Təhmasib Novruzov (2 avqust 1956, Mirəşəlli kəndi, Ağdam rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı, publisist, ictimai-siyasi xadim, qəzet redaktoru. Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından biri, bir sıra qəzetlərin baş redaktoru olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədridir.

Bioqrafiya

Təhmasib Yüzasif oğlu Novruzov 1956-cı il avqustun 2-də Azərbaycanın Ağdam rayonunun Mirəşəlli kəndində anadan olmuşdur.

Mirəşəlli kənd məktəbində, Bənövşələr ibtidai məktəbində və Əhmədağalı kənd orta məktəbində orta təhsil alıb. 1974-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb.

1978-1991-ci illərdə müəllim, direktor müavini və məktəb direktoru kimi fəaliyyət göstərmişdir. 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib və Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub.

Ailəlidir, bir oğlu var.

Fəaliyyəti

1989-cu ilin mayında Azərbaycan Xalq Cəbhəsinin yaradılması təşəbbüs qrupunun üzvü olmuş, 1989-cu ilin iyulunda təşkilatın təsis konfransında Ali Məclisin üzvü seçilmişdir. 1989-1992-ci illərdə AXC Ali Məclisinin üzvü və “Ana torpaq” qəzetinin baş redaktoru olmuşdur.

1990 və 1992-ci illərdə “Qozbeli qəbir düzəldər” və “Qan təzyiqi” adlı pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulub.

1992-ci ilin aprelində AXC daxilindəki bəzi siyasi mövqelərə etiraz etmiş və həmin ilin sentyabrında AXC-dən ayrılmışdır. 1995-2000-ci illərdə xeyriyyə cəmiyyətinin sədri, “XXI əsr”, “Əsrin sözü”, “Azadlıq fədailəri” qəzetlərinin baş redaktoru olub. 2006-cı ildə qurulmuş "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədridir.

Publisistik və bədii yazıları "Yeni Azərbaycan", "İki sahil", "Səs", "Ədalət", "Təzadlar", "Vətənin səsi", "Ana torpaq" və digər mətbuat orqanlarında çap olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Əsərləri

Kitablar:

Qaranlıq dünya — şeirlər toplusu, Bakı, 2001. Yaşam romanı (I cild) — Bakı, 2006. Yaşam romanı (II cild) — Bakı, 2007. Yurd yeri: Abdal-Gülablı — tarixi-publisistik kitab, Bakı, 2014. Nur dərəsi — roman, Bakı, 2023. Dövlət başa (I və II cild) — publisistik kitab, Bakı, 2025.

Pyeslər:

Qozbeli qəbir düzəldər — 1990. Qan təzyiqi — 1991/1993 (repertuara daxil edilmiş).

Xarici keçidlər AĞDAM 1993...(Ağdam işğal ərəfəsində...T.Novruzov) AĞDAMIN İŞĞALINA GEDƏN YOL - TƏHMASİB NOVRUZOV TEZADLAR TV-NİN CANLI EFİRİNDƏ - XV HİSSƏ

İstinadlar