Rusiya 2022 Avroviziya Mahnı Müsabiqəsində — Rusiyanın 2022-ci il Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Rusiyanın "Avroviziya-2022" mahnı müsabiqəsində İtaliyanın Turin şəhərində təmsil olunması nəzərdə tutulmuşdu, lakin 25 fevral 2022-ci il tarixində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Avropa Yayım İttifaqı (EBU) Rusiyanı iştirakçıların siyahısından xaric etmişdir. İlkin plana əsasən, Rusiya 10 may 2022-ci il tarixində keçirilən birinci yarımfinalın ikinci hissəsində çıxış etməli idi.
Avroviziyadan əvvəl Ümumdünya Dövlət Teleradio Yayımı Şirkəti (VGTRK) 2022-ci il üçün Rusiya təmsilçisinin seçimi ilə bağlı rəsmi bəyanat yaymamışdır. Namizədlərin qısa siyahısına Aleksandr Panayotov, Danya Miloxin, Yeqor Krid, Vanya Dmitrienko, Klava Koka və Yaroslava Simonova daxil edilmişdir. Sonradan qısa siyahıdakı sənətçilərin sayı üçə qədər azaldılmışdır: bura iki qadın (Klava Koka, Yaroslava Simonova) və bir kişi ifaçı daxil idi və VGTRK təmsilçini onların arasından seçməli idi. Məlumatlara görə, yekun qərarda Rusiyanın təmsilçisi olaraq Yaroslava Simonova seçilmişdir.
Rusiyanın 24 fevral 2022-ci il tarixində başlayan Ukraynaya hərbi müdaxiləsi nəticəsində Ukrayna teleradio şirkəti ittifaqa üzv olan Rusiya teleradio şirkətlərinin üzvlüyünün dayandırılması və Rusiyanın müsabiqədən kənarlaşdırılması xahişi ilə müraciət etmişdir. Müraciətdə Rusiyanın 2014-cü ildə Ukraynaya etdiyi hərbi müdaxilədən bəri VGTRK və "Birinci Kanal"ın Rusiya hökumətinin ruporu və Rusiyanın dövlət büdcəsindən maliyyələşən siyasi təbliğatın əsas aləti olduğu qeyd edilmişdir. İlkin mərhələdə Avropa Yayım İttifaqı tədbirin qeyri-siyasi xarakter daşıdığını əsas gətirərək, Ukrayna ilə yanaşı Rusiyanın da müsabiqədə iştirakına icazə veriləcəyini bəyan etmişdir. Danimarkanın DR teleradio şirkətinin "Dansk Melodi Grand Prix" layihəsinin baş redaktoru Qustav Lütshöft Rusiyanın iştirakının "Avroviziya"nın dəyərlərinə uyğun gəlmədiyini bildirmişdir. İsveçin SVT, İslandiyanın RÚV, Litvanın LRT və Norveçin NRK teleradio şirkətləri də Avropa Yayım İttifaqını Rusiyanı müsabiqədən kənarlaşdırmağa çağırmış, Niderlandın AVROTROS, Polşanın TVP və Ukraynanın UA:PBC şirkətləri isə əlavə olaraq Rusiyanın ittifaqdakı üzvlüyünün dayandırılmasını tələb etmişdir. Estoniyanın ERR və Finlandiyanın Yle şirkətləri Rusiyanın dəvət olunacağı təqdirdə müsabiqədə iştirak etməyəcəklərini bəyan etmişdir. Latviyanın 2022-ci il müsabiqəsindəki təmsilçisi "Citi Zēni" qrupu da Avropa Yayım İttifaqına göndərdiyi elektron məktubda Rusiyanın iştirakına icazə verilməsi barədə qərarın yenidən nəzərdən keçirilməsini istəmişdir.
25 fevral 2022-ci il tarixində Avropa Yayım İttifaqı Ukraynadakı görünməmiş böhran fonunda Rusiya təmsilçisinin müsabiqəyə daxil edilməsinin layihənin nüfuzuna xələl gətirəcəyini əsas gətirərək, Rusiyanın müsabiqədə iştirak etməyəcəyini elan etmişdir. Ertəsi gün Rusiyanın bütün Avropa Yayım İttifaqı üzvləri, o cümlədən VGTRK və "Birinci Kanal" ittifaqdan çıxdıqlarını bəyan etmişdir. 1 mart tarixində Avropa Yayım İttifaqı növbəti bəyanat yayaraq, Rusiyadan olan üzvlərin idarəetmə strukturlarındakı iştirakının dayandırıldığını elan etmişdir.
Avroviziyada 26 may 2022-ci il tarixində Avropa Yayım İttifaqı Rusiyadan olan üzvlərinin fəaliyyətinin dayandırılması barədə qərarı qüvvəyə mindirmişdir. Bunun nəticəsində Rusiya qeyri-müəyyən müddətə gələcək "Avroviziya" tədbirlərini yayımlamaq və onlarda iştirak etmək hüququndan məhrum olmuşdur.
İstinadlar
Kateqoriya:Rusiya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:2022-ci ildə Rusiya Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsi mübahisələri