Qulamrza Süleymani () () — İran hərbçisi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sırasındakı yüksəkrütbəli zabitlərdən biri və "Bəsic" hərbiləşdirilmiş könüllü qüvvələrinin komandanı. O, 2026-cı il İran müharibəsi zamanı İsrailin endirdiyi zərbələr nəticəsində həlak olmuşdur.

Erkən illəri və hərbi karyerası Qulamrza Süleymani 1964-cü ildə İranın cənub-qərbində yerləşən Çaharmahal və Bəxtiyari ostanının Farsan şəhərində anadan olmuşdur. O, hərbi karyerasına 1982-ci ildə, İran–İraq müharibəsi dövründə "Bəsic" qüvvələrində könüllü olaraq başlamış, müharibə illərində rota və batalyon komandiri rütbəsinə qədər yüksəlmişdir.

Süleymani müharibənin müxtəlif döyüşlərində və əməliyyatlarında, o cümlədən "Fəthül-Mubin", "Beytül-Müqəddəs", ikinci Xürrəmşəhr döyüşü, "Ramazan" əməliyyatı, Hür Bataqlıqlar döyüşü və Bəsrənin mühasirəsi kimi mühüm hərbi hərəkatlarda iştirak etmişdir. O, 2019-cu ildən etibarən "Bəsic" təşkilatının komandanı vəzifəsini icra etmiş, bu mövqedə mövcud rejimin qanunlarının və ideallarının tətbiq olunmasında mühüm təsirə malik olmuşdur.

Təhsili Süleymani İsfahan Universitetinin tarix fakültəsində bakalavr təhsili almış, həmçinin SEPAH-ın Komandirlik və Qərargah Universitetində komandirlik və nəzarət kurslarını tamamlamışdır. O, həm də İran tarixi ixtisası üzrə doktorantura pilləsində təhsil almışdır.

Nümayişlərin yatırılmasında rolu Qulamrza Süleymani 2019-cu ilin iyulundan 2026-cı ilin martına qədər "Bəsic" təşkilatının komandanı kimi fəaliyyət göstərdiyi dövrdə bu hərbiləşdirilmiş qurumun İran mülki vətəndaşlarına qarşı bir çox insan tələfatı ilə nəticələnən sərt tədbirlərdə iştirakına rəhbərlik etmişdir. Onun rəhbərliyi altında "Bəsic" sosial yönümlü bir təşkilatdan daxili iğtişaşları ölümcül güc tətbiq etməklə yatıran əsas qüvvəyə çevrilmişdir.

Aban 98 nümayişləri Süleymani komandanlığı 2019-cu ilin noyabr nümayişlərindən qısa müddət əvvəl təhvil almış və həmin hadisələr zamanı "Bəsic" qüvvələri nümayişçilərə qarşı ölümcül güc tətbiq etmək üçün səfərbər olunmuşdur. İnsan hüquqları üzrə monitorinq qrupları onun rəhbərliyi altındakı "Bəsic" bölmələrinin kütləni dağıtmaq üçün binaların damlarında snayperlərdən və ağır pulemyotlardan istifadə etdiyini sənədləşdirmişdir. Mahşəhr qətliamı zamanı "Bəsic" və SEPAH qüvvələrinin nümayişçilərə qarşı sənaye tipli silahlardan atəş açdığı "bataqlıq qırğını"nda iştirakı müəyyən edilmişdir. "Amnesty International" təşkilatı yüzlərlə insanın ölümü ilə nəticələnən hadisələrdə "Bəsic"i əsas icraçı kimi göstərmiş və komandanlıq tərəfindən idarə olunan mərkəzləşdirilmiş "öldürmək üçün atəş aç" siyasətinin mövcudluğunu qeyd etmişdir.

"Qadın, Həyat, Azadlıq" nümayişləri Məhsa Əmini etirazları zamanı Süleymaninin tabeliyindəki qüvvələrin "ölümcül güc tətbiqi modelindən" istifadə etdiyi qeydə alınmışdır. Birləşmiş Millətlər Təşkilatının İranda Faktların Araşdırılması Missiyasının məlumatına görə, "Bəsic" bölmələri nümayişləri yatırmaq üçün qırma tüfəngləri, avtomatlar və tapançalarla təchiz edilmiş, bu da 500-dən çox insanın ölümü ilə nəticələnmişdir. Süleymani, həmçinin nümayişçilərin gözlərini metal qırmalarla hədəf alan və yüzlərlə insanın daimi korluğuna səbəb olan "Bəsic" təhlükəsizlik mühafizəçilərinin fəaliyyətinə rəhbərlik etmişdir.

2025–2026-cı illər nümayişləri 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində ölkə daxilində yenidən alovlanan iğtişaşlar dalğası zamanı Süleymani "Bəsic" batalyonlarına ictimai meydanları təmizləmək üçün "bütün zəruri vasitələrdən" istifadə etmək göstərişi vermişdir. 2026-cı ilin yanvar ayına olan hesabatlar Sistan və Bəlucistan, eləcə də Kürdüstan kimi ostanlarda "Bəsic" bölmələri tərəfindən döyüş sursatlarından istifadənin kəskin şəkildə artdığını göstərmişdir.

Sanksiyalar Mülki vətəndaşların amansızcasına sıxışdırılmasında oynadığı rola görə Qulamriza Süleymani Böyük Britaniya, Kanada, Amerika Birləşmiş Ştatları, Monako və Avropa İttifaqı tərəfindən beynəlxalq sanksiyalara məruz qalmışdır. 2020-ci ilin oktyabr ayında Birləşmiş Krallıq "Sanksiyalar və Pulların Yuyulmasına Qarşı Mübarizə Aktı 2018" çərçivəsində sanksiyalar tətbiq etmişdir. Aktivlərin dondurulması və səyahət məhdudiyyətlərini nəzərdə tutan bu tədbirlər onun mülki vətəndaşlara qarşı amansız repressiyalardakı rolu ilə əlaqədar tətbiq olunmuşdur.

2022-ci ilin oktyabr ayında Kanadanın "Xüsusi İqtisadi Tədbirlər (İran) Qaydaları" çərçivəsində sanksiyalar tətbiq edilmişdir. Anti-rejim nümayişləri zamanı insan hüquqlarının genişmiqyaslı və sistemli şəkildə pozulmasına görə tətbiq edilən sanksiyalar aktivlərin dondurulmasını, silah və maliyyə əməliyyatlarına qoyulan qadağanı, həmçinin onun Kanadaya girişinin qeyri-mümkün elan edilməsini əhatə etmişdir.

2021-ci ilın dekabr ayında ABŞ Maliyyə Nazirliyi 13553 saylı İcra Sərəncamına əsasən, "Bəsic" adından birbaşa və ya dolayısı ilə fəaliyyət göstərdiyinə görə Süleymanini Xüsusi Təyin Olunmuş Vətəndaşlar (SDN) siyahısına daxil etmişdir. Nəticədə, onun ABŞ yurisdiksiyasındakı bütün aktivləri dondurulmuş və ABŞ şəxslərinin onunla əməliyyatlar aparması qadağan edilmişdir.

2021-ci ilin aprel ayında Süleymani İranda çoxlu sayda mülki vətəndaşın itkisi ilə nəticələnən 2019-cu ilin noyabr nümayişlərinin zorakılıqla yatırılmasındakı roluna görə Avropa İttifaqı Şurası tərəfindən sanksiyaya məruz qalmışdır. Bu tədbirlərə səyahət qadağası və aktivlərin dondurulması daxil edilmişdir.

İsrailə münasibəti Qulamrza Süleymani İslam Respublikasının İsrail dövlətini sıradan çıxarmaq yönümündəki fəaliyyətini "İnqilabın ikinci addımı" olaraq xarakterizə edilən ideoloji çərçivəyə uyğun şəkildə davam etdirəcəyini bəyan etmişdir. Süleymaninin fikrinə görə, yəhudilərin islama qarşı düşmənçiliyi bu dinin yarandığı ilk dövrlərdən bəri mövcud olmuşdur.

"İnqilabın ikinci addımı" İranın Ali Rəhbəri Əli Xamenei tərəfindən 2019-cu ildə İran İslam inqilabının 40 illiyi münasibətilə irəli sürülmüş bir konsepsiyadır. Bu doktrina regionda Qərb və İsrail nüfuzuna qarşı davamlı müqaviməti vurğulayır. Xamenei 2015-ci ildə verdiyi bənzər bir bəyanatda İsrailin 25 il ərzində məhv edilməli olduğunu bildirmiş və bu fikir sonradan yüksəkrütbəli İran rəsmiləri tərəfindən tez-tez təkrarlanmışdır.

Qəzzə müharibəsi ilə bağlı Süleymani 2024-cü ilin noyabr ayında iddia etmişdir ki, İsrail HƏMAS ilə davam edən münaqişə səbəbindən iqtisadi tənəzzüllə üz-üzədir. O, Livanda fəaliyyət göstərən "Hizbullah" da daxil olmaqla, İran tərəfindən dəstəklənən silahlı qruplaşmaların İsrail qüvvələri ilə, demək olar ki, hər gün sərhədyanı qarşıdurmaları davam etdirdiyini qeyd etmişdir. HƏMAS-ın 2023-cü il 7 oktyabr hücumundan sonra Yəmən, Suriya və İraqda fəaliyyət göstərən iranpərəst qruplar tərəfindən də İsrailə qarşı əlavə hücumlar həyata keçirilmişdir. Süleymani bu prosesləri 1979-cu il inqilabının davamı kimi qiymətləndirmiş, sionist rejimin hərbi cəhətdən məğlub olduğunu irəli sürmüşdür.

O, həmçinin İsraili geri dönülməz bir tənəzzül mərhələsində olan dövlət kimi göstərməyə yönəlmiş beynəlxalq media kampaniyasının vacibliyini vurğulamışdır. Süleymani dünya ictimaiyyətinin bu rejimin çökdüyünə inandırılmalı olduğunu və rəqəmsal məkanda sionist rejimin məğlubiyyəti barədə mesajların davamlı olaraq yayılmasının zəruriliyini ifadə etmişdir.

Sui-qəsd 2026-cı il 17 mart tarixində İsrail Müdafiə Qüvvələri (SAYAL) dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, Süleymaninin Tehranın mərkəzində təşkil edilən hədəfli hava zərbəsi nəticəsində öldürüldüyünü elan etmişdir. İsrail Müdafiə Qüvvələri məlumatına görə, yerli sakinlərin təqdim etdiyi kəşfiyyat məlumatları əsasında Süleymani və onun müavini Seyid Qasım Kərişinin gizləndiyi iddia edilən meşəlik ərazidəki çadır hədəf alınmış və hər ikisi həlak olmuşdur. İranın dövlət mediası sonradan Süleymaninin ölümünü təsdiqləmişdir.

İstinadlar

Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalları Kateqoriya:İran şəxsləri