Prussiyalı Viktoriya (; ) — Almaniya imperatoru III Fridrixin qızı, Lippe şahzadəsi.

Həyatı 1866-cı ildə Potsdamda dünyaya gəldi. Atası Prussiya kralı I Vilhelmin oğlu və varisi Şahzadə Fridrix, anası isə Böyük Britaniya və İrlandiya kraliçası Kraliça Viktoriyanın qızı Şahzadə Viktoriyadır. Onun vəftiz anası olan nənəsi Kraliça Viktoriyanın doğum günündə - 24 mayda vəftiz edildi. Uşaqlıq illəri qış aylarında Berlində, yay aylarında isə Potsdamda keçdi. Atasının ordudakı vəzifələri səbəbilə, anasıyla sıx və mehriban münasibəti vardı. O və bacı-qardaşları anasının nəzarətində ingilis üslubunda təlim-tərbiyə aldılar.

1881-ci ildə Potsdama rəsmi səfər edən Bolqarıstan knyazı I Aleksandrla tanış oldu və qısa zamanda hər ikisi arasında münasibət yarandı. Ancaq cütlüyün evliliyinə Berlin sarayında müxalifət vardı. İmperator I Vilhelm və baş nazir Otto fon Bismark da bu evliliyə qarşı çıxanlar sırasında idi.

1890-cı ilin iyununda Lippe şahzadəsi Adolfla tanış oldu və evlilik təklifi aldı. Cütlüyün toy mərasimi 19 noyabr 1890-cı ildə Berlində baş tutdu. Uzun bir balayına gedən cütlüyün çıxdığı Avropa səyahəti Şahzadə Viktoriyanın vaxtından öncə tamamlanan hamiləliyi səbəbilə yarıda qaldı. Cütlük bir daha övlad sahibi olmadı. 1893-cü ildə Hessendə anemiya müalicəsi aldı.

Birinci Dünya müharibəsinin başlamasından sonra Berlini tərk edən Şahzadə Viktoriya Bonnda məskunlaşdı. Həyat yoldaşına sevgi hiss etməyən Şahzadə Viktoriya onun vəfatından bir müddət öncə boşanmağı düşündü. Ərinin 1916-cı ildə vəfat etməsiylə bu planlara ehtiyac qalmadı. Digər yandan müharibənin ardından bütün ailəsi ünvanlarını itirdi. Qardaşı II Vilhelm taxt-tacdan əl çəkdirildi.

1927-ci ildə Bonndakı malikanəsində universitet tələbələrinə bir ziyafət verən Şahzadə Viktoriya bu ziyafət əsnasında rus əsilli hüquq fakültəsi tələbəsi olan Aleksandr Anatoliyeviç Zubkova aşiq oldu. Qardaşı II Vilhelmin icazəsi olmadan öncə Bonndakı bələdiyyə binasında, ardından Yunan Pravoslav kilsəsində ailə üzvlərinin iştirakı olmadan 19 noyabr 1927-ci ildə Zubkovla nigahlandı. Toy əsnasında Şahzadə Viktoriya 61, yeni həyat yoldaşı Zubkov isə 27 yaşında idi. Bu isə həm ictimaiyyətdə, həm də monarx ailəsi daxilində skandala səbəb oldu. Ancaq çox keçmədən Zubkovun həddindən artıq pul xərcləməsi və qeyri-etik həyat tərzi gözə çarpmağa başladı. Çox keçmədən ölkədən sürgün edilən Zubkov Lüksemburqda ofisiant kimi çalışmağa başladı. Nəhayət, Şahzadə Viktoriya 1928-ci ildə ərindən ayrıldı.

Maliyyə sıxıntıları çəkməsi səbəbilə qalan əşyalarını auksionda satmağa başladı. Əriylə boşanma məhkəməsi davam etdiyi əsnada səhhəti pisləşdi və pnevmoniya diaqnozu qoyuldu. 13 noyabr 1929-cu ildə vəfat etdi.

Qalereya

Mənbə

Ədəbiyyat

Van der Kiste, John. The Prussian Princesses, 2014 Burke, John M. (1 October 2012). Buffalo Bill from Prairie to Palace. University of Nebraska Press. p. 336. ISBN 978-0-8032-4456-6 Van Der Kiste, John (2014). Prussian Princesses: The Sisters of Kaiser Wilhelm II. Fonthill Media. p. 10. ISBN 978-1-78155-435-7 Van der Kiste, John (2013). Dearest Vicky, darling Fritz: the tragic love story of Queen Victoria's eldest daughter and the German emperor. Stroud, UK: The History Press. p. 101. ISBN 978-0-7524-9926-0 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore, MD: Genealogical Publishing Company, Inc. p. 10. ISBN 0806312025 Cadbury, Deborah (2017). Queen Victoria's Matchmaking: The Royal Marriages that Shaped Europe. PublicAffairs. pp. 102–120. ISBN 978-1610398466 Louda, Jiří; Maclagan, Michael (1999). Lines of Succession: Heraldry of the Royal Families of Europe. London: Little, Brown. p. 34. ISBN 1-85605-469-1

İstinadlar