ci ildə Gizli Müsavata qoşulub. 1923-cü ilin əvvəlində Məmmədsadıq Quluzadə, İbrahim Axundzadə, Əlihüseyn Dadaşov və İsfəndiyar Vəkilovla birlikdə təşkilatın hərbi qolunun idarə heyətinə üzv seçilib.
Həmin ilin noyabrında Dadaş Həsənzadə, Əbülfəz Babayev, Əli Yusif və Abdulla Abdulzadə ilə birlikdə Gizli Müsavatın Mərkəzi Komitəsinə üzv seçilib. Komitənin sədri Dadaş Həsənzadə, katibi isə Əhməd Hacınski təyin olunub.
1925-ci ilin noyabrında təhsil müəssisələrində və maarifçilik dərnəklərində tətbiq olunmaq üçün “Gəncliyin partiyadan kənar tərbiyələndirmə təlimatı” adlı plan hazırlayıb. Plan gənclər arasında türk birliyi ideyasının təbliğini, milli mənsubiyyətə görə qürur hissinin formalaşdırılmasını, işğala və ruslaşdırma cəhdlərinə müqaviməti nəzərdə tutub. Dini mövhumata qarşı mübarizə aparılmasını, lakin xalqın dininə və adət-ənənələrinə qarşı çıxılmamasını tövsiyə edib. Gizli Müsavatın maarifçilik proqramı çərçivəsində 1925–1931-ci illərdə çoxsaylı vətənpərvər gənclər təşkilatları və dərnəkləri yaradılıb.
Həbsi 1926-cı il martın 11-də, Bakıda keçirilən Birinci Türkoloji Qurultayın başa çatmasından üç gün sonra Azərbaycan Fövqəladə Komissiyasının əməkdaşı Vasinin əmri ilə həbs olunub. Onunla birlikdə Mərkəzi Komitənin üzvü Dadaş Həsənzadə, komitənin müvəkkili Əli Yusif və daha 34 partiya üzvü də həbs edilib.
Məhkəmə tərəfindən çıxarılan hökmlə 10 il müddətinə azadlıqdan məhrum edilərək Solovki adalarına sürgün olunub. Əli Yusif, İsfəndiyar Vəkilli, Əbdül Müin Niyazi, Mehdi Sultanzadə, Sadıq İmanə, Nəsrulla İsrafilzadə və Mövsüm bəy Bəydəmirzadə də onunla birlikdə sürgünə göndərilib.
Sürgündən qayıtdıqdan sonra 1937-ci ildə yenidən həbs olunub və həmin il iyulun 27-də güllələnib.
Ailəsi Anası Nuşafərin xanım, Qubanın görkəmli şairi və maarifçisi Hacı Mirzə Heybət Axundzadənin qızıdır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Solovkiyə sürgün olunanlar Kateqoriya:Gizli təşkilat üzvləri Kateqoriya:SSRİ-də güllələnənlər Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Müsavat Partiyasının üzvləri