Cəmşid Amuzegar (, ; ) — İran iqtisadçısı və siyasətçisi. O, 7 avqust 1977-ci ildən 27 avqust 1978-ci il tarixinədək İranın Baş naziri vəzifəsini icra etmişdir. Amuzegar həmçinin, 1976–1977-ci illərdə və 1978-ci ildə Rastaxiz Partiyasının ikinci və dördüncü baş katibi olmuşdur. Bundan əvvəl Əmir-Abbas Hüveydanın kabinetində daxili işlər naziri və maliyyə naziri vəzifələrində çalışmışdır.

O, Tehran Universitetini hüquq və mühəndislik ixtisası üzrə bitirmişdir.

Erkən həyatı və təhsili Cəmşid Amuzegar 25 iyun 1923-cü ildə Tehranda anadan olmuşdur. Atası tanınmış hüquqşünas və siyasətçi Həbibulla Amuzegar olmuşdur. Onun Cahangir adlı bir qardaşı var idi.

Tehran Universitetində hüquq və mühəndislik dərəcələri aldıqdan sonra o, Kornell Universitetində təhsilini davam etdirmiş və 1950-ci ildə orada doktorluq (Ph.D) dərəcəsinə yiyələnmişdir."Jamshid Amouzegar, former Iranian prime minister, dies at 93" , The Washington Post, October 19, 2016 Daha sonra Corc Vaşinqton Universitetinin İnşaat Mühəndisliyi fakültəsini bitirmiş və inşaat mühəndisliyi üzrə magistr dərəcəsi almışdır.

Karyerası Cəmşid Amuzegar 1955-ci ildə İran Səhiyyə Nazirliyində Cahangir Salehin rəhbərliyi altında nazir müavini vəzifəsində çalışmışdır.

4 aprel 1957-ci ildə Hüseyn Əla baş nazir vəzifəsindən azad edilmiş və Mənuçöhr İqbal yeni hökumətə rəhbərlik etməyə başlamışdır. İqbal hökumətinin fəaliyyətinin ilkin mərhələsində ABŞ və qərbpərəst strukturların təsirinin artması müşahidə olunmuşdur. Vorren proqramının məzunları və Harri Trumenin dörd prinsip proqramının rəhbərləri ardıcıl olaraq dövlət aparatında mühüm mövqelər tutmağa başlamışdılar. Onların arasında Cəmşid Amuzegar, Mənuçöhr Qudərzi, Əbdülrza Ənsari, habelə əvvəllər ölkənin İqtisadi Şurasının baş katibi vəzifəsini tutmuş Həsən Əli Mənsur var idi. Bu şəxslərin hər biri ABŞ-də Vorrenin rəhbərliyi altında Trumenin dörd prinsip proqramı çərçivəsində peşəkar hazırlıq keçmiş və əldə etdikləri biliklərin İranda praktiki tətbiqinə başlamışdılar.

İqbal hökuməti dövründə Cəmşid Amuzegar ardıcıl olaraq əmək naziri, maliyyə naziri, daha sonra isə daxili işlər naziri vəzifələrini icra etmişdir. Mənuçöhr Quderzi ölkənin inzibati və kadr sisteminin islahatını öz üzərinə götürərək ABŞ modelləri əsasında müvafiq planlar hazırlamışdır, lakin bu dəyişikliklər böyük ölçüdə struktur xarakterli yeniliklərlə məhdudlaşmışdır. Bürokratik aparatın genişləndirilməsi, əlavə katibliklərin yaradılması və yeni kadrların işə qəbulu həyata keçirilmişdir. Xüsusilə, Dövlət Kadr Təşkilatında vəzifələri girişlərdə növbətçilik etmək, qonaqları yerləşdirmək və xidməti otaqlarda qəhvə təqdim etməkdən ibarət olan gənc qadınlar üçün ştatlar açılmışdır.

1959-cu ildə Baş nazir Mənuçöhr İqbalın kabinetində Həsən Əxavi vəzifədən kənarlaşdırıldıqdan sonra Amuzegar onu kənd təsərrüfatı naziri postunda əvəz etmişdir. Daha sonra o, Baş nazir Həsənəli Mənsurun rəhbərlik etdiyi hökumətdə əvvəlcə əmək naziri, sonra isə səhiyyə naziri təyin olunmuşdur. 1964-cü ildə Baş nazir Mənsurun sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra Əmir Abbas Hüveydanın kabinetində maliyyə naziri vəzifəsinə gətirilmiş və bu postda doqquz il qalmışdır.

Mənuçöhr İqbalın on dörd il ərzində (1963–1977-ci illər) Milli İran Neft Şirkətinin rəhbəri vəzifəsində qaldığı dövrdə formal rəhbərliyinə və vəzifələrini vicdanla yerinə yetirməsinə baxmayaraq, onun OPEK ilə bağlı məsələlər də daxil olmaqla, neft siyasətinin formalaşdırılmasına real təsiri məhdud olmuşdur. Bu istiqamətlər üzrə faktiki operativ idarəetməni şahın birbaşa nəzarəti altında Cəmşid Amuzegar həyata keçirirdi və İqbal strateji qərarların qəbulu prosesinə sistemli şəkildə cəlb olunmurdu. Buna baxmayaraq, İqbal monarxa qeyd-şərtsiz sadiqliyini qoruyub saxlamış və saray ilə sıx əlaqələrini davam etdirmişdir.

1965–1974-cü illər ərzində o, OPEC-in bir neçə növbəti iclasına sədrlik etmişdir. 1971-ci ildə Amuzegar Səudiyyə Ərəbistanının neft naziri Əhməd Zəki Yamani ilə birlikdə neft qiymətlərinin dörd dəfə artması ilə nəticələnən qiymət artımları silsiləsinin həyata keçirilməsində mühüm rol oynamışdır. Bu artım İranın infrastrukturunun, kənd təsərrüfatının və müdafiəsinin modernləşdirilməsi üçün zəruri resursları təmin etmişdir. Bu nailiyyətinə görə Amuzegar adətən yalnız Baş nazirlər və keçmiş Baş nazirlər üçün nəzərdə tutulan birinci dərəcəli "Tacı-İran" ordeni ilə təltif edilmişdir. O, 1974-cü ildə daxili işlər naziri təyin olunmuşdur. 21 dekabr 1975-ci ildə OPEC-in iclası zamanı venesuelalı terrorist "Çaqqal Karlos" tərəfindən girov götürülmüşdür. Karlosa onu edam etmək əmri verilmişdir, lakin o, bunu etməmiş və Amuzegar bir neçə gündən sonra digər girovlarla birlikdə sərbəst buraxılmışdır. Karlos onu və bir Səudiyyə nümayəndəsini Əlcəzairə aparmış, onlar orada azadlığa buraxılmışlar.

1977-ci ildə maliyyə naziri Huşəng Ənsarinin liberal-konstruksiyaçı fraksiyasına qarşı mütərəqqi fraksiyaya rəhbərlik edən Amuzegar Rastaxiz Partiyasının sədri olmuşdur. Cimmi Karter ABŞ pşPrezidenti seçildikdən qısa müddət sonra, 7 avqust 1977-ci ildə Cəmşid Amuzegar Əmir-Abbas Hüveydanı əvəz etmiş, İranın Baş naziri təyin edilmişdir. Buna baxmayaraq, o, həddindən artıq isinmiş iqtisadiyyatı yavaşlatmaq üçün zəruri hesab edilən, lakin məşğulluğun və özəl sektorun mənfəətinin azalmasına səbəb olan tədbirlər gördüyü üçün xalq arasında nüfuzunu itirmişdir. Bu iqtisadi geriləmə sonradan hökumətin problemlərini daha da ağırlaşdırmışdır. O, 27 avqust 1978-ci ildə istefa vermiş və onu Cəfər Şərif-İmami əvəz etmişdir.

Amuzegar 1978-ci ildə ölkəni tərk etdikdən sonra bir daha İrana qayıtmamışdır. O, Merilend ştatının Çevi-Çeyz, daha sonra isə Rokvill şəhərlərində yaşamış, Səudiyyə Ərəbistanı və Küveyt hökumətlərinin məsləhətçisi kimi fəaliyyət göstərmişdir.

Vəfatı Cəmşid Amuzegar 27 sentyabr 2016-cı ildə Merilend ştatının Rokvill şəhərində, 93 yaşında vəfat etmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

'Alí Rizā Awsatí. Iran in the Past Three Centuries (Irān dar Se Qarn-e Goz̲ashteh) - Volume 2 (Paktāb Publishing, Tehran, Iran, 2003). . Qajar (Kadjar) Orders and Decorations

Kateqoriya:İran baş nazirləri Kateqoriya:İranın daxili işlər nazirləri Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:İran şəxsləri Kateqoriya:İrandan ABŞ-yə mühacirət edənlər