Elşən Talıb oğlu Abbasov () — Azərbaycanlı sahibkar və ictimai-siyasi xadim. Gəncə İdman Klubunun vitse-prezidenti. Reqbi Federasiyasının rəhbəri. Milli Olimpiya Komitəsinin üzvü

Həyatı Elşən Talıb oğlu Abbasov 1978-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 1 nömrəli Mərkəzi Uşaq Bağçasında tərbiyə almışdır.

1984-cü ildə Bakı şəhəri Nəsimi rayonu 159 nömrəli Beynəlmiləl Orta Məktəbinin rus bölməsində təhsil almağa başlamış, 1995-ci ildə həmin məktəbi bitirmişdir. Məktəb illərində ictimai fəaliyyətlə məşğul olmuş, həmçinin kikboksinq üzrə Azərbaycanın yığma komandasında çıxış etmiş və müxtəlif yarışların qalibi olmuşdur. 2000-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin nəzdində fəaliyyət göstərən Sərhəd Qoşunlarında keçmişdir.

Təhsili 1995-ci ildə Naxçıvan Universitetinin Avtonəqliyyat fakültəsinə daxil olmuşdur. 2000-ci ildə ali təhsilini başa vurmuşdur.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının qiyabi şöbəsinə qəbul olunmuş, 2014-cü ildə Akademiyanın Politologiya fakültəsini bitirərək bakalavr dərəcəsi almışdır.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının xətti ilə Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti və Xalq Təsərrüfatı Akademiyasının Beynəlxalq Hüquq fakültəsinin magistratura şöbəsinə qəbul olunmuş, 2017-ci ildə magistr təhsilini başa vurmuşdur.

Əmək fəaliyyəti Təhsil aldığı dövrdə əmək fəaliyyətinə başlamışdır. 1998-ci ildə Türkiyənin İhlas Xəbər Agentliyi və TGRT televiziya kanalının Azərbaycandakı nümayəndəliyində ictimai-siyasi bölmə üzrə baş operator vəzifəsində çalışmışdır. 1999-cu ildə həmin nümayəndəliyin sədr müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə İhlas Xəbər Agentliyi və TGRT televiziya kanalının Azərbaycandakı nümayəndəliyində fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Boya istehsalı müəssisəsinə rəhbərlik edir. 2000-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin nəzdində fəaliyyət göstərən Sərhəd Qoşunlarında keçmişdir. 5 noyabr 2019-cu ildən Gəncə İdman Klubunun vitse-prezidenti vəzifəsini icra edir.

İstinadlar