Cümşüd Məhəmməd oğlu Hacıyev (5 may 1931, Sarvan – 30 noyabr 2022, Bakı) — azərbaycanlı filosof, fəlsəfə elmləri namizədi (1967), dosent (1972).
Həyatı Cümşüd Hacıyev 1931-ci ildə Borçalının Sarvan kəndində, Nayvəlilər ocağında anadan olmuşdur. 1937-ci ildə Marneuli Pedaqoji Texnikumunun nəzdindəki ibtidai məktəbə daxil olmuş, 1941-ci ildə ibtidai təhsilini bitirmişdir. Daha sonra 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmiş və 1945-ci ildə 8-ci sinfi bitirdikdən sonra Marneuli Pedaqoji Texnikumuna daxil olmuşdur. 1949-cu ildə texnikumu bitirərək, BDU-nun Tarix fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi-pedaqoji fəaliyyəti 1954–1963-cü illərdə Marneuli şəhərindəki 2 saylı orta məktəbdə tarix, məntiq və ictimaiyyət fənlərini tədris etmişdir.
Ali məktəblərdə fəaliyyəti 1966-cı ilin oktyabrından BDU-nun fəlsəfə kabinetinin müdiri vəzifəsində işləmişdir. 1967-ci ilin dekabrından kafedrada müəllim, 1969-cu ilin dekabrından isə baş müəllim vəzifələrində çalışmışdır. 1972-ci ilin dekabrından dosent vəzifəsinə təyin olunmuşdur. 1974-cü ilin sentyabrından etibarən Azərbaycan Dillər Universitetinin Fəlsəfə kafedrasında dosent kimi pedaqoji fəaliyyətini davam etdirmişdir.
Elmi dərəcəsi və əsərləri Elmi tədqiqatlarında fəlsəfənin nəzəri məsələlərinə, dialektikaya və mənəvi-fəlsəfi cərəyanlara xüsusi yer ayırmışdır. 1967-ci ilin aprelində "Şəhərlə kənd arasındakı mühüm fərqlərin aradan qaldırılmasının şəxsiyyətin hərtərəfli inkişafında rolu" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır.Məmməd Sarvan. Borçalı alimləri. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı, 2001, səh. 115-116. Cümşüd Hacıyev ümumilikdə 25-dən çox elmi və elmi-publisistik əsərin müəllifidir. O, elmi fəaliyyəti dövründə 15-ə yaxın beynəlxalq və respublika səviyyəli konfransda çıxış etmiş, elmi məqalələr dərc etdirmişdir.
Ailəsi Cümşüd Hacıyev Borçalının öndər şəxsiyyəti Nayvəlinin nəticəsidir. O, professor Abbas Hacıyevin, filoloq Vəkil Hacılının və dövlət xadimi, pedaqoq Tofiq Hacıyevin qardaşıdır. Filoloq Asif Hacılı isə Cümşüd Hacıyevin qardaşı oğludur.
İstinadlar
Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunları Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Marneulidə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:1931-ci ildə doğulanlar Kateqoriya:2022-ci ildə vəfat edənlər Kateqoriya:Nayvəlilər (Hacıyevlər)