Məmmədov Məhəmməd Əsgər oğlu — texnika mühəndisi, rabitə və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssis, texnika üzrə fəlsəfə doktoru, dosent — 1957-ci ildə Naxçıvan MSSR-nın Babək rayonunun Bulqan kəndində anadan olmuşdur.
Həyatı və fəaliyyəti 1974-cü ildə həmin Bulqan kənddə orta məktəbi bitirmişdir. Elə həmin il Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ, indiki Azərbaycan Texniki Universiteti — AzTU) Elektrotexnika fakültəsinə daxil olmuşdur. 1979-cu ildə AzTU- nun “Elektrotexnika” fakultəsinin “Avtomatik elektrik rabitəsi” ixtisasını bitirmiş və təyinatla Azərbaycan Respublikası Rabitə Nazirliyinin sərəncamına göndərilmişdir.
Həmin ildən rabitə sahəsində fəaliyyətinə başlamışdır:
1979 – 1989-cu illərdə elektrik mexaniki vəzifəsindən başlayaraq mühəndis, böyük mühəndis, stansiya xidmətinin rəisi, telefon qovşağının baş mühəndisi; 1989 – 1990, 1992 – 1994, 1997 – 1999-cu illərdə Baki Telefon Rabitəsi İB-nin baş mühəndisi; 1996 – 1997-ci illərdə “Azərrabitəlayihə” Layihə Axtarış Kontorunun rəisi; 1999 – 2004-cu illərdə Baki Telefon Rabitəsi İB-nin rəisi; 2004 – 2015-cı illərdə Aztelekom IB-nin Baş direktoru; 2008 – 2015-cı illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Nəzarət – Təftiş Komissiyasının sədri. M.Məmmədov “Rabitə Dünyasi” qazetinin keçirdiyi sorğuya əsasən 2000-ci və 2001-ci ilin yekunlarına görə iki dəfə “İlin Birlik Rəisi” nominasiyasında qalib olub.
M.Məmmədov paralel olaraq elmi fəaliyyətini də davam etdirmişdir. 2003-cü ildən texnika elmləri namizədi və 2010-cu ildən müsabiqə yolu ilə “Çoxkanallı telekommunikasiya sistemləri” kafedrası üzrə dosent vəzifəsinə seçilmişdir. O, magistr hazırlıq pilləsində ixtisas fənləri üzrə mühazirə, laboratoriya və məşğələ dərsləri aparır, buraxılış işlərinə və istehsalat təcrübələrinə rəhbərlik edib. 2005 – 2010-cu illər bakalavr buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri olub.
2006 – 2016-cı illər AzTU-nun nəzdindəki D.02.031 dissertasiya şurasının 05.12.13 — “Telekommunikasiya sistemləri, şəbəkələri və qurğuları” və 05.13.05 — “Hesablama texnikasının və idarəetmə sistemlərinin element və qurğuları” ixtisasları üzrə Elmi seminarının üzvü olub.
Elmi fəaliyyət Elmlər namizədi, dosent M.Məmmədovun İxtira üzrə Patentin, AAK siyahısına daxil olan, Scopus indeksli MDB ölkələrinin elmi-tutumlu, ixtisaslaşmış jurnallarında və Springer nəşrlərin impak-faktorlu jurnallarında dərc olunmuş elmi işlərin, dərs vəsaitlərin, elmi-metodik vəsaitlərin və rabitənin müxtəlif sahələrində tətbiq edilən səmərəli təkliflərin müəllifidir.
M.Məmmədovun 20 ildən artıq elmi-pedaqoji iş stajı vardır:
AzTU nun “Çoxkanallı telekommunikasiya sistemləri” kafedrasında aparılan dövlət büdcəli elmi-tədqiqat işinin yerinə yetirilməsində aktiv iştirak edib. “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə kadr hazırlığının səviyyəsini yüksəltmək məqsədi ilə tədris laboratoriyalarının maddi-texniki bazasının möhkəmləndirilməsində Universitetə əməli köməklik göstərib. Rusiya Federasiyasının Beynəlxalq Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvüdür.
Elmi əsərlər
ISDN şəbəkəsinin terminal adapterləri // Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi, Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutu, İnformasiya vərəqi, № 6, 1998. Müasir telekommunikasiya texnologiyaları, 1998. Optik foton texnologiyasının analizi // Azərbaycan Texnologiya İnstitutu Azərbaycan Xalq Cümhüriyyətinin 81 illik yubileyinə həsr olunmuş “Yeyinti, yüngül sənaye və xidmət sahələrinin aktual problemləri” Beynəlxalq elmi-texniki konfrans, 1999. Применение преобразователей на основе нейтронных сетей в системах распознавания // AzTU-nun professor-müəllim heyəti və aspirantların 48-ci tədris-metodiki və ETK, II hissə, 2000. Sxemotexnikanın əsasları. Ali məktəblər üçün dərslik. 1-ci hissə, 2007. Sxemotexnikanın əsasları. Ali məktəblər üçün dərslik. 2-ci hissə, 2007. Теоритические основы оптимизации узлов и сетей связи // Bakı: Elm, 2007. Зависимость свойств множества разрешенных кодовых конструкций от параметров таймерных сигналов // A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının elmi əsərlər məcmuəsi, № 2, 2008. Çoxkanallı telekommunikasiya sistemlərinin əsasları, 2009.
Patentlər
Optik liflərin pyezoelektrik kommutasiya qurğusu, 1999. Portativ ozonator, 2006. Kipləndirici kompaund, 2006. Məsafədən zondlama peyk verici-qəbuledici telerabitə sistemi, 2007. Telefon zənginin melodiyalı siqnalizatoru, 2007. Telefon abunəçi xəttində ifrat gərginlik yüklənməsini aradan qaldıran sxem, 2007. Telefon aparatının mikrofon qurğusu, 2007.
Digər məlumatlar
1997 – 2015-ci illər ərzində Baş Nazirin Sərəncamları ilə Rabitə Nazirliyinin (eləcə də Nazirliyin yerində həmin dövr ərzində yaranan yeni Nazirliklərin) Kollegiyasının üzvü olub; 1989 – 2000-ci illərdə Rabitə Nazirliyinin Texniki şurasının üzvü olub; 1998 – 2000-ci illərdə Naxçıvan MR-nın rabitə şəbəkəsinin yenidən qurulması üzrə İşçi Qrupa rəhbərlik edərək aylarla Muxtar Respublikanın şəhər və rayonlarında qalaraq, yerində tikinti və yenidən qurma işlərinin aparılmasını təşkil edib; Əlli faizdən çoxu analoq tipli avadanlıqlar olan Aztelekom şəbəkəsinin ən ucqar yaşayış məntəqələri daxil olmaqla 2013-cü ildə elektron avadanlıqlarla tam əvəz edilməsini təmin edib; Aztelekom şəbəkəsində istifadə olunan üç rəqəmli, dörd rəqəmli, beş rəqəmli və s. nömrələnmələri, 2014-cü ildən etibarən Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyyələrinə uyğun vahid yeddirəqəmli nömrələnməyə keçirilməsini təmin edib; Aztelekom şəbəkəsi ərazisində olan bütün şəhərlərə, rayon mərkəzlərinə və qəsəbələrə, eləcə də 50%-dən artıq kəndlərə optik kabellərin çəkilməsini təmin edib.
Aldığı mükafatlar 2001-ci ildə “Rabitə Ustası” fəxri adına; Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında; Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) sertifikatlarına; Rabitənin inkisafi üzrə Regional Əməkdaşlıq Şurasinin Fəxri Fərmanına; Azərbaycan Jurnalistlər İttifaqının Diplomuna layiq görülüb.
İstinadlar
Kateqoriya:Dosentlər Kateqoriya:Azərbaycan alimləri