Jan-Frederik Felippo, qraf de Morepa (; ) — Fransa dövlət xadimi. O, 1723–1749-cu illər arasında kral XV Lüdovikin hakimiyyəti dövründə hərbi-dəniz donanması işləri üzrə dövlət katibi vəzifəsini icra etmişdir. Uzunmüddətli qəzəbdən sonra, XVI Lüdovikin taxta çıxması ilə 1774-cü ildə başa çatan bu dövrün ardınca dövlət naziri təyin edilmiş və 1781-ci ildə vəfat edənə qədər bu vəzifədə qalmışdır.
Həyatı Qraf de Morepa təbiətən iti və uzaqgörən zəkaya sahib olmuşdur. Buna baxmayaraq, Fransa yazıçısı və salon rəhbəri Klodina Heren de Tansenin qeyd etdiyi kimi, eyni zamanda yüngülxasiyyət və eqoist bir şəxsiyyət olmuşdur. Hazırcavab, tənqidi, sarkastik və zarafatcıl xarakterə malik olan bu dövlət xadimi hər hansı bir məsələyə istehzalı münasibət bildirmək fürsətini heç vaxt əldən verməmişdir. Bununla belə, baron Bezenvalın xatirələrində qeyd olunduğu kimi, onu alçaq və ya rəzil bir insan adlandırmaq doğru olmazdı. Adi bir xarici görünüşə və bəstəboy qamətə malik olan qraf de Morepa bu fiziki çatışmazlıqlarını şəxsi qarderobuna həddindən artıq diqqət yetirməklə, həmçinin öz əzəmətini və qətiyyətini nümayiş etdirməklə kompensasiya etməyə çalışmışdır. Çox geniş dünyagörüşünə sahib olmamışdır, lakin onun qeyri-adi yaddaşı və yüksək danışıqlar aparmaq istedadı var idi. Əksər hallarda yalnız öz intuisiyasına güvənən bu şəxsiyyət digər insanlara qiymət verərkən nadir hallarda səhvə yol verirdi, lakin bu qənaətlərini öz daxilində saxlamağı da xoşlamırdı.
Ədəbi fəaliyyəti Qraf de Morepa "Étrennes de la Saint Jean" (1742-ci il) adı altında işıq üzü görən lətifələr və yumoristik hekayələr toplusunun hazırlanmasına öz töhfəsini vermişdir. Müəllifin sənədlərindən ibarət seçmələr 1896-cı ildə Paris Tarix Cəmiyyəti tərəfindən nəşr edilmişdir. Onun katibi tərəfindən toplandığı iddia edilən və 1792-ci ildə çap olunan dörd cildlik "Morepanın xatirələri" adlı əsərin isə tarixi baxımdan etibarsız olduğu qəbul edilir. İstinadlar
Kateqoriya:Fransa qrafları Kateqoriya:Malta cəngavərləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri