thumb|upright=1.3|Hiperməkan səyahəti bəzən izləyiciyə tərəf uzanan ulduzlar kimi təsvir olunur. Bu cür vizual effekt ilk dəfə 1974-cü ilin "Qaranlıq ulduz" (Dark Star) filmində istifadə edilmiş və sonradan, oxşar effektin "Ulduz müharibələri" franşizasında tətbiq olunması ilə məşhur kinematoqrafik təsvirə çevrilmişdir. Hiperməkan — yüksək ölçülərlə, həmçinin paralel kainatlar və işıq sürətindən daha sürətli ulduzlararası səyahət üsulu ilə əlaqəli anlayış. Termin ilkin mənasında sadəcə yüksək ölçülü məkanın sinonimi idi. Bu istifadə 19-cu əsr dərsliklərində ən geniş yayılmışdı və hələ də bəzən akademik və populyar elm mətnlərində, məsələn, "Hiperkosmos" (1994) əsərində rast gəlinir. Onun elmi fantastikadakı istifadəsi 1931-ci ildə "Amazing Stories Quarterly" jurnalında yaranmış və bir neçə onillik ərzində Ayzek Azimov və Edvin Tab kimi müəlliflərin əsərlərində, həmçinin "Ulduz müharibələri" kimi media franşizalarında istifadəsi sayəsində elmi fantastikanın ən məşhur motivlərindən birinə çevrilmişdir.
Bu anlayışın elmi fantastikada populyarlığının əsas səbəblərindən biri adi fiziki məkanda işıq sürətindən daha sürətli səyahətin mümkünsüz olmasıdır, hiperməkan isə yazıçılara bu məhdudiyyəti aşmağa imkan verir. Əksər əsərlərdə hiperməkan, üçölçülü məkanın formasının təhrif edilərək uzaq nöqtələrin bir-birinə yaxınlaşdırıldığı daha yüksək ölçü kimi təsvir olunur ki, bu da soxulcan dəliyi anlayışına bənzəyir yaxud içərisində səyahət etməyə imkan verən və qısayol yaradan paralel kainat kimi təqdim edilir. Adətən hiperməkanda "hipermühərrik" adlı cihaz vasitəsilə hərəkət etmək mümkündür, bu proses çox vaxt "tullanma" kimi tanınır. Bir çox əsər hiperməkandan süjet üçün zəruri olan işıq sürətindən sürətli səyahəti təmin edən vasitə kimi istifadə edir, az sayda əsər isə onu hekayənin əsas elementi halına gətirir. Hiperməkan ən çox ulduzlararası səyahət kontekstində istifadə olunsa da, bəzi əsərlər hiperməkan sakinləri, hiperməkanın enerji mənbəyi olması və ya hətta axirət həyatı kimi digər süjet mövzularına diqqət yetirir.
İstinadlar
Kateqoriya:Uydurma dünyalar Kateqoriya:Uydurmada işıqdan sürətli səyahət Kateqoriya:Elmi fantastika mövzuları Kateqoriya:Uydurmada teleportasiya