Ona Maşyotene (Brazauskayte) (; ) — Litvalı müəllim, ictimai xadim, yazıçı, məktəb direktoru və feminist. O, ölkədə ilk qadın hüquqları təşkilatı olan Litva Qadınlar Assosiasiyasının qurulmasına kömək edərək kişi və qadın bərabərliyinin zəruriliyi haqqında mühazirələr oxuyub. Həm qadın hüquqları, həm də Litvanın müstəqilliyi üçün çalışıb müxtəlif cəmiyyətlərin üzvü və bir neçə siyasi konfransın nümayəndəsi kimi fəaliyyət göstərib. Pedaqoq olaraq Vilnüsdə ilk litvadilli qız gimnaziyasını təşkil edib və on ildən artıq Kaunasda orta məktəbə rəhbərlik edib. 1921-ci ildə iki müddətə Utena regional şurasına üzv seçilib, çətir təşkilat olan Litva Qadınlar Şurasının həmtəsisçilərindən biri və ilk prezidenti olub. Müstəqil Litva hökuməti tərəfindən milli mükafatlarla təltif edilib, lakin ölkədə sovet hakimiyyəti yenidən qurulduqdan sonra müəllimlik vəzifəsindən kənarlaşdırılıb.
Həyatı Ona Brazauskayte 9 sentyabr 1883-cü ildə Rusiya imperiyasının Anykşçiayi prixodunun Çlavenayi kəndində Jadviqa və Qustavas Brazauskasın ailəsində anadan olub. Onun valideynləri Brazauskas 1863-cü il Polşa üsyanında iştirak etdiyi üçün Jadviqanın atası ilə birlikdə həbsdə olarkən tanış olublar. Zadəgan mənşəli səkkiz uşaqlı bu ailədə evdə polyak dilində danışılsa da, övladlar özlərini litvalı və ya polyak kimi eyniləşdirmək məsələsində bölünüblər. Atası Brazauskas vahid Litva-Polşa dövlətinin tərəfdarı kimi çıxış edib və o vaxtlar qadağan olunmuş Litva dilində kitabların paylanması ilə məşğul olub. 1900-cü il radələrində Kaunas Qızlar Liseyini fərqlənmə diplomu ilə bitirib müəllim olmaq üçün təhsilini davam etdirmək qərarına gəlib. Valideynlərinin imkanı olsa da, qadınların ali təhsil almasını bəyənməyiblər. Lakin xalası ona maliyyə dəstəyi verib Moskvada oxumasına kömək edib. O, Moskva Ali Qadın Kurslarında təbiət elmləri üzrə təhsilə başlayıb. Təhsil aldığı müddətdə Moskva Litva Tələbə Cəmiyyətinin yaradılmasına kömək edib və Qərbi Avropadakı qadın hərəkatları ilə maraqlanmağa başlayıb.
Qadın hüquqlarının müdafiəçisinə çevrilərək, 1905-ci ilin sentyabrında Litvanın ilk qadın təşkilatı olan Litva Qadınlar Birliyinin təsisçilərindən biri olub. Oktyabr ayında keçirilən Ümumrusiya Qadın Bərabərliyi İttifaqının ikinci qurultayına nümayəndə seçilib, həmin iclasda iştirak edib və dekabrda Vilnüs Böyük Seyminə qatılmaq üçün Litvaya qayıdıb. Məclisdən sonra qadın liderlər çar mütləqiyyətinə qarşı mübarizəni təşkil etmək üçün Latavėnaidəki Okuliç mülkündə toplaşıblar. Brazauskaite qadınları insan hüquqları, bərabərlik və uşaqların Litva dilində təhsil alması hüququ uğrunda mübarizəyə səsləyib. Az sonra, ehtimal ki, 1906–1907-ci illərdə o, Moskvada təhsil alarkən tanış olduğu litvalı tələbə, yazıçı Pranas Maşiotasın qardaşı Yonas Maşiotas ilə ailə qurub. 1907-ci ilin sentyabrında Kaunasda keçirilən Birinci Litva Qadınlar Qurultayının hazırlanmasına kömək edib, daha sonra Vilnüsə köçüb və burada Litva Qadınlar Birliyinin təşkilatlanmasına yardım göstərib. 1909-cu ildə onun yeganə övladı, qızı Ona dünyaya gəlib. Fəaliyyəti 1911–1914-cü illər arasında Ona Maşyotene Vilnüsdə orta məktəb müəllimi kimi çalışıb. Lakin Birinci Dünya müharibəsinin başlaması ilə gənc ailə Moskvaya qaçıb. O, burada Litva Qadınlarının Azadlıq Birliyini təşkil edib və onun sədri olub. 1917-ci ildə Sankt-Peterburqda keçirilən Litva Assambleyasında təşkilatın sözçüsü kimi çıxış edib və qadın hüquqları haqqında nitq söyləyib. Lakin Azadlıq Birliyi geniş dəstək qazana bilməyib və fəaliyyəti qısamüddətli olub. 1918-ci ildə Litva müstəqilliyini elan etdikdən sonra Ona Maşyotene ailəsi ilə birlikdə Vilnüsə qayıdıb. O, orada Litva dilində ilk qızlar gimnaziyasını təsis edib və ona rəhbərlik edib. Eyni zamanda, təhsilini rus dilində başlayanlara məktəbi bitirməkdə kömək etmək üçün rus dilində axşam kursları keçib. Lakin 1919-cu ildə Polşa-Litva müharibəsi zamanı məktəb Polşa rəsmiləri tərəfindən bağlanıb. Həmin il o, Litva Müəllimlər Birliyinin idarə heyətinə və Vilnüs Litvalılarının Müvəqqəti Komitəsinə üzv seçilib. Sonuncu təşkilat Litva mədəniyyətinin təşviqinə diqqət yetirib, Ona Maşyotene isə xalqın dəstəyini toplayaraq milli müstəqillik uğrunda çalışıb. O, qadınları müharibə işlərinə və milli müdafiəyə qoşulmağa səsləyib.
1921-ci ildə Litva Qadınlar Birliyinin idarə heyəti üzvü kimi Ona Maşyotene Utena regional şurasına üzv seçilib. Növbəti il qəbul edilmiş torpaq islahatlarına əsasən, onun ailə mülkü yarıbayarı azaldılıb və ona cəmi 80 hektar torpaq qalıb. O, bu ərazidən yay malikanəsi kimi istifadə etməyə davam edib. İlin qalan hissəsini ailəsi ilə Kaunasda yaşayıb və oradakı orta məktəblərdə təbiət elmlərindən dərs deyib. 1924-cü ildə yenidən regional şuraya seçilib və dörd il müddətinə xidmət edib. 1928-ci ildə Ona Maşyotene Kaunas 2 saylı orta məktəbin direktoru təyin edilib. Həmin il Beynəlxalq Qadınlar Şurasının (ICW) idarə heyəti üzvü Luiza van Eqhenin səfərindən dərhal sonra, Ona Maşyotene 17 qadın təşkilatını birləşdirən Litva Qadınlar Şurasının (LMT) həmtəsisçisi olub. LMT yaradılan kimi ICW-yə köməkçi üzv kimi qoşulub. 1929-cu ildə Ona Maşyotene Londonda keçirilən ICW Konqresində iştirak edib. O, LMT-nin idarə heyətinə üzv seçilib və 1934-cü ilə qədər onun prezidenti olub.
Ona Maşyotene "Pieno lašas" (Süd damcısı) adlı uşaq sağlamlığı təşəbbüsünə qoşulub və 1930-cu ildən radio verilişləri aparmağa başlayıb. Məişət məsləhətləri və sağlamlıq məsələlərinə yönəlmiş ilk veriliş "Onanın və Marijonanın söhbətləri" adı ilə tanınıb. Həmin il onun ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib; o, üçüncü dərəcəli "Litva Böyük Hersoqu Gediminas" və birinci dərəcəli "Böyük Vitovt" ordenləri ilə təltif edilib. 1933-cü ildən yayımı başlayan "Ev və Qadın" radio xəbər proqramında çalışıb və "Lietuvos aidas", "Lietuvos žinios", "Žibutė", "Moteris ir pasaulis" kimi nəşrlər üçün məqalələr yazıb. 1937-ci ildə, 1907-ci il qurultayının xatirəsinə təşkil olunmuş konqresdə o, "1907-1937-ci illərdə qadınların siyasi və milli fəaliyyəti" mövzusunda məruzə ilə çıxış edib və bu məruzə növbəti il kitab kimi nəşr olunub. İkinci Dünya müharibəsi Ona Maşyotenenin həyatına ciddi dəyişikliklər gətirib. Onun qızı 1944-cü ildə ölkəni tərk edib Avstraliyaya köçüb. Ona Maşyoteneyə dərs demək qadağan edilib və öz mülkündə yaşamasına icazə verilsə də, o və həyat yoldaşı könüllü olaraq sovet kolxozunda iştirak etməyə məcbur qalıblar. Həyat yoldaşı 1948-ci ildə vəfat edib, bu isə Ona Maşyoteneni az miqdarda qida və odunla çox çətin vəziyyətdə qoyub.
Ona Maşyotene 29 dekabr 1949-cu ildə, 66 yaşında Kaunasdakı xəstəxanada vəfat edib və Petraşiunayi qəbiristanlığında dəfn olunub.
İstinadlar
Ədəbiyyat