Paytakaran (, Pʿaytakaran) — son antik dövr və erkən orta əsr mənbələrində xatırlanan tarixi şəhər. Eyniadlı Paytakaran əyaləti ilə əlaqəli olan şəhər Arazın aşağı axarı və Kaspi hövzəsinin tarixi coğrafiyasında yerləşdirilir.
V–VII əsrlərə aid və ya həmin dövrün hadisələrini təsvir edən erməni mənbələrində Paytakaran hərbi və inzibati fəaliyyətlə əlaqədar bir neçə dəfə qeyd olunur. Lazar Parpetsi V əsrin ortalarında Sasani dövlət xadimi Mihr-Narsehin Paytakaranda qoşun topladığını bildirir, Sebeos isə VI əsrdə Sünikin divanının Dvindən Paytakaran şəhərinə köçürülməsi və şəhərin Adurbadaqanın inzibati-fiskal sisteminə daxil edilməsi haqqında məlumat verir.
Paytakaranın dəqiq yeri müəyyən edilməyib. "Aşxaratsuyts" Paytakaranı Kaspi sahilləri və Arazın mənsəbi ilə əlaqələndirir, Ananiya Şiraklının "Mğonaçapk" əsərində isə şəhər Vardanakertlə Kaspi dənizi arasındakı yolun üzərində göstərilir. Tarixşünaslıqda şəhər Beyləqan–Örənqala, Təzəkənd, Biləsuvar ətrafı və aşağı Arazın qədim delta sistemi ilə əlaqələndirilmişdir. Babken Harutyunyan 1981-ci ildə Paytakaranı müasir Salyanın qərbində, Arazın qurumuş qədim qollarından birinin sahilində lokalizasiya etmişdir.
Paytakaranın orta əsr Beyləqanı ilə eyniləşdirilməsi uzun tarixşünaslıq ənənəsinə malik olsa da, Paytakaranın sonradan Beyləqan adlandırıldığını birbaşa bildirən ilkin mənbə məlum deyil. Arxeoloji tədqiqatlarda Örənqalanın Beyləqanla eyniləşdirilməsi əsaslandırılmış, Paytakaran üçün isə Təzəkənd və başqa alternativ lokalizasiyalar təklif edilmişdir.
Adı və etimologiyası
Şəhərin adı klassik erməni mənbələrində (Pʿaytakaran) formasında yazılır. Henrix Hübşman Paytakaran adının ermənicə (pʿayt — "ağac, odun") sözü ilə əlaqələndirilməsini qəbul etməmiş və toponimin qeyri-erməni mənşəli olduğunu hesab etmişdir. Sonradan Robert Hyusen də adın qeyri-erməni mənşəli ola biləcəyini qeyd edir. Paytakaran adının mənşəyi sonrakı tarixşünaslıqda da mübahisəli qalmışdır.
Toponimin ayrı-ayrı komponentlərini erməni və İran dilləri əsasında izah etmək üçün müxtəlif etimologiyalar təklif edilmişdir. Anahit Perixanyan İran və Qafqaz toponimiyasının tarixi-etimoloji problemləri çərçivəsində Paytakaran adını da nəzərdən keçirmişdir. Bununla belə, toponimin ümumi qəbul edilmiş etimologiyası müəyyən edilməyib.
Sara Aşurbəyli fərqli etimoloji izah təklif etmişdir. O, "Paytakaran" adını "paytak/paytaxt" və "Arran" komponentləri ilə əlaqələndirərək onu "Arranın paytaxtı" mənasında şərh etmişdir.
Paytakaran və Beyləqan adları arasında etimoloji əlaqə də şəhərlərin eyniləşdirilməsi problemi ilə əlaqədar müzakirə edilmişdir. Paytakaran formasından Beyləqan formasına keçidi ardıcıl şəkildə sənədləşdirən aralıq toponimik formalar müəyyən edilmədiyindən mümkün etimoloji əlaqə iki şəhərin eyniliyinin müstəqil sübutu hesab edilə bilməz.
Yazılı mənbələrdə
Paytakaran haqqında erkən məlumatların bir qismi IV əsrə aid hadisələri təsvir edir, lakin onları qoruyub saxlayan əsərlərin mövcud redaksiyaları hadisələrin çağdaşı deyil. Buna görə şəhərin IV əsr tarixi ilə bağlı məlumatlarda təsvir edilən hadisənin tarixi ilə mətnin formalaşdığı dövr fərqləndirilməlidir.
Aqafangelin "Ermənistan tarixi"ndə Paytakaran Ermənistan hökmdarlığının sərhəd şəhərlərindən biri kimi təqdim edilir:
Aqafangelin mövcud erməni redaksiyası IV əsr hadisələrinin çağdaş sənədi olmadığından bu məlumat həmin dövrün siyasi coğrafiyasını əks etdirən sonrakı erməni tarixşünaslıq ənənəsi kimi qiymətləndirilməlidir.
Favstos Buzand IV əsrin ikinci yarısına aid etdiyi hadisələrdə Paytakaranı sparapet Muşeq Mamikonyanın hərbi əməliyyatları ilə əlaqələndirir:
V əsrin ortalarında şəhərin hərbi əhəmiyyəti Lazar Parpetsinin məlumatında daha aydın görünür:
Bu məlumat Paytakaranın V əsrin ortalarında Sasani qüvvələrinin cəmləşdirildiyi hərbi məntəqə olduğunu göstərir.
Yeğişenin əsərində də eyni hadisələr kontekstində Paytakaran şəhəri qeyd edilir:
Paytakaranın Sasani inzibati sistemindəki rolu haqqında ən konkret məlumat Sebeosun əsərində qorunmuşdur:
Mətnin — "şəhəri" formasından istifadə etməsi inzibati tədbirin konkret Paytakaran şəhərinə aid olduğunu göstərir. termini Sasani fiskal və hesab-uçot terminologiyası ilə əlaqələndirilir.
Bu məlumatlar Paytakaranın Sasani dövlətinin şimal-qərb fiskal-inzibati sistemində mühüm funksiya daşıdığını göstərir, lakin şəhərin Adurbadaqanın siyasi paytaxtı və ya mərzban iqamətgahı olması nəticəsini çıxarmağa əsas vermir.
VII əsrin əvvəllərində Paytakaran Bizans–Sasani müharibəsi ilə əlaqədar yenidən Sebeosda görünür:
Mətnin davamında II Xosrovun Heraklın Paytakarana gəldiyini və Albaniya vasitəsilə İberiyaya keçmək niyyətində olduğunu öyrəndiyi bildirilir. Bu keçiddə — "şəhər" sözü işlədilmədiyindən konkret şəhərin, yoxsa eyniadlı əyalətin nəzərdə tutulması qəti deyil.
X əsr müəllifi İohann Drasxanakertsi Yusif ibn Əbu Sacın yürüşünü təsvir edərkən yenidən "Paytakaran şəhəri"ni xatırlayır:
Bu məlumat Paytakaran adının X əsr erməni tarixşünaslığında şəhər adı kimi işlədildiyini göstərir, lakin aşağı Arazdakı erkən orta əsr Paytakaranının həmin dövrdə də mövcud olduğunu sübut etmir. Harutyunyan marşrutun coğrafiyasını başqa mənbələrlə müqayisə edərək burada toponimik qarışıqlıq ehtimalını irəli sürmüşdür.
Coğrafiyası
Paytakaranın lokalizasiyası üçün əsas yazılı coğrafi məlumatlar "Aşxaratsuyts" və "Mğonaçapk"da qorunmuşdur. Hebşman "Aşxaratsuyts"un müvafiq hissəsini belə bərpa etmişdir:
Buradakı kvadrat mötərizədə verilmiş ikinci sözü Hebşmanın tekstoloji bərpasıdır və əlyazma mətninin dəyişməz hissəsi deyil. Suren Yeremyan da Paytakaranın tarixi coğrafiyasını şərh edərkən bu keçiddən istifadə etmişdir.
Hübşmanın bərpası qəbul edildikdə keçid təxminən "On birinci ölkə — Paytakaran, [Paytakaran] şəhəri ilə; [o] Kaspi kənarlarında, Arazın mənsəbindədir" şəklində başa düşülə bilər. Bununla belə, Kaspi–Araz coğrafi təyininin konkret şəhərə, yoxsa daha geniş Paytakaran əyalətinə aid edilməsi mətnin redaksiya və sintaksis xüsusiyyətlərindən asılıdır.
"Aşxaratsuyts"un qısa redaksiyasında isə — "Paytakaran Utinin şərqində, Araz boyunca yerləşir" məlumatı verilir.
"Mğonaçapk"da başqa tip coğrafi məlumat qorunmuşdur:
Artavet Ərdəbillə eyniləşdirildikdə mətn Ərdəbil–Vardanakert–Paytakaran–Kaspi istiqamətini göstərir.
Lokalizasiya nəzəriyyələri Beyləqan–Örənqala
Paytakaranın Beyləqanla eyniləşdirilməsi uzun müddət tarixşünaslıqda geniş yayılmışdır. Harutyunyanın tarixşünaslıq icmalına görə, Hebşman tərəfindən sistemləşdirilən bu identifikasiyanı Nikolay Adonts, Yakov Manandyan, Yevgeni Paxomov, Suren Yeremyan, S. Petrosyan və başqa tədqiqatçılar qəbul etmişlər. Paxomov Örənqalanın arxeoloji tədqiqindən sonra Paytakaran–Beyləqan–Örənqala identifikasiyasını ayrıca müdafiə etmişdir.
Örənqalanın orta əsr Beyləqanı ilə eyniləşdirilməsi arxeoloji və tarixi məlumatlarla əsaslandırılmışdır. Qazıntılar burada Sasani və İslam dövrlərinə aid şəhər həyatının mövcudluğunu göstərmişdir.
Ərəb tarixşünaslıq ənənəsində Beyləqanın əsasının Sasani hökmdarı I Qubadın dövründə qoyulması haqqında məlumat qorunmuşdur. Əl-Bəlazuri Qubadın Arranda Beyləqan və Bərdə şəhərlərini saldığını bildirir. Ərəb fəthləri haqqında məlumatlarda Beyləqan artıq öz adı ilə ayrıca şəhər kimi görünür:
İslam dövrünün yol coğrafiyası Varsan və Beyləqanı ayrıca şəhərlər kimi göstərir. Əl-İstəxri yazır:
İbn Hövqəl Varsanı Beyləqandan ayrıca və daha böyük şəhər kimi təqdim edir:
Təzəkənd
Aleksandr İessen Örənqalanı Beyləqanla eyniləşdirsə də, daha qədim Paytakaranı yaxınlıqdakı Təzəkənd şəhərgahında yerləşdirmişdir.
Təzəkənddə istehkam qalıqları, keramika, küp qəbirləri, daş sütun bazaları, dən daşları və numizmatik material qeydə alınmışdır. 1957-ci ildə Qara Əhmədov tərəfindən aparılmış 2 × 2 metrlik yoxlama qazıntısında təxminən 3,5 metr qalınlığında mədəni təbəqə müəyyən edilmişdir.
Təzəkəndin lokalizasiya nəzəriyyəsindəki üstünlüyü onun arxeoloji xronologiyasının Paytakaranın yazılı mənbələrdə fəal göründüyü dövrlə uyğunlaşması və şəhərgahın arxeoloji ədəbiyyatda birbaşa Paytakaran kimi identifikasiya edilməsidir.
Aşağı Araz–Salyan
Babken Harutyunyan 1981-ci ildə Paytakaran–Beyləqan identifikasiyasını tənqid edərək şəhəri müasir Salyanın qərbində, Arazın qurumuş qədim qolunun sahilində yerləşdirmişdir. Onun rekonstruksiyası "Aşxaratsuyts", "Mğonaçapk" və aşağı Arazın tarixi hidroqrafiyasının müqayisəsinə əsaslanır.
Muğan və aşağı Araz bölgəsində çay məcralarının tarixən dəyişməsi məlumdur. V. Mayevski XIX əsrin sonundakı hidroqrafik dəyişiklikləri təsvir edərkən yazırdı: "Arazın indiki dəniz qolu, yaxud Yeni Araz adlandırılan qol öz qədim yatağı ilə axmağa başlamışdır."
Bu məlumat aşağı Araz hidroqrafiyasının dəyişkənliyini göstərir, lakin Harutyunyanın təklif etdiyi konkret şəhər yerini öz-özlüyündə sübut etmir.
Biləsuvar hipotezi
Hovhannes Xorikyan 2012-ci ildə Aleksan Hakobyanla şəxsi söhbətə əsaslanaraq onun Paytakaranı Puşkino — indiki Biləsuvar — ərazisindəki qədim yaşayış yeri ilə əlaqələndirdiyini qeyd etmişdir: "A. Hakobyana görə o, Puşkino (Biləsuvar) şəhərinin qədim yaşayış yerində yerləşirdi (şəxsi söhbətdə deyilmişdir)."
Bu məlumat Hakobyanın ayrıca dərc edilmiş və əsaslandırılmış lokalizasiya nəzəriyyəsi deyil. Hakobyanın 2022-ci ildə çap olunmuş monoqrafiyasında isə Harutyunyanın Paytakaranı Arazın qurumuş qolunun sahilində, müasir Salyanın qərbində yerləşdirən nəticəsi təqdim edilir.
Arxeologiya
Paytakaranın adını təsdiqləyən epiqrafik və ya numizmatik tapıntının məlum olmaması arxeoloji identifikasiyanın əsas problemidir. Buna görə hər hansı şəhərgahın uyğun dövrə aid olması onun Paytakaran olduğunu öz-özlüyündə sübut etmir.
Təzəkənd və Örənqala
Təzəkənd Paytakaranın lokalizasiyası üçün arxeoloji ədəbiyyatda birbaşa təklif edilmiş namizədlərdən biridir. Şəhərgahın antik dövrün sonu və erkən orta əsrləri əhatə edən materialı yazılı mənbələrin xronologiyası ilə uyğunlaşır.
Örənqala qazıntıları isə burada Sasani dövründən başlayaraq şəhər həyatının mövcudluğunu göstərmişdir. Bu, Beyləqanın İslam dövründən əvvəlki tarixini göstərir, lakin həmin erkən mərhələnin "Paytakaran" adlandığını sübut edən yazılı tapıntı məlum deyil.
Biləsuvar və Muğan düzü
Biləsuvar ərazisindəki İçəri Ağdam və Çöl Ağdam erkən orta əsrlərlə əlaqələndirilən iri istehkamlı yaşayış yerlərindəndir. İçəri Ağdam dairəvi planı, Çöl Ağdam isə geniş istehkam sistemi ilə fərqlənir. Bununla belə, bu şəhərgahlardan onların qədim adını müəyyənləşdirən epiqrafik material məlum deyil.
Şəhərgahların ümumi ölçülərini onların bütün sahəsinin IV–VII əsrlərdə eyni zamanda məskunlaşmasının göstəricisi kimi qəbul etmək mümkün deyil. Geniş stratiqrafik qazıntılarla ayrı-ayrı tikinti mərhələləri ayrılmadan bu abidələrin ümumi sahəsinin bütövlükdə Paytakaran dövrünün şəhər sahəsi kimi təqdim edilməsi ehtiyat tələb edir.
Muğan düzündə qədim suvarma sistemlərinin mövcudluğu intensiv kənd təsərrüfatı və məskunlaşma üçün şərait yaratmışdır. Bununla belə, ayrı-ayrı arx hissələrinin müxtəlif dövrlərdə salınması və yenilənməsi ehtimalına görə Govurarxı bütövlükdə Paytakaran dövrünə aid vahid kommunikasiya və ya suvarma xətti kimi qəbul etmək mümkün deyil.
Salyan bölgəsi
Salyan ətrafındakı Qırxçıraq çoxdövrlü arxeoloji kompleksdir. Tədqiqatlarda burada III–VIII əsrlərə aid aşağı mədəni təbəqə ilə daha sonrakı orta əsr təbəqələri fərqləndirilmişdir. Qırxçıraqda aparılmış arxeoloji tədqiqatlar ayrıca Taleh Əliyev tərəfindən də nəşr edilmişdir.
Şəhərgahın ümumi sahəsinin 40 hektardan artıq göstərilməsi həmin sahənin bütövlükdə III–VIII əsrlərdə məskunlaşdığını ifadə etmir. Erkən təbəqənin bütün kompleks üzrə horizontal sərhədləri müəyyən edilmədiyindən Qırxçıraq "40 hektarlıq erkən orta əsr şəhəri" kimi təqdim edilə bilməz. Bundan başqa, abidə Salyanın şimal-şərqində yerləşir və Harutyunyanın Paytakaran üçün təklif etdiyi Salyanın qərbindəki konkret sahə ilə üst-üstə düşmür.