Əbdürrəhman ibn Məhəmməd ibn əl-Əşas ibn Qeys əl-Kindi (; ) və ya İbn əl-Əşas () — özünü xəlifə elan etmiş Əməvi sərkərdəsi.

Həyatı O, İslam peyğəmbəri Məhəmmədin səhabəsi Əşas ibn Qeysin nəvəsi, əmir Məhəmməd ibn Əşasın oğludur.

Adı ilk dəfə Kərbəla hadisəsindən əvvəl, Müslüm ibn Aqilin gizləndiyi yeri Kufə valisi Ubeydullah ibn Ziyada bildirməsi ilə tarixə düşmüşdür. Bu səbəbdən şiə mənbələrində ona və nəslinə qarşı mənfi münasibət formalaşmışdır.

Bir müddət Ubeydullah ibn Ziyad tərəfdarı olan Əbdürrəhman ibn Məhəmməd ibn Əşas, Müslüm ibn Aqilin edamından sonra Abdullah ibn Zübeyrin tərəfinə keçmiş və Muxtarın öldürüldüyü döyüşdə Musabın ordusundakı kufəli əsgərlərə komandanlıq etmişdir. Bununla da o Muxtar tərəfindən öldürülən atasının qisasını almışdır. 691-ci ildə baş vermiş Deyrül-Casəliq döyüşündə yenə Musab ibn Zübeyrin tərəfində vuruşmuşdur. Bu döyüşdən sonra bütün İraq Əməvilərin hakimiyyəti altına keçmişdir. Bundan sonra Mühəlləb ibn Əbu Sufrə ilə Əbdürrəhman ibn Məhəmməd ibn Əşas Əməvi xəlifəsi Əbdülməlikə beyət etdilər.

İraqda xaricilərlə mübarizə aparan Mühəlləb ibn Əbu Sufrə çətin vəziyyətdə qalmış, xaricilər Əhvaza qədər irəliləmişdilər. Bu vəziyyət qarşısında Kufə valisi Bişr ibn Mərvan, Əbdürrəhman ibn Məhəmməd ibn Əşası 5 min nəfərlik ordu ilə xaricilərlə mübarizə aparan Bəsrə valisi Xalid ibn Abdullah ibn Xalid ibn Əsidin tabeliyinə vermişdir. Bu mübarizədə xaricilərə qarşı uğur əldə edən Əbdürrəhman ibn Məhəmməd ibn Əşas Rey valisi təyin edilmişdir.

695-ci ildə Şəbib ibn Yezid əş-Şeybani liderliyindəki xaricilər Mardinlə Nusaybin arasındakı ərazilərdə mövqe tutaraq, Kufə və ətraf ərazilərə təzyiq göstərməyə başlamış və onlara hücum edən Əməvi dəstələrini məğlub etməyi bacarmışlar. Yaranmış vəziyyət qarşısında bütün İraqın valisi olan Həccac, Əbdürrəhman ibn Məhəmməd ibn Əşası 6000-lik ordu ilə xaricilərin üstünə göndərmiş, lakin Əbdürrəhman ibn Məhəmməd ibn Əşas ehtiyatlı davranaraq döyüşə girməmiş, Şəbib ibn Yezid əş-Şeybanini təqib etməklə kifayətlənmişdir. Nəticənin əldə olunmadığını görən Həccac, Əbdürrəhman ibn Məhəmməd ibn Əşasın yerinə Osman ibn Qətanı təyin etmişdir. Birbaşa döyüşə girən Osman ibn Qətanı məğlub olaraq öldürülmüş, Əbdürrəhman ibn Məhəmməd ibn Əşas isə yaralanmışdır.

Bir müddətdən sonra Xorasan valisi təyin edilmiş, 698-ci ildə Əməviləri məğlub etmiş hökmdar Rutbil (Zunbil) üzərinə 40 min nəfərlik ordu ilə göndərilmişdir. Bu ordu Həccac tərəfindən xüsusi təhciz edilmişdir. Ordudakı əsgərlərin paltarları tovuz quşuna bənzədiyindən onlara "cüyuşüt-təvavis" deyilmişdir. Bu ordu ilə Əfqanıstanının böyük bir hissəsini ələ keçirən Əbdürrəhman ibn Məhəmməd ibn Əşas, qış yaxınlaşdığına görə, xərac toplamaq və ərazini tanımaq mədsədi ilə hərbi əməliyyatları saxlamaq qərarına gəldi, lakin Həccac bu qərara etiraz edən bir məktub yollayıb, ondan hərbi əməliyyatları davam etdirməsini istəmişdir. Həccacın istəyini öz komandanları ilə məsləhətləşən Əbdürrəhman ibn Məhəmməd ibn Əşas, Həccacı sevməyən iraqlı komandanlarının məsləhəti ilə əvvəl Həccaca, sonra isə xəlifə Əbdülməlikə qarşı üsyan qaldırmış və ardınca Rutbil ilə sülh bağlayıb, Büst ilə Zərəncə öz valilərini təyin etmişdir.

Əbdürrəhman ibn Məhəmməd ibn Əşas ordusundan öz xəlifəliyi üçün beyət toplamış, həmçinin üsyanına dini motivlər də əlavə edərək, Əməvilərdən narazı olan bütün qrupları öz ətrafında toplamış, iraqlı din alimlərinin də dəstəyini qazanmışdır.

Həccacın göndərdiyi hərbi birləşmələri məğlub edən Əbdürrəhman ibn Məhəmməd ibn Əşas, 24 yaxud 25 yanvar 701-ci ildə də şəxsən Həccacı məğlub etmiş və onu məğlub edən ilk şəxs olmuşdur. Bu döyüşdən sonra da Həccacla Əbdürrəhman ibn Məhəmməd ibn Əşas mübarizəsi davam etmiş və o Həccacı Fərata doğru sıxışdırmağı bacarmışdır. Həccac Fərat çayını boyunca hərəkət edərək Deyrül-Qurrədə qərargah qurmuşdur. Kufədən hərəkət edən Əbdürrəhman ibn Məhəmməd ibn Əşas da Həccacın hərbi birləşmələrinin qarşısında Deyrül-Cəmacimdə möhkəmlənmişdir. İki ordu arasındakı kiçik toqquşmalar 100 gün davam etmişdir. Bu müddət ərzində xəlifə Əbdülməlik hər gün yüzlərlə insanın üsyançılara qoşulması qarşısında çaşqınlıq içində qalmış, bir tərəfdən Həccaca köməkçi qüvvələr göndərmiş, digər tərəfdən də iraqlılarla razılaşmaq üçün onlara müxtəlif vədlər və təkliflər verimişdir, lakin bunların heç birinin nəticəsi olmamışdır. Lakin 701-ci ilin iyul ayında baş verən Deyrül-Cəmacim döyüşündə Həccacın qüvvələri az idi. Lakin buna baxmayaraq Həccac qələbə qazanmışdır. Döyüşdə dağılan Əbdürrəhman ibn Məhəmməd ibn Əşasın ordusunun böyük bir hissəsi Bəsrədə Ubeydullah ibn Əbdürrəhman əl-Əbşəminin komandanlığı altında toplanmışdır. Ora gedən Əbdürrəhman ibn Məhəmməd ibn Əşas çox vaxt itirmədən Düceyl çayı sahilindəki Məskinə keçmiş və burada yeni qoşulan tərəfdarları ilə birlikdə, 701-ci ilin sentyabr ayında onu təqib edən Həccac ilə yenidən qarşılaşmışdır. Ancaq çox çətin keçən döyüşdə yenə məğlub olmuş və ordusu ağır itkilər vermişdir. Əsgərlərinin müxtəlif etnik mənşəli olması və bir hissəsinin ona xəyanət etməsi döyüşün onun məğlub olmasına səbəb olmuşdur. Beləliklə, Əməvi hakimiyyətini devirmək həddinə qədər gələn Əbdürrəhman ibn Məhəmməd ibn Əşas, artıq Həccac ilə mübarizə apara bilməyəcəyini anlayaraq şərqə qaçmaq məcburiyyətində qalmış və Rutbilə sığınmışdır.

Onun ölümü haqqında mənbələrdə müxtəlif rəvayətlər vardır. Ölümü ilə bağlı ən çox qəbul edilən rəvayət budur: Həccacın müxtəlif təhdid və vədləri qarşısında Rutbil onu Həccacın adamlarından olan Umarə ibn Təmimə təslim etmiş, bu səbəbdən o da yolda Ruhhəc qalasından və ya uçurumdan özünü atmışdır.

İstinadlar Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:Özünü ataraq intihar edənlər Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar Kateqoriya:VII əsr Əməvi xilafəti şəxsləri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:İnqilabçılar Kateqoriya:İraq şəxsləri Kateqoriya:İraq tarixi Kateqoriya:İranın ərəblər tərəfindən işğalı Kateqoriya:Əməvilər xilafətinə qarşı üsyanlar