"Forogj, világ!" — Macarıstanın "NOX" musiqi qrupunun Sabolç Harmat və Attila Valla tərəfindən yazılmış sinqlı. Bu kompozisiya qrupun 2005-ci ildə işıq üzü görmüş "Ragyogás" adlı dördüncü studiya albomunun reklamı məqsədilə təqdim edilmişdir.

Avroviziyada 2005-ci ilin mart ayında mahnı "Eurovíziós Dalfesztivál" müsabiqəsinin finalında qalib gəlmiş, iki ay sonra isə Kiyevdə keçirilən 50-ci Avroviziya Mahnı Müsabiqəsinin finalında Macarıstanı təmsil edərək 12-ci yeri tutmuşdur. Bu kompozisiya, ölkənin milli yayımçısının altıillik fasilədən sonra müsabiqəyə təqdim etdiyi ilk Macarıstan mahnısı olmuşdur. "Avroviziya" səhnəsindəki çıxışı xalq rəqqasları müşayiət etmişdir. Bu, Ruslananın əvvəlki il ifa etdiyi "Wild Dances" mahnısının təqdimatını və ya daha əvvəlki mahnı müsabiqələrinin birində fasilə zamanı nümayiş etdirilən "Riverdance" şousunu xatırlatmışdır. Çıxışın başlanğıcında solist rəqqas Tamaş Nacı və dörd digər rəqqas qoşulmuşdur. Onlar həmçinin dekolteli qara kostyum geyinmiş aparıcı müğənni Silviya Peter Sabonun vokal dəstəyini təmin etmişdir. Müğənni özü də nəqarət zamanı xoreoqrafiyanın sadələşdirilmiş versiyasını rəqs etmişdir.

Macarıstan 1998-ci ildən bəri mahnı müsabiqəsində iştirak etmədiyi üçün mahnı ilk növbədə yarımfinalda ifa olunmuşdur. Kompozisiya 19 may 2005-ci il tarixində keçirilən yarımfinalda, çıxış ardıcıllığına əsasən, Rumıniya təmsilçiləri Luminita Anghşel və "Sistem" qrupunun ifa etdiyi "Let Me Try" mahnısından sonra və Finlandiya təmsilçisi Geyr Rönninqin "Why?" mahnısından əvvəl on beşinci nömrə altında təqdim edilmişdir. Müsabiqənin yarımfinal mərhələsində mahnı 167 xal toplayaraq 5-ci yerdə qərarlaşmışdır. Finalda qrup birinci nömrə altında çıxış etmiş və səsvermənin nəticələrinə əsasən 97 xal toplayaraq ümumi hesabla 12-ci yeri tutmuşdur.

Qrup, həmçinin bu mahnının "Spin, World!" adlı ingilisdilli versiyasını da lentə almışdır.

İstinadlar

Kateqoriya:Macarıstan Avroviziya Mahnı Müsabiqəsində