Xalq Partiyası (; ) — 1957–1975-ci illərdə İranda fəaliyyət göstərmiş siyasi partiya. Təşkilat ölkədə idarə olunan iki partiyalı sistem çərçivəsində liberal müxalifət rolunda çıxış etmişdir. Partiya ümumilikdə şah Məhəmməd Rza Pəhləvini və onun "Ağ inqilab" siyasətini dəstəkləmişdir. 1975-ci ildə hakim "İrani-Novin" partiyası ilə birləşərək birmənalı şəkildə formalaşdırılan birtəfərli "Rastaxiz" sisteminin strukturuna daxil olmuşdur. Partiyanın mühüm liderləri Əsədulla Ələm, Yəhya Ədl və Nasir Əmiri olmuşdur.Chehabi, Houchang E. (1990) Iranian Politics and Religious Modernism: The Liberation Movement of Iran Under the Shah and Khomeini. I.B.Tauris
Tarixi 1957-ci ildə, İqbalın baş nazirliyinin ilk ilində İranda iki yeni partiyanın yaradılmasını nəzərdə tutan siyasi sistem islahatına başlanılmışdır. Hər iki struktur şahın göstərişi ilə yaradılmış və yuxarıdan müəyyən edilmiş siyasi xətt çərçivəsində fəaliyyət göstərmişdir. Hökumətdə mühüm vəzifələr tutan doktor İqbal və Əsədulla Ələmin bu birliklərə rəhbərlik etməsi onların hakim rejimə tam loyallığını təmin edirdi.
İlk olaraq Əsədulla Ələmin rəhbərliyi ilə Xalq Partiyası ("Mərdom") formalaşdırılmışdır. Bu partiya torpaq islahatının keçirilməsini və fəhlələrin sənaye müəssisələrinin mənfəətində iştirakını nəzərdə tutan mütərəqqi proqram bəyan etmişdir.
Doktor İqbal parlamentdə siyasi partiya yaratmaq niyyətinin olmadığı barədə ilkin bəyanatlarına baxmayaraq, 1957-ci ilin may ayında "Milliyun" partiyasını təsis etmişdir. Bu partiya hakim siyasi qüvvəyə çevrilmiş və onun baş nazirliyinin sonuna qədər siyasi sistemdə dominant mövqe tutmuşdur.
Mənuçöhr İqbal həmin dövrdə şah rejiminin və hökumətin dayağına çevrilməli olan yeni partiyanın yaradılması istiqamətində ilk addımları atmışdır. Təşkil olunan iclasda senatorlar, məclis deputatları, habelə ziyalıların nümayəndələri — universitet professorları, həkimlər və mühəndislər daxil olmaqla iki yüzə yaxın şəxs iştirak etmişdir. Yeni partiyanın proqramı şah hakimiyyətinə sadiqlik və cəmiyyətin yenidən qurulması zərurəti prinsipləri üzərində qurulmuş, həmçinin sənayeləşməyə və iqtisadi inkişafın sürətləndirilməsinə xüsusi önəm verilmişdir. Yaradılmaqda olan sistem çərçivəsində "Milliyun" partiyasının əsas rəqibi elə həmin il təsis edilmiş liberal təmayüllü Xalq Partiyası ("Mərdom") olmuşdur.
Hər iki partiya sarayın direktivlərinə uyğun fəaliyyət göstərmiş, lakin siyasi plüralizm görüntüsünü qorumaq üçün onlardan biri iqtidar, digəri isə formal müxalifət funksiyasını yerinə yetirirdi. Bu siyasi strukturların institusionallaşması o dərəcədə formal xarakter daşıyırdı ki, hətta onların rəhbərləri və fəal üzvləri təşkilatlar arasındakı proqram fərqlərini müəyyən etməkdə çətinlik çəkirdilər. Belə bir təəssürat yaranırdı ki, hər iki siyasi xadim partiyaları əsasən monarxın iradəsini yerinə yetirmək üçün formalaşdırmış, tərəfdarları isə onlara başlıca olaraq karyera maraqları — vəzifə, imtiyaz və inzibati resurslara çıxış əldə etmək üçün qoşulmuşdular. Bu zaman partiyalar arasında seçim, bir qayda olaraq, şüurlu siyasi mövqeyin nəticəsi deyildi.
İqbalın rəhbərlik etdiyi "Milliyun" və Ələmin rəhbərlik etdiyi "Mərdom" partiyaları formalaşmaqda olan partiya sisteminin əsas elementlərinə çevrilmiş, müəyyən edilmiş siyasi çərçivələr daxilində fəaliyyət göstərmişdilər. Hər iki təşkilat iqtidaryönlü qüvvələr spektrində fərqli mövqelər tutmuş, lakin dövlətin inzibati strukturuna inteqrasiya olunmuşdular. Onların fəaliyyəti siyasi prosesin institusionallaşmasına xidmət etmiş, dövlət aparatındakı vəzifələrin tutulması üçün kadr ehtiyatını təmin etmişdir. Bu partiyalarda, xüsusilə də hakim "Milliyun" partiyasında üzvlük karyera yüksəlişi və ölkənin idarə edilməsində iştirak üçün imkanlar açırdı. Bu, dövlət qulluqçularının və elita nümayəndələrinin kütləvi şəkildə onların sıralarına axınına səbəb olmuşdu. Bu proses dövlət siyasətinin icrası ilə bağlı olan idarəçilər təbəqəsinin formalaşmasına şərait yaratmışdır.
Eyni zamanda həm baş nazir, həm də hakim "Milliyun" partiyasının lideri vəzifələrini tutan İqbal müsahibələrinin birində bu vəzifələrin birgə icrası və seçkilərin neytrallığının təmin edilməsi barədə suala yayğın cavab vermiş, qərəzsizlik prinsiplərinə sadiqliyi haqqında ümumi vədlərlə kifayətlənmişdir, lakin təcrübədə onun rəhbərliyi altında Tehranda keçirilən seçkilər ciddi qanun pozuntuları ilə müşayiət olunmuşdur. Müasirlərinin qiymətləndirməsinə görə, bu pozuntuların miqyası hətta Səid və Qəvamın baş nazirliyi dövründəki qalmaqallı XV və XVI çağırış Məclis seçkilərini də geridə qoymuşdur. Vəziyyət o dərəcədə ciddi xarakter almışdı ki, şah Senatın iclasının açılışında ölkə üzrə seçki nəticələrinin etibarsız sayıldığını elan etməyə məcbur olmuşdur.
İnstitusional islahatlar siyasətini davam etdirən İqbal hökuməti baş nazirliyinin ikinci ilində parlamentə korrupsiyanın məhdudlaşdırılmasına yönəlmiş bir sıra qanunvericilik təşəbbüsləri təqdim etmişdir. Parlamentin hər iki palatası tərəfindən formal olaraq təsdiqlənməsinə baxmayaraq, bu tədbirlər sistemli dəyişikliklərə səbəb olmamışdır. Həmin dövrün analitikləri bu addımları sistemi real islah etmədən sosial gərginliyi azaltmağa hesablanmış rəmzi güzəştlər kimi qiymətləndirirdilər.
"Milliyun" partiyası rəsmi olaraq 1963-cü ilə qədər fəaliyyət göstərmiş və həmin il şahın göstərişi ilə yaradılmış yeni "İrani-Novin" partiyası ilə əvəz olunmuşdur. Beləliklə, "Mərdom" partiyasının yeni rəqibi onlar olmuşdular.
Proqramı və siyasəti "Mərdom" Partiyası konstitusiyalı monarxiyanı müdafiə etmiş, iqtisadi inkişafın təminatı kimi özəl mülkiyyət prinsipinin qorunmasını, dövlət qulluğu islahatının keçirilməsini və dövlətin dünyəvi xarakterinin qorunub saxlanılmasını tələb etmişdir. Bütün bu bəndlər hakim "Milliyun" partiyasının proqramı ilə üst-üstə düşürdü. Fərqli cəhətləri qadınlara tam hüquq bərabərliyinin verilməsi və kəndlilərin torpaqla təmin olunmasını nəzərdə tutan aqrar islahat bəndlərindən ibarət idi.
1961-ci ildə şah rejimi "Ağ inqilab" adını alan irimiqyaslı sosial-iqtisadi islahatlara başlamışdır. Hakimiyyət orqanları mühafizəkar qüvvələrin inadkar müqavimətini dəf etmək məcburiyyətində qalmışdır. Bu kontekstdə rejim üçün partiya dayağının əhəmiyyəti daha da artmışdır. Siyasətdə idarə olunan iki partiyalı sistemə üstünlük verilmişdir. Bu sistemdə "Mərdom" partiyasına hökuməti "tənzimləyici tənqid" atəşinə tutan, lakin prinsipial məsələlərdə şahı dəstəkləyən sadiq müxalifət rolu ayrılmışdır. 1963-cü ilin yanvarında keçirilən referendumda "Mərdom" şahın islahat təkliflərini qeyd-şərtsiz dəstəkləmiş və əhalini "bəli" səsini verməyə çağırmışdır.Политические партии зарубежных стран / М.1967.
"Milliyun" partiyası buraxıldıqdan sonra "Mərdom" partiyasının rəqibi statusunda əvvəlcə Tərəqqi Mərkəzi, 1963-cü ilin sonundan etibarən isə hakim Yeni İran Partiyası çıxış etmişdir. Həm hakim, həm də müxalifət partiyaları şah Pəhləvinin "Ağ inqilab"ını fəal şəkildə dəstəkləmişdir. Həm Yeni İran, həm də "Mərdom" partiyaları faktiki olaraq şah administrasiyasına tabe edilmiş, SAVAK-ın iştirakı ilə dövlət aparatı tərəfindən nəzarətdə saxlanılmışdır. Hər iki partiyaya şah hökumətlərinin başçılarının rəhbərlik etməsi bu vəziyyəti bariz şəkildə nümayiş etdirir: Əmir Əsədulla Ələm 1962–1964-cü illərdə baş nazir olmuşdur. Yeni İran Partiyasının liderləri Həsən Əli Mənsur və Əmirabbas Hüveyda isə müvafiq olaraq 1964–1965 və 1965–1977-ci illərdə bu vəzifəni icra etmişdilər.Ervand Abrahamian. A History of Modern Iran / Cambridge University Press, 2008.
Bununla belə, bəyanatlarda və ritorikada müəyyən partiyalararası fərqlər qorunub saxlanılmışdır. "Mərdom" partiyasının çıxışlarında liberal prinsiplərə — siyasi azadlıqlara və vətəndaş hüquq bərabərliyinə, sosial-əmək təminatlarına, səkkiz saatlıq iş gününə, kəndlilərin torpaq mülkiyyətinə və kooperasiyanın inkişafına xüsusi vurğu vurulmuşdur. Partiya həmkarlar ittifaqları və kəndli təşkilatları ilə fəal iş aparmışdır. Müxalifət partiyasının sosial tərkibi də hakim partiyadan fərqlənirdi. Yeni İran Partiyasında məmurlar və dövlət müəssisələrinin menecerləri birmənalı şəkildə üstünlük təşkil etdiyi halda, "Mərdom" partiyasında ziyalıların nümayəndələri, ictimai fəallar, özəl sahibkarlar və liberal baxışlı mülkədarlar nəzərəçarpan nüfuza malik olmuşlar.
Qəbulu və tənqidi Partiya tez-tez "süst, gecikmiş və qeyri-mütəşəkkil" seçki kampaniyalarına görə, habelə "Yeni İran" Partiyasının platformasına qarşı həyat qabiliyyətli bir alternativ hazırlaya bilməməkdə tənqid olunmuşdur. Bu səbəbdən sonuncunun siyasi səhnədə davam edən hegemonluğuna görə məhz "Mərdom" Partiyası günahlandırılmışdır.
ABŞ diplomatı Endrü Kilqor partiyanı "partiya birliyi hissi ilə yox, şəxsi və praqmatik səbəblərdən bir-biri ilə əməkdaşlıq edən bir neçə rəqib liderin tərəfdarlarından ibarət qruplaşmalar" şəklində xarakterizə etmiş və bunu "ənənəvi İran siyasi partiyası" adlandırmışdır.
Populyar mədəniyyətdə Ervand Abrahamyanın qeyd etdiyinə görə, Xalq Partiyası və "Yeni İran" Partiyası xalq arasında bir-birini əvəz edən "Bəli, cənab" partiyası () və "Bəli, əlbəttə, cənab" partiyası () adları ilə tanınmışdır. Bunun əsas səbəbi Milli Məclisdə hər iki partiyanın üzvlərinin fəaliyyətinin şah tərəfindən və SAVAK-ın köməkliyi ilə müəyyən edilməsi olmuşdur.Abrahamian, Ervand. (2008) History of Modern Iran. Cambridge University Press.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Mühafizəkar liberal partiyalar