Cinayət qeydiyyatı, Məhkumluq sənədləri, Kriminalistik qeydiyyat və ya Kriminalistik uçot — cinayətlərin açılması üçün müəyyən obyektlərin və onların identifikasiya əlamətlərinin elmi əsaslarla qeydə alınması sistemidir. Onun elmi əsasını müvafiq obyektlərin fərdiliyi, nisbi sabitliyi və identifikasiya olunma qabiliyyəti təşkil edir. Kriminalistik qeydiyyatın elmi əsaslarla formalaşmasının təməli XIX əsrin sonlarında antropometriya (A. Bertilyon, 1882-ci il) və daktiloskopik (V. Herşel, H. Fulds, F. Qalton, 1887–1891-ci illər) qeydiyyat üsullarının tətbiqi ilə qoyulmuşdur.

Kriminalistik uçot kartotekalar, kolleksiyalar, maqnit yazıları, avtomatlaşdırılmış axtarış sistemləri və s. şəklində aparılır. Azərbaycan Respublikasında bu fəaliyyət Daxili İşlər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada və yerlərdə həyata keçirilir. Mərkəzləşdirilmiş qaydada aşağıdakı uçotlar aparılır: Əməliyyat-sorğu uçotları: soyadlara və daktiloskopik kartlara görə; Əməliyyat-axtarış uçotları: itkin düşmüş şəxslər, tanınmamış meyitlər, oğurlanmış və götürülmüş əşyalar və s.; Xüsusi uçotlar: Güllə, giliz və silah izləri olan patronlar (güllə-gilizotekalar); Poliqrafik üsulla hazırlanmış saxta sənədlərin kartotekası; Saxta pulların kartotekası və s.

Yerli səviyyədə isə açılmamış cinayət yerlərindən götürülmüş əl izlərinin fotoşəkilləri (izotekalar), daktilotekalar, cinayət alətlərinin izlərinin kolleksiyaları və s. saxlanılır. Kriminalistik uçot orqanlarının arayışları cinayət məhkəmə icraatında sübut kimi istifadə olunur.

Kriminalistik əhəmiyyətli informasiyanın həcmi və müxtəlifliyi nəzərə alınaraq, onun səmərəli istifadəsi yalnız yığma, emal, saxlama və axtarışı təmin edən informasiya-axtarış sistemi çərçivəsində mümkündür. Bu sistem həm material obyektlərin məcmusunu (kolleksiyalar, verilənlər bazaları), həm də praktiki qeydiyyat fəaliyyətini əhatə edir.

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

Avstraliya crimtrac.gov.au

Kanada Understanding Criminal Records

Honq Konq Rehabilitation of Offenders Ordinance

Böyük Britaniya Criminal Records Bureau Disclosure Scotland Criminal Record

Kateqoriya:Cinayət hüququ Kateqoriya:Hüquqi terminlər Kateqoriya:Məhkumluq sənədləri