Fövziyyə bint Faruq (; ) — Misir və Sudan kralı I Faruqun qızı.

7 aprel 1940-ci ildə Qahirədəki Abidin sarayında dünyaya gəldi. Atası Misir və Sudan kralı I Faruq, anası isə onun ilk xanımı çərkəz əsilli Fəridə xanımdır. Adını bibisi Fövziyyə xanımdan almışdır. Özündən 2 yaş böyük Fəryal və 3 yaş kiçik Fədiyə adlı 2 bacısı vardı. Ancaq oğul varisi istəyən atasıyla anasının münasibətləri pisləşdi və cütlük 1948-ci ildə boşandılar. Boşanma əsnasında ən kiçik bacısı Fədiyə anasıyla birlikdə saraydan göndərilsə də, Fəryal və Fövziyyə atasıyla birlikdə qaldı. Atasının 1951-ci ildə Nəriman Sadiqlə evlənməsinin ardından ögey qardaşları Fuad dünyaya gəldi.

Atasının istəyilə Fövziyyə və bacıları özəl saray təlim-tərbiyəsi aldı. 1952-ci il iyul inqilabının ardından digər ailə üzvləriylə birlikdə ölkədən sürgün edildi və İtaliyaya yollandı. Bu əsnada onun 12 yaşı vardı. Sürgün illərini Neapol, Kapri və Romada keçirdi. Bacılarıyla birlikdə 1954-cü ildə İsveçrədəki yatılı məktəbə göndərildilər. Bütün bu illər ərzində anasıyla məktublaşdı və onunla əlaqəsini heç vaxt kəsmədi.

İdmanla məşğul oldu və uçuş dərsləri alaraq pilot ixtisası qazandı. Digər yandan dənizçiliklə maraqlandı və kapitan rütbəsi aldı. Fransız, ingilis, italyan, ispan və ərəb dillərini öyrəndi. Beləcə, İsveçrədə sinxron tərcüməçilik üzrə imtahanları uğurla keçdi. bacılarından fərqli olaraq heç vaxt evlənmədi. 1973-cü ilədək ölkəyə girişi qadağan olsa da, bu tarixdən etibarən tez-tez Misirə səyahət etdi. Anasının 1988-ci ildə vəfatından sonra bacılarıyla birlikdə analarına məxsus Misirdəki şəxsi əmlaklar uğrunda Misir hökumətini məhkəməyə verdilər. Ancaq valideynlərinin inqilabdan öncə rəsmi şəkildə boşanmaları səbəbilə bu iddialarını uğursuz oldu.

1995-ci ildə dağınıq skleroz diaqnozu qoyuldu və qalan ömrünü böyük bacısı Fəryal xanımın himayəsində yaşadı. 2005-ci ildə Lozannada vəfat etdi. Cənazəsi Qahirəyə gətirildi və Əl-Rifai məscidindəki ailə məzarlığına dəfn olundu.

Mənbə

Ədəbiyyat

"The princess who chose exile". The National. 12 December 2009 Egyptian princess dead, says family friend. Deccan Chronicle

İstinadlar

Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri