Zaur İsmayılov — Azərbaycan futbol məşqçisi. 2026-cı ildən "Araz-Naxçıvan" klubunun formal baş məşqçisidir, lakin faktiki məşqçilik funksiyaları isə Cavid Hüseynovdadır. Daha əvvəl uzun müddət müxtəlif Azərbaycan klublarında məşqçi köməkçisi kimi fəaliyyət göstərmiş, "Keşlə" klubunda baş məşqçi səlahiyyətlərini müvəqqəti icra etmiş, "Şamaxı"nın və "Araz-Naxçıvan"ın əvəzedici komandalarına rəhbərlik etmişdir.

Məşqçilik karyerası

"Keşlə" İsmayılov uzun illər "Keşlə" klubunda məşqçi köməkçisi kimi fəaliyyət göstərmişdir. 2018-ci ilin iyulunda klubun baş məşqçisi Yuri Maksimovun gedişindən sonra İsmayılov Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubuna qarşı keçirilən cavab oyununda komandanı baş məşqçi əvəzi kimi meydana çıxarmışdır. "Keşlə" həmin görüşdə 2:1 hesabı ilə qalib gəlsə də, ilk oyunda 1:4 hesabı ilə məğlub olduğundan turnirdə mübarizəni dayandırmışdır.

2018-ci ildə İsmayılovun "Keşlə"nin baş məşqçisi postuna mümkün namizəd olduğu da müzakirə edilmişdir. Özü həmin dövrdə komandanın hazırlığını apardığını və baş məşqçi məsələsinin yaxın günlərdə müəyyənləşəcəyini bildirmişdir.

2020-ci ilin avqustunda "Keşlə" baş məşqçi Tərlan Əhmədovla yollarını ayırdıqdan sonra İsmayılov müvəqqəti olaraq baş məşqçi səlahiyyətlərini icra etmişdir.

"Şamaxı-2" 2022-ci ilin avqustunda İsmayılov "Şamaxı"nın əvəzedici komandasının baş məşqçisi təyin edilmişdir. O vaxta qədər uzun müddət klubun əsas komandasında məşqçi köməkçisi kimi fəaliyyət göstərmişdir.

İsmayılovun rəhbərlik etdiyi "Şamaxı-2" əsasən klubun U-19 və akademiya futbolçularından formalaşdırılmışdı. Mütəxəssis komandanın əsas məqsədinin aşağı yaş qruplarından futbolçular hazırlayaraq onları əsas komandaya qazandırmaq olduğunu bildirmişdir.

Həmin ilin dekabrında İsmayılov Sənan Qurbanovla birlikdə PRO kateqoriyalı məşqçi lisenziyası əldə etmişdir. Bununla o, Azərbaycanda məşqçilər üçün ən yüksək lisenziya kateqoriyalarından birinə yiyələnmişdir.

"Araz-Naxçıvan-2" 2023-cü ilin iyulunda İsmayılov "Şamaxı-2"nin baş məşqçisi vəzifəsindən ayrılaraq "Araz-Naxçıvan"ın əvəzedici komandasının baş məşqçisi təyin edilmişdir. Klub onunla birillik müqavilə bağlamışdır.

2024-cü ilin əvvəlində İsmayılov komandanın fiziki hazırlığının yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiklərini açıqlamışdır. O, həmçinin klubun U-19 komandasında fərqlənən futbolçuların əvəzedici komandaya cəlb ediləcəyini qeyd etmişdir.

İsmayılov 2025-ci ildə də "Araz-Naxçıvan-2"nin baş məşqçisi kimi fəaliyyətini davam etdirmişdir.

2025/26 mövsümündə "Araz-Naxçıvan-2" Əvəzedicilər Liqasında 27 oyunda 18 xal toplamış və 10 komanda arasında 9-cu yeri tutmuşdur. Mövsümün sonunda İsmayılov komandanı tərk etmiş, onun yerinə Rüstəm Əliyev təyin olunmuşdur.

"Araz-Naxçıvan" 2026-cı ilin yayında İsmayılov "Araz-Naxçıvan"ın futbol akademiyasının baş koordinatoru vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə onun həm Bakıdakı, həm də Naxçıvandakı aşağı yaş qrupları üzrə komandaların fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulmuşdur.

15 avqust 2026-cı ildə, 2026/27 mövsümünün I turunun keçirildiyi gün "Araz-Naxçıvan"ın əsas komandasının baş məşqçisi vəzifəsinə Zaur İsmayılov təyin edilmişdir. Bununla belə, klub rəhbərliyinin daxili qərarına əsasən, Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümündə A komandasının məşq və oyun proseslərinin idarə edilməsi, taktiki-texniki hazırlıq, nəticələr, eləcə də mətbuatla ünsiyyət (mətbuat konfransları və açıqlamalar) Cavid Hüseynova tapşırılmışdır.

İstinadlar

Kateqoriya:Şamaxı FK məşqçiləri Kateqoriya:Araz-Naxçıvan PFK məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri