Qram boyanması — bakteriya növlərini iki böyük qrupa — qram-müsbət bakteriyalar və qram-mənfi bakteriyalar — ayırmaq üçün istifadə edilən boyama üsuludur. Bu üsul həmçinin göbələk infeksiyalarının diaqnostikasında da istifadə oluna bilər. Adını bu texnikanı 1884-cü ildə hazırlamış danimarkalı bakterioloq Hans Kristian Qramdan almışdır. Qram boyanması bakteriyaları onların hüceyrə divarlarının kimyəvi və fiziki xüsusiyyətlərinə görə fərqləndirir. Qram-müsbət hüceyrələrin hüceyrə divarında qalın peptidoqlikan qatı yerləşir və bu qat ilkin boya olan kristal bənövşəyini saxlayır. Qram-mənfi hüceyrələrdə isə peptidoqlikan qatı daha nazikdir və etanol əlavə edildikdə kristal bənövşəyi yuyulub çıxır. Bundan sonra onlar əks boya ilə, adətən safranin və ya fuksinlə çəhrayı və ya qırmızı rəngə boyanırlar. Lüqol yod məhlulu kristal bənövşəyi əlavə edildikdən sonra həmişə tətbiq olunur. Bu məhlul kristal bənövşəyi ilə sabit kompleks əmələ gətirərək boyanın hüceyrə divarı ilə əlaqəsini gücləndirir. Qram boyanması bakterial qrupların identifikasiyasında demək olar ki, həmişə ilk mərhələdir. Klinik və elmi tədqiqatlarda qiymətli diaqnostik vasitə olmasına baxmayaraq, bütün bakteriyalar bu üsulla qəti şəkildə təsnif edilə bilmir. Bu səbəbdən qram-dəyişkən (gram-variable) və qram-müəyyən olunmayan (gram-indeterminate) qruplar mövcuddur.

Tarixi

Bu üsulun adı onun yaradıcısı, danimarkalı alim Hans Kristian Qramın (1853–1938) adı ilə bağlıdır. O, texnikanı 1884-cü ildə Berlində şəhər xəstəxanasının morqunda Karl Fridlender ilə işləyərkən inkişaf etdirmişdir. Qram bu texnikanı bakteriyaların bir-birindən fərqləndirilməsi məqsədilə deyil, ağciyər toxumasının boyanmış kəsiklərində bakteriyaları daha görünən etmək üçün hazırlamışdı. Qram müşahidə etmişdi ki, bəzi bakteriya hüceyrələri rəngsizləşdirməyə qarşı nəzərəçarpacaq dərəcədə davamlıdır. Bu müşahidələrə əsaslanaraq o, ilk qram boyama prosedurunu hazırlamışdır. İlkin metodda Ehrlich anilin-gentian bənövşəyi boyası, Lüqol yodu, rəngsizləşdirmə üçün mütləq spirt və əks boya kimi Bismark qəhvəyisindən istifadə olunurdu.

O, öz metodunu 1884-cü ildə nəşr etdirmiş və qısa hesabatında tif çöplərinin boyanı saxlamadığını qeyd etmişdir. Qram öz prosedurundan istifadə edərkən ilkin olaraq qram-müsbət və qram-mənfi bakteriyalar arasında fərq qoymamışdır.

İstifadəsi

Vaginal yaxmadan əldə edilmiş Candida albikans preparatının qram boyanması zamanı görünüşü. Kiçik oval formalı xlamidosporların diametri 2–4 mikrometrdir. Qram boyanması bakterioloji laboratoriya üsulu olub, bakteriyaları hüceyrə divarlarının fiziki xüsusiyyətlərinə əsasən iki böyük qrupa — qram-müsbət və qram-mənfi bakteriyalara ayırmaq üçün istifadə edilir. Bu üsul göbələk infeksiyalarının diaqnostikasında da tətbiq edilə bilər. Qram boyanması arxelərin təsnifatı üçün istifadə edilmir, çünki bu mikroorqanizmlər filogenetik qruplarına uyğun gəlməyən çox müxtəlif reaksiyalar verirlər. İnfeksiyadan şübhələnildikdə qram boyanması bədən mayelərinə və ya biopsiya nümunələrinə tətbiq olunur. Bu üsul kultivasiya ilə müqayisədə daha sürətli nəticələr verir və xüsusilə infeksiyanın xəstənin müalicəsinə və proqnozuna əhəmiyyətli təsir göstərə biləcəyi hallarda mühüm əhəmiyyət daşıyır. Buna nümunə olaraq: meningit zamanı alınan beyin-onurğa beyni mayesi; septik artrit zamanı əldə olunan sinovial maye göstərilə bilər.

Boyanma mexanizmi

Qram-müsbət bakteriyalar kristal bənövşəyi ilə bənövşəyi rəngə boyanır, qram-mənfi bakteriyalar isə safraninlə çəhrayı rəng alırlar. Qram-müsbət bakteriyaların hüceyrə divarı peptidoqlikandan ibarət qalın torşəkilli quruluşa malikdir və hüceyrə örtüyünün təxminən 50–90 faizini təşkil edir. Bu səbəbdən onlar kristal bənövşəyi ilə boyandıqda bənövşəyi rəngdə görünürlər. Qram-mənfi bakteriyalarda isə peptidoqlikan qatı daha nazikdir və hüceyrə örtüyünün təxminən 10 faizini təşkil edir. Buna görə də onlar bənövşəyi boyanı saxlamır və sonradan safraninlə çəhrayı rəngə boyanırlar.

Qram boyanmasının əsas mərhələləri Qram boyanması dörd əsas mərhələdən ibarətdir:

İlkin boyanın tətbiqi Bakterial kulturanın istiliklə fiksasiya edilmiş yaxmasına ilkin boya olan kristal bənövşəyi tətbiq edilir. İstiliklə fiksasiya bəzi bakteriyaları öldürsə də, əsas məqsəd bakteriyaların şüşə üzərində sabitlənməsini təmin etmək və boyama zamanı yuyulub getmələrinin qarşısını almaqdır.

Yodun əlavə edilməsi Sonra yod məhlulu əlavə olunur. Yod kristal bənövşəyi ilə birləşərək onun hüceyrə daxilində tutulmasını təmin edir.

Rəngsizləşdirmə Preparat qısa müddət ərzində etanol və ya aseton ilə rəngsizləşdirilir. Bu mərhələ qram-müsbət və qram-mənfi bakteriyaların fərqlənməsində əsas rol oynayır.

Əks boyama Son mərhələdə preparat safranin ilə boyanır. Bəzi hallarda safraninin əvəzinə karbol fuksin istifadə edilir. Karbol fuksin anaerob bakteriyaları daha intensiv boyasa da, əks boya kimi daha az istifadə olunur.

İstinadlar

Kateqoriya:Bakteriologiya Kateqoriya:Mikrobiologiya Kateqoriya:Mikroskopiya