Paddle Europe (qıs. PEU; 1993–2026-cı illərdə Avropa Kanoe Assosiasiyası (, ECA)) — Avropada kanoe və digər avarla idarə olunan su idmanı növlərinin inkişafı və kontinental yarışların təşkili ilə məşğul olan idman təşkilatı. Təşkilat 11 dekabr 1993-cü ildə Romada Avropanın milli kanoe federasiyalarının nümayəndələri tərəfindən yaradılıb.

Avropa Kanoe Assosiasiyası 1994-cü ildə Beynəlxalq Kanoe Federasiyası (ICF) tərəfindən kontinental təşkilat kimi rəsmən tanınıb. 2026-cı ilin yanvarında təşkilatın Paddle Europe adına keçidi tam qüvvəyə minib. Həmin ilin martında onun yeni qərargahı Lozannada açılıb.

Paddle Europe 45 milli federasiyanı birləşdirir.

Tarixi Avropada ayrıca kontinental kanoe təşkilatının yaradılması digər bəzi idman növləri ilə müqayisədə gec baş verib. Bunun əsas səbəblərindən biri Avropa çempionatlarının uzun müddət Beynəlxalq Kanoe Federasiyası tərəfindən təşkil edilməsi olub.

ICF-in təşkil etdiyi ilk Avropa çempionatı 1933-cü ildə Praqada keçirilib. Sonrakı onilliklərdə də Avropa çempionatlarının təşkili ICF tərəfindən davam etdirilib.

11 dekabr 1993-cü ildə Romada Avropanın milli kanoe federasiyalarının nümayəndələrinin toplantısı keçirilib. Toplantıda Avropa Kanoe Assosiasiyasının nizamnaməsi qəbul olunub və ilk rəhbər orqanları seçilib.

1994-cü ildə təşkilat ICF tərəfindən rəsmən tanınıb. Avropa Kanoe Assosiasiyasının özünün təşkil etdiyi ilk kanoe sprinti üzrə Avropa çempionatı 1997-ci ildə Plovdivdə keçirilib.

2023-cü ildə Fransa Kanoe Federasiyasını təmsil edən Jan Zunqrana Avropa Kanoe Assosiasiyasının prezidenti seçilib. O, təşkilata yarandığı vaxtdan rəhbərlik etmiş Albert Vudsu əvəz edib.

Jan Zunqrana 2026-cı ildə də təşkilatın prezidenti vəzifəsini tutur.

Adının dəyişdirilməsi 29 mart 2025-ci ildə Budapeştdə keçirilən Avropa Kanoe Assosiasiyasının 17-ci adi konqresində təşkilatın adının Paddle Europe olaraq dəyişdirilməsi təsdiqlənib.

2025-ci ilin yarış mövsümü artıq başladığı üçün ad dəyişikliyi mərhələli şəkildə həyata keçirilib və həmin il yarışların rəsmi adlarında ECA abreviaturu saxlanılıb. Keçid prosesi 2025-ci ilin sonunadək davam edib. 2026-cı ilin yanvarından Paddle Europe adı təşkilatın bütün fəaliyyətində və yarışlarında rəsmi şəkildə istifadə olunmağa başlanıb.

Ad dəyişikliyi təşkilatın kanoe sprinti və kanoe slalomu ilə yanaşı marafon, parakanoe, ayaqüstü avarçəkmə və digər avarlı su idmanı növlərini vahid struktur altında təmsil etməsini daha aydın ifadə etmək məqsədi daşıyıb.

Qərargahın Lozannaya köçürülməsi Avropa Kanoe Assosiasiyası üç onillikdən artıq müddətdə inzibati fəaliyyətini Xorvatiyadan həyata keçirib.

26 yanvar 2026-cı ildə Paddle Europe-un İdarə Heyəti Lozannanı təşkilatın yeni hüquqi qərargahı kimi təsdiqləyib. Qərargah 28 mart 2026-cı ildə Lozannadakı Maison Internationale du Sport kompleksində rəsmi şəkildə açılıb.

Lozannaya köçürülmə təşkilatın beynəlxalq idman qurumları ilə institusional əlaqələrinin gücləndirilməsi və fəaliyyətinin daha peşəkar inzibati bazadan idarə olunması məqsədilə həyata keçirilib.

Fəaliyyəti Paddle Europe-un əsas vəzifələrinə Avropada kanoe və digər avarla idarə olunan su idmanı növlərinin inkişaf etdirilməsi, kontinental yarışların təşkili və milli federasiyalar arasında əməkdaşlığın əlaqələndirilməsi daxildir.

Təşkilat müxtəlif yaş qrupları üzrə Avropa çempionatları, Avropa kubokları və digər beynəlxalq yarışlar keçirir. Paddle Europe milli federasiyalarla əməkdaşlıq çərçivəsində idmançıların, məşqçilərin və texniki mütəxəssislərin inkişafına, yarış standartlarının təkmilləşdirilməsinə və idman növlərinin yayılmasına yönəlmiş fəaliyyətlər də həyata keçirir.

2024-cü ildə qəbul edilmiş yenilənmiş nizamnamədə təşkilatın Avropada avarlı su idmanı növləri üzrə idarəedici qurum kimi rolu, çempionatların təşkili, idmançıların rifahı və idman növlərinin inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətləri sırasında göstərilib.

İdman növləri Paddle Europe-un yarış sistemi aşağıdakı əsas idman növlərini əhatə edir:

Kanoe sprinti (ing. Canoe sprint); Kanoe slalomu (ing. Canoe slalom); Sürətli axınlı sularda kanoe (ing. Wildwater canoeing); Kanoe marafonu (ing. Canoe marathon); Kanoe polosu (ing. Canoe polo); Əjdaha qayığı yarışları (ing. Dragon boat); Kanoe fristaylı (ing. Canoe freestyle); Parakanoe (ing. Paracanoe); Okean kanoe yarışları (ing. Ocean racing); Ayaqüstü avarçəkmə (ing. Stand Up Paddling, SUP).

Bu idman növləri üzrə böyüklər, gənclər, 23 yaşadək idmançılar və digər yaş kateqoriyalarında Avropa çempionatları və kubok yarışları keçirilir.

Üzvləri Paddle Europe 45 milli federasiyadan ibarətdir.

Üzv federasiyalar arasında Azərbaycan, Ermənistan, Gürcüstan, İsrail və Kosovonun müvafiq idman qurumları da yer alır.

Paddle Europe-un rəsmi üzvlər siyahısında Azərbaycan qurumu hələ əvvəlki ingilis adı — Azerbaijan Canoe & Rowing Federation — ilə göstərilir. Federasiyanın adı 20 fevral 2026-cı ildə dəyişdirilərək Azərbaycan Su İdmanı Növləri Federasiyası olub. Azərbaycanca Vikipediyada qurum haqqında məqalə əvvəlki adla yerləşdiyinə görə daxili keçid Azərbaycan Su İdmanı Növləri Federasiyası formasında verilir.

Neytral idmançılar 5 mart 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Avropa Kanoe Assosiasiyası Rusiya və Belarus idmançılarının təşkilatın yarışlarında iştirakını növbəti qəraradək dayandırıb. Rusiya və Belarus rəsmilərinin ECA yarışlarında hakimlik etməsi, təşkilatın toplantı, komitə və forumlarında iştirakı da dayandırılıb.

Sonrakı illərdə beynəlxalq qaydalar dəyişib. 2026-cı ildə müəyyən edilmiş neytrallıq şərtlərinə cavab verən Rusiya və Belarus pasportlu idmançıların bir sıra Paddle Europe çempionatlarında fərdi neytral idmançı (AIN) statusunda iştirakına icazə verilib. Rusiya pasportlu idmançılar AIN (A), Belarus pasportlu idmançılar isə AIN (B) işarəsi altında çıxış edirlər.

Fərdi neytral idmançıların iştirakı Rusiya və Belarus milli komandalarının və ya milli təmsilçiliyinin bərpası hesab edilmir.

Azərbaycanla əlaqələri Azərbaycan Paddle Europe-un üzv federasiyalarından biri vasitəsilə təşkilatda təmsil olunur. Ölkəni təmsil edən qurum 2026-cı ildən Azərbaycan Su İdmanı Növləri Federasiyası adlanır.

2026-cı ilin martında Paddle Europe nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində Qarabağdakı Sərsəng və Suqovuşan su anbarlarına, eləcə də Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzinə baxış keçirilib.

Səfərin sonunda Paddle Europe ilə Azərbaycan Su İdmanı Növləri Federasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəd idmançı və məşqçilərin hazırlanması, regional və beynəlxalq yarışların inkişafı, kanoe slalomu üçün infrastrukturun yaradılması və Avropa ilə Asiyanın avarlı su idmanı qurumları arasında əməkdaşlığın genişləndirilməsi kimi istiqamətləri əhatə edir.

Paddle Europe-un 2026-cı il yarış təqvimində "Prezident Kuboku" beynəlxalq reqatasının Mingəçevir və Suqovuşan mərhələləri 29 aprel–1 may tarixlərində göstərilib.

Həmçinin bax Beynəlxalq Kanoe Federasiyası Kanoe "Prezident Kuboku" beynəlxalq reqatası Azərbaycan Su İdmanı Növləri Federasiyası

İstinadlar

Xarici keçidlər Paddle Europe-un rəsmi saytı Paddle Europe-un yarış təqvimi Üzv federasiyaların siyahısı

Kateqoriya:İdman federasiyaları Kateqoriya:Avropa idman təşkilatları Kateqoriya:Beynəlxalq idman təşkilatları Kateqoriya:Kanoe Kateqoriya:1993-cü ildə yaradılmış təşkilatlar