Cavid Cavadoğlu (Rəcəbov) () — azərbaycanlı bəstəkar, kreativ aranjimançı, orkestrator və səs rejissoru.

O, həmçinin müğənni kimi də tanınır.

Həyatı və təhsili Cavid Cavad oğlu Rəcəbov 13 iyun 1983-cü ildə Bakı şəhərində anadan olub. 1989–1997-ci illərdə Lənkəran şəhərində C. Cabbarlı adına 1 saylı musiqi məktəbində təhsil alıb.

1987–2000-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. 2001–2005-ci illərdə Bakı Musiqi Akademiyasında təhsil alıb.

Ailəsi Azərbaycan müğənnisi Cavad Rəcəbov atasıdır.

Ailəlidir, iki oğlu var;

Cavad Cavid oğlu Rəcəbov

Məhəmmədəli Cavid oğlu Rəcəbov

Fəaliyyəti 2002–2006-cı illərdə "Səbuhi" səs yazma şirkətində, 2006–2008-ci illərdə "Kosset" zavodunda, 2008–2011-ci illərdə isə "Eko" prodakşn şirkətində aranjimançı kimi çalışıb.

2021–2023-cü illərdə H. Əliyev adına Respublika Sarayında musiqi redaktoru, aranjimançı-orkestrator və səs rejissoru vəzifələrində fəaliyyət göstərib.

Sonrakı illərdə "CCR" səs yazma studiyasını yaradıb.

"Quranı-Kərim" ilk dəfə olaraq audiokitab formatında mətnləri xalq artistləri Əliabbas Qədirov, Rasim Balayev, İlham Əsgərov və Nurəddin Mehdixanlı tərəfindən səsləndirilmişdir. Layihənin fon musiqilərinin bəstələri ona məxsusdur. O, layihədə həmçinin səs rejissoru kimi iştirak edib.

Yaradıcılığı Cavadoğlu müxtəlif bəstəkar, şair, müğənni və musiqiçilərlə yaradıcılıq əməkdaşlığı edib. Ramiz Mirişli, Faiq Sücəddinov, Tahir Əkbər, Vaqif Gərayzadə, Nailə Mirməmmədli, Elza Seyidcahan və Xanım İsmayılqızı ilə əməkdaşlıq edib.

Xalq yazıçısı Anarın sözlərinə bəstəkar Şahin Musaoğlunun bəstələdiyi "Zəngilan" mahnısının aranjiman və səs rejissorluğunu icra edib.

Pikə Axundova, Ramal İsrafilov, Tünar Rəhmanoğlu, Nazim Məmmədov, Aynur Adil qızı və İlhamə Adil qızının əsərlərini aranjiman edib.

Cavadoğlunun əməkdaşlıq etdiyi ifaçılar arasında xalq artistləri Alim Qasımov, Azər Zeynalov, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Ağadadaş Ağayev, Röya Ayxan, Aftandil İsrafilov və Rafiq Hüseynov (Rəmiş), əməkdar artistlər Ramil Qasımov, Nurlan Növrəsli, Teymur Əmrah, Aybəniz Haşımova, Qorxmaz Əlilicanzadə, Baloğlan Əşrəfov, Həsənağa Sadıqov, İnarə Babayeva, Səlim Abbasov və Elman Əzimov da var.

Cavadoğlu Rasim Balayev, Alim Qasımov və Samir İsayevlə "Ya Allah" musiqili-bədii kompozisiyasının aranjiman və səs rejissorluğunu icra edib.

Tamilla Əhədovanın "Beş qapı" musiqili tamaşasının aranjimanını icra edib. Tamaşa Mədəniyyət Nazirliyi və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə Respublika Sarayında nümayiş etdirilib.

Bəstələri və aranjimanları Cavadoğlu bəstələdiyi mahnıların musiqisini və onların aranjimanını özü icra edib. Bu əsərlər arasında "Vətən oğlu" mahnısı da var. Mahnının sözləri Tükəzban Cahangirovaya, musiqisi və ifası Cavid Rəcəbova məxsusdur.

Onun aranjiman etdiyi mahnılar arasında "Bakı gecələri", "Mavi Xəzər" (sözləri Mehman Əhmədli, ifaçısı Emil Bədəlov), "Bir addım" (sözləri Mehman Əhmədli, ifaçısı Sevda Yahyayeva), "Zəng elə" (sözləri Mehman Əhmədli), "Olmadı" (sözləri Kənan MM, ifaçıları Səidə Sultan və Emil Bədəlov) və "Ayrılıq" (sözləri Mehman Əhmədli, ifaçısı İlahə İbadova) mahnıları qeyd olunur.

Cavadoğlu "Heydər baba" (musiqisi Ağadadaş Abdullayev, sözləri Oktay Zəka, ifaçı Cavad Rəcəbov), "Heydər ata" (musiqisi Ramiz Mirişli, sözləri Vahid Əziz, ifaçı Brilliant Dadaşova) və 2012-ci ildə ilk dəfə Azərbaycan Prezidentinə həsr olunmuş mahnı "İlham Əliyev" (musiqisi və sözləri Ehtiram və İntiqam Rüstəmov qardaşlarına məxsus), "Vətən oğlu" (sözləri Tükəzban Cahangirova, ifaçı Cavid Cavadoğlu) mahnılarının da aranjimanını icra edib.

İfaçılığı Cavid Cavadoğlunun ifasında "Dəvə balası" (sözləri Elçin Ağa) və "Dil bəla" (sözləri Ağa Maştağalı) mahnıları səslənib.

İstinadlar

Xarici keçidlər

Mənbə

Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunları Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:Aranjimançılar