Sen-Deni () — Fransada, Parisin mərkəzindən 9 km şimalda yerləşən kommuna. Əhalisi 148,907 nəfər təşkil etmişdir (2022-ci il). Yaşayış məntəqəsi Sena çayının sağ sahilində, 1824-cü ildə inşa edilmiş Sen-Deni kanalının töküldüyü yerdə, eyniadlı adanın qarşısında yerləşir. Paris ilə birbaşa nəqliyyat əlaqəsinə malikdir (RER D xəttinin "Stad de Frans — Sen-Deni" stansiyası və Paris metropoliteninin 13-cü xəttinin dörd stansiyası vasitəsilə).

Tarixi Müasir Sen-Deninin yerində II–III əsrlərdə Katkolak adlanan qəsəbə mövcud olmuşdur. Yaxın keçmişə qədər burada tez-tez daşqınlara səbəb olan xırda çaylar axmış və çoxsaylı bataqlıqlar mövcudluğunu qorumuşdur. Sen-Deni yaşayış məntəqəsi 630-cu ildə I Daqobert tərəfindən əsası qoyulmuş Benediktin abbatlığının ətrafında formalaşmışdır. XII əsrdə burada Pyer Abelyar yaşamışdır. Şəhər Yüzillik müharibə dövründə ciddi zərər çəkmiş, hərbi əməliyyatlardan sonra 10 000 nəfərlik əhalinin yalnız üçdə biri sağ qalmışdır. 1567-ci ildə Sen-Deni yaxınlığında katoliklər ilə huqenotlar arasında döyüş baş vermiş və bu qarşıdurmada Ann de Monmoransi həlak olmuşdur.

Milli Konventin əmri ilə şəhər 17 sentyabr 1793-cü il tarixindən 1800-cü ilə qədər Fransiada adlandırılmışdır.

XIX əsrdə Parisin sənaye şəhərətrafı qəsəbəsinə çevrilmişdir. 1920-ci illərdən etibarən Fransa Kommunist Partiyasının böyük nüfuza sahib olduğu "qırmızı şəhər" kimi tanınmışdır. Sen-Deninin bir neçə küçəsinə SSRİ kosmonavtlarının adları verilmiş, bu səbəbdən bəzən bura "kosmonavtlar şəhəri" də adlandırılmışdır.

Ərazinin əsas görməli yeri Fransa krallarının məqbərəsi hesab olunan qotik üslublu Sen-Deni abbatlığıdır.

İstinadlar

Kateqoriya:Fransa şəhərləri Kateqoriya:İl-de-Frans şəhərləri Kateqoriya:Sen-Deni