Paulina Yamayka Appenşlak (; ) — polyak-yəhudi əsilli jurnalist, redaktor, şairə, tərcüməçi və feministi. O, müharibələr arası dövrdə yəhudi qadınlar üçün polyak dilində nəşr olunan yeganə həftəlik jurnalın – "Ewa" jurnalının həmtəsisçisi və baş redaktoru olub.
Həyatı O, təxminən 1900-cü ildə, ehtimal ki, Varşavada Paulina Yamayka adı ilə anadan olub. O, həmkarı, jurnalist Yakub Appenşlak ilə ailə qurub və bu evlilikdən onların Henrik adlı bir oğulları dünyaya gəlib. Cütlük sonradan ayrılsa da, Paulinanın boşanma cəhdləri uğursuzluqla nəticələnib.
Paulinanın ikinci evliliyi idman jurnalisti Ziqmunt Foqel ilə olub, onlar Yakubun 1950-ci ildəki ölümündən sonra rəsmən evləniblər. Appenşlakın oğlu Henrik isə İsrail ordusunda xidmət edib və 1949-cu ildə həlak olub.
Paulina Appenşlak 1976-cı ildə İsraildə vəfat edib.
Karyerası Paulina Appenşlak 1919-cu ildə polyak dilində nəşr olunan "Tygodnik Nowy" həftəlik jurnalında dərc etdirdiyi şeirlər və ədəbi tərcümələrlə debüt edib. O, fəaliyyətini "Divrei Akiva" və "Nasz Przegląd" kimi digər yəhudi mətbu orqanlarında davam etdirib, sonuncuda isə qadınlar bölməsinə rəhbərlik edib. Appenşlak "Nasz Przegląd" qəzeti üçün yəhudi qadınların vəziyyətinə dair çox sayda məqalə yazıb.
Tərcüməçi kimi o, İvrit və İdiş ədəbiyyatını populyarlaşdırmağa yönəlmiş silsilələr hazırlayan "Safrus" nəşriyyatının dəyərli əməkdaşlarından biri olub.
1928-ci ildə Paulina Appenşlak, İza Rahela Vaqmanova ilə birlikdə müharibələrarası dövrdə yəhudi qadınlar üçün polyak dilində nəşr olunan yeganə həftəlik jurnal olan "Ewa"nın əsasını qoyub. Appenşlak jurnalın baş redaktoru, Vaqmanova isə naşiri olub. Jurnal, əsasən sosial və feminist məsələlərə; insan alverinə qarşı mübarizə, zorakılıq qurbanlarının müdafiəsi, kontrasepsiya və abort, habelə gender maaş fərqi kimi mövzulara diqqət çəkirdi. Redaktorlar kəskin siyasi məzmundan qaçmağa çalışsalar da, yəhudi qadınların siyasətdəki rolunu işıqlandırılır və yüksək vəzifələrin onlar üçün əlçatanlığı məsələsini müzakirə edilirdi. Jurnal 1933-cü ilə qədər fəaliyyət göstərib və həmin il naməlum səbəblərdən nəşri dayandırılıb.
Jurnalın nəşri dayandırıldıqdan sonra, Appenşlak "Nasz Przegląd" qəzetinin qadınlar bölməsinə rəhbərlik etməyə başlayıb və burada "Ewa"nın üslubunu davam etdirib. "Ewa" fəaliyyətini dayandırdıqdan bir il sonra, Appenşlak həyat yoldaşı Yakub ilə birlikdə polyak-yəhudi yazıçılarını bir araya gətirmək məqsədi daşıyan "Lektura" adlı jurnal təsis edib. Tanınmış müəlliflərin əsərlərini dərc etməsinə baxmayaraq, jurnalın ömrü qısa olub.
1939-cu ildə ABŞ-yə səyahət edən Appenşlak, İkinci Dünya müharibəsi başlamazdan bir az əvvəl Polşaya qayıdıb. Sentyabrın ilk günlərində Varşavanı tərk edə bilən Paulina Fələstinə mühacirət edib. Qadın jurnallarında yazıları dərc olunan Paulina, sonra "Olam HaIsha" jurnalının redaktoru olub. O, həmçinin Nyu-Yorkda fəaliyyət göstərən "Nasza Trybuna" və "Al HaMishmar" qəzetləri ilə əməkdaşlıq edib. 1946-cı ildə Yanuş Korçakın "Ha-Doktor nish’ar: Roman biyografi ‘al Yanush Korts’ak" adlı bioqrafiyasını nəşr etdirib, bu əsər sonradan idiş və ispan dillərinə tərcümə olunub.
İstinadlar