Mülki-hüquqi məsuliyyət — mülki hüquqpozma əsasında yaranan hüquqi nəticələrdir.
Mülki-hüquqi məsuliyyət — dövlət məcburiyyətinin formalarından biri olub, məhkəmə tərəfindən hüquqpozandan əmlak xarakterli sanksiyaların tutulmasından ibarətdir. Bu sanksiyalar hüquqpozana onun davranışının əlverişsiz əmlak nəticələrini yükləyir və zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpasına yönəlir. Mülki-hüquqi məsuliyyət mülki hüququn Ümumi hissəsinin institutudur və ümumi qayda olaraq mülki hüquq münasibətlərinin bütün növlərinə şamil edilir.
Hüquqpozanın vəzifəsi pozulmuş hüququn qanuni mənafeyini təmin edən müəyyən əmlak hərəkəti etməkdən, yaxud müəyyən mülki hüquqlardan məhrum edilməkdən və ya müəyyən hərəkətləri etməyə sövq edilməkdən ibarətdir. Hüquqpozan zərərçəkmişin iddiası əsasında bu vəzifələrin icrasına məhkəmə tərəfindən məhkum edilə bilər.
Mülki məsuliyyət hüquqpozana (borcluya) qarşı digər şəxsin (zərərçəkmişin, kreditorun) və ya dövlətin mənafeyi naminə qanunla və ya müqavilə ilə müəyyən edilmiş təsir tədbirlərinin tətbiqindən ibarətdir. Bu tədbirlər onun üçün mənfi, iqtisadi cəhətdən əlverişsiz əmlak nəticələri — zərərin ödənilməsi və ya dəbbə pulunun ödənilməsini doğurur.
Mülki məsuliyyət əmlak xarakterlidir və kompensasiya mahiyyəti daşıyır. O, müqavilə və müqavilədənkənar, müştərək, həmrəy və subsidiar məsuliyyət növlərinə bölünür.
Xüsusiyyətləri
Mülki-hüquqi məsuliyyət bir sıra prinsiplər üzərində qurulur: Məsuliyyətin qaçılmazlığı; Fərdiləşdirmə; Zərərin tam ödənilməsi.
Mülki-hüquqi məsuliyyət aşağıdakı funksiyaları yerinə yetirir: Müdafiə (zərərçəkmişə münasibətdə); Kompensasiya (bərpaedici); Profilaktik; Preventiv (xəbərdarlıqedici).
Mülki-hüquqi məsuliyyətin formaları
Mülki-hüquqi məsuliyyətin forması dedikdə, hüquqpozana yüklənən əlavə öhdəliklərin ifadə forması başa düşülür. Mülki qanunvericilik məsuliyyətin müxtəlif formalarını nəzərdə tutur: Kompensasiya forması — zərərin ödənilməsi, mənəvi ziyanın kompensasiyası; Cərimə forması — dəbbə pulunun (penya, cərimə) ödənilməsi, behi itirmək və s.; Qadağanedici forma — hüquqpozana münasibətdə müəyyən hüquqların məhdudlaşdırılması və ya qadağalar; Məcburetmə — pozucunun hər hansı hərəkəti etməyə məcbur edilməsi.
Mülki-hüquqi məsuliyyətin növləri
Təsnifat əlamətindən asılı olaraq məsuliyyət aşağıdakı kimi ola bilər: Müqavilə, qanuni və adət üzrə məsuliyyət; Birbaşa və reqressiv məsuliyyət; Tam və məhdud məsuliyyət; Birnəfərlik və paylı məsuliyyət; Həmrəy, subsidiar məsuliyyət; Şəxsi məsuliyyət və üçüncü şəxslərin hərəkətlərinə görə məsuliyyət; Pul və ya natural formada məsuliyyət.
Mülki-hüquqi məsuliyyətin şərtləri
Mülki hüquq üzrə məsuliyyət hüquqpozmaya, yəni qanunun və ya müqavilənin tələblərini pozan hərəkət və ya hərəkətsizliyə görə yaranır. Mülki hüquqpozmanın tərkibi aşağıdakı ümumi şərtlərin məcmusundan ibarətdir: Şəxsin üzərinə qoyulmuş vəzifələri və başqalarının subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması; Zərərin və ya itkilərin mövcudluğu; Hüquqpozanın qanuna zidd davranışı ilə yaranmış zərərli nəticələr arasında səbəbli əlaqə; Hüquqpozanın təqsiri.
Bəzi hallarda mülki məsuliyyət zərər vuranın təqsiri olmadan da yarana bilər (məsələn, yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyəti).
İstinadlar
Ədəbiyyat siyahısı
Kateqoriya:İctimai məsuliyyət Kateqoriya:İctimai sfera Kateqoriya:Hüquqi terminlər Kateqoriya:Vətəndaş hüququ