Kənzül-məsaib (; ) — XIX əsr Azərbaycan şairi və mərsiyəxanı Mirzə Məhəmməd Tağı Qumri Dərbəndi tərəfindən Azərbaycan dilində qələmə alınmış mənzum dini əsər. Əsər Kərbəla hadisəsinə və Əhli-beytin müsibətlərinə həsr olunmuşdur. Qumrinin günümüzə qədər gəlib çatmış ən iri həcmli və ən məşhur əsəri hesab edilir.

Tarixi Tədqiqatçılar Mirzə Məhəmməd Tağı Qumrinin üç böyük əsərinin mövcud olduğunu qeyd etsələr də, günümüzə qədər tam şəkildə gəlib çatan yeganə əsəri "Kənzül-məsaib" olmuşdur. Əsər haqqında məlumat verən Məhəmməd Əli Tərbiyət "Danişməndani-Azərbaycan" əsərində yazır ki, Qumri əvvəlcə Məhərrəm mərasimlərində şəbeh tamaşaları təşkil etmiş, sonralar isə bu fəaliyyətdən uzaqlaşaraq rövzəxanlıq və Kərbəla hadisələri haqqında yazmağa başlamışdır. Bu fəaliyyətin nəticəsi olaraq "Kənzül-məsaib" meydana gəlmişdir.

Tədqiqatçılar Qumrinin yaradıcılığında Məhəmmad Füzulinin "Hədiqətüs-süəda" əsərinin güclü təsirinin hiss olunduğunu qeyd edirlər. Hər iki əsər Məqtəl əl-Hüseyn ədəbiyyatı nümunəsi hesab olunsa da, janr baxımından bir-birindən fərqlənirlər. Belə ki, "Hədiqətüs-süəda" povest və ya roman janrına aid edilir, "Kənzül-məsaib" isə müxtəlif nəzm formalarında yazılmış lirik şeirlər toplusundan ibarətdir.

Firidun bəy Köçərlinin istifadə etdiyi mənbələrə görə əsər XIX əsrdə dəfələrlə Təbrizdə nəşr edilmişdir. Köçərli öz araşdırmalarında hicri 1300-cü ildə (1882) Təbrizdə çap olunmuş nüsxədən istifadə etmişdir. Əsərin 139 səhifədən ibarət nəşrlərindən biri 1890-cı ildə (hicri 1308) Təbrizdə Hacı Əli Sərrafın naşirliyi ilə çap olunmuşdur.

Məzmunu "Kənzül-məsaib" əsərində Məhəmmədin vəfatından sonra başlayan xilafət mübarizələri, Əhli-Beytin həyatı və nəhayət Kərbəla döyüşü ardıcıl şəkildə təsvir olunur. Əsər yalnız Kərbəla hadisələrini deyil, eyni zamanda İslam tarixinin mühüm mərhələlərini də əhatə edir. Əsərdə hadisələr əsasən Kərbəla iştirakçılarının dilindən söylənilən şeirlər vasitəsilə təqdim edilir. Bu şeirlər Azərbaycan mərsiyə və növhə ənənəsinin mühüm nümunələrindən hesab olunur. Əsərdə Hüseyn ibn Əli, Abbas ibn Əli, Əli Əkbər, Qasım ibn Həsən, Müslim ibn Əqil və digər tarixi şəxsiyyətlər haqqında geniş məlumat verilir.

Müəllif Kərbəla hadisələrini təsvir edərkən Quranda və İslam ənənəsində yer alan peyğəmbərlərin həyatından da nümunələr gətirmişdir. Yusif, Yaqub, Əyyub, İbrahim və digər peyğəmbərlərin sınaqları Hüseyn ibn Əlinin çəkdiyi müsibətlərlə müqayisə olunur.

Nüsxələri "Kənzül-məsaib" əsərinin çoxsaylı əlyazma nüsxələri mövcuddur. Bunun əsas səbəbi əsərin uzun müddət Məhərrəm mərasimlərində və dini məclislərdə geniş şəkildə istifadə olunmasıdır. Ən məşhur nüsxələrdən biri İstanbul Böyükşəhər Bələdiyyəsinin Atatürk Kitabxanasında saxlanılır. Bu nüsxə 333 vərəqdən ibarət olub digər məlum nüsxələrə nisbətən daha tam hesab edilir.

Əsərin digər nüsxələri "Gülzar" və ya "Gülzari-Hüseyn" adları ilə də tanınır. Bu nüsxələrdə bəzi başlıq və şeirlərin sıralanmasında fərqlər müşahidə edilir. Bir sıra əlyazmalar miniatür və təsvirlərlə bəzədilmişdir.

Quruluşu Əsər 123 başlıqdan ibarətdir. Bu başlıqlarda ümumilikdə 10.733 beyt, 79 bənd və 12 dördlük yer alır. Əsərdə 85 məsnəvi; 24 qəsidə; 10 qəzəl; 2 rübai; 1 müxəmməs; mürəbbe və tərkibbənd nümunələri kimi nəzm formalarından istifadə edilmişdir.

"Kənzül-məsaib"də 6 müxtəlif əruz bəhrindən və 10 ayrı əruz qəlibindən istifadə olunmuşdur. Ən çox işlədilən vəzn müctəs bəhrinin "Məfâilün Failâtün Məfâilün Failün" qəlibidir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan dilində ədəbi əsərlər