OBS Studio (ing. Open Broadcaster Software) ― Azad və açıq mənbəli, çarpaz platformalı canlı yayım və screencasting proqramıdır. Windows, macOS, Linux, və FreeBSD platformalarında mövcuddur.

OBS Studio C/C++ proqramlaşdırma dillərində yazılıb və Qt kitabxanasından istifadə edir.

Xüsusiyyətləri OBS Studio real-zamanda videoların qeydə alınmasını, səhnə kompozisiyasını, kodlaşdırılmasını, və yayımlanmasını təmin edir. Videoları yayımlamaq üçün RMTP (Real-Time Messaging Protocol), HLS, SRT, RIST, və ya WEBRTC protokollarından istifadə edə bilir.

RMTP protokolunu dəstəkləyən istənilən platformaya yayım edə bilir, məsələn Youtube, Twitch, Instagram və s.

Videoların kodlaşdırılması üçün x264, HEVC, AV1, və ProRes kodlaşdırma formatlarından istifadə oluna bilər.

Proqramın funksionallığı genişləndirmək üçün bir çox pluqinlərdən istifadə oluna bilər.

İnterfeys thumb|259x259px|OBS Studio Versiya 32.2.2 İnterfeys Əsas istifadəçi interfeysi altı hissəyə bölünür: önizləmə pəncərəsi, mənbələr, səhnələr, səs mikseri, kontrollar və keçidlər.

Önizləmə (ing. Preview) pəncərəsində müxtəlif mənbələri uyğun olaraq yerləşdirmək, böyütmək/kiçiltmək, döndərmək, əksinə çevirmək, və s. mümkündür. Mənbələr (ing. Sources) hissəsində yeni mənbələr əlavə etmək, hazır mənbələri silmək və ya xüsusiyyətlərini dəyişmək mümkündür. Səhnələr (ing. Scenes) hissəsindən yeni səhnələr yaratmaq və hazır səhnəni dəyişmək mümkündür. Səhnə – Müxtəlif mənbələri qruplaşdırır. Səs mikseri (ing. Audio Mixer) vasitəsilə səs mənbələrinin səsini azaltmaq, kəsmək, və ya müxtəlif effektlər tətbiq etmək mümkündür. Kontrollar (ing. Controls) hissəsində canlı yayımı, video qeydəalınmasını və ya virtual kameranı başlatmaq/saxlatmaq üçün butonlar mövcuddur. Keçidlər (ing. Transitions) hissəsində səhnələr arasında keçid edərkən göstərilən effektləri idarə etmək mümkündür.

Tarixi OBS Studio əvvəlcə Lain Bailey tərəfindən yaradılmış kiçik bir layihə olaraq ortaya çıxdı. Onlayn dəstəkçilərin köməyilə proqram sürətli şəkildə inkişaf etdi. Proqramın ilk versiyası 2012-ci ildə yayımlandı. 2013-cü ildə müxtəlif platformaları dəstəkləmək məqsədilə OBS Multiplatform (sonradan OBS Studio) kimi tanınan yenidən yazılmış versiyasının hazırlanmasına başlanıldı. 2016-cı ildə "Klassik" OBS versiyasına dəstək dayandırıldı və əsas versiya OBS Studio oldu. 2022-ci ildə OBS Studio Həm Windows, həm də Mac üçün Steam platformasında yayımlandı.

İstinadlar

Xarici keçidlər OBS Studio veb-saytı

Kateqoriya:Əlifba sırasına görə proqramlar Kateqoriya:Çarpaz platformalı azad proqram təminatı Kateqoriya:Linux üçün proqram təminatları Kateqoriya:Windows üçün proqram təminatları Kateqoriya:C++ proqram təminatı Kateqoriya:Striminq Kateqoriya:MacOS proqram təminatı