Qazaxıstanın mineral ehtiyatları — Qazaxıstan ərazisində və Xəzər dənizinin Qazaxıstana düşən hissəsində mövcud olan mineral ehtiyatlar.

Qazaxıstanda öz yeraltı sərvətlərinin zənginliyi ilə tanınır. Bu, yer qabığının geoloji quruluşu və inkişaf xüsusiyyətləri ilə bağlıdır. Dağəmələgəlmə, maqmatik süxurların daxil olması və metamorfizm, yəni endogen proseslərin müxtəlifliyi, bununla əlaqədar süxurların strukturunda, mineraloji və kimyəvi tərkibində baş verən hər hansı bir dəyişiklik müxtəlif faydalı qazıntıları formalaşdırır.

Müasir texnikanın inkişaf səviyyəsində təbii halda və ya emal edildikdən sonra təsərrüfatda istifadəsi mümkün olan minerallar və süxurlar faydalı qazıntılar adlanır. Adətən, dağlıq ərazilərdə (qırışıqlı və qırışıqlı-bloklu rayonlarda) və çöküntü örtüyündən məhrum olan platformalarda filiz yataqlarına daha çox rast gəlinir. Çöküntü mənşəli faydalı qazıntılar (neft, qaz, kömür, uran və s.) çöküntü örtüyü olan platformalarda (düzənliklərdə) müşahidə olunur.

Hələ 1919–1923-cü illərdə Karaqanda daş kömür hövzəsinin sənaye imkanları müəyyən edilmişdir. O vaxtdan bəri Qazaxıstanda geoloji faydalı yataqlar kəşf edilir və planlı tədqiqat işləri sistemli şəkildə həyata keçirilir.

Qazaxıstanda, demək olar ki, bütün mühüm mineral xammal növləri mövcuddur. Ölkənin yer təkində Mendeleyev cədvəlindəki 105 elementdən 70-nin bol ehtiyatı müəyyən edilmişdir və 60-dan çoxu hasil olunur. 6 minə yaxın faydalı qazıntı yatağı kəşf edilmişdir. Energetika və Mineral Resurslar Nazirliyinin mütəxəssislərinin məlumatına əsasən (2007), respublika uran, xrom və manqan ehtiyatlarına görə dünyada ikinci yerdə, sink, molibden, qurğuşun, mis, volfram və qızıl ehtiyatlarına görə ilk beşlikdə, neft, dəmir və qalay ehtiyatlarına görə isə ilk onluqda qərarlaşmışdır. Qazaxıstan Avrasiya materikində xrom ehtiyatına görə ən zəngin ölkədir, manqan ehtiyatına görə isə bütün Müstəqil Dövlətlər Birliyində (MDB) liderdir. Qızıl ehtiyatına görə Qazaxıstan dünya üzrə 5-ci, MDB-də isə Rusiya və Özbəkistandan sonra 3-cü yerdədir. MDB miqyasında mis və qurğuşun ehtiyatının yarısından çoxu, sinkin isə 70%-indən çoxu Qazaxıstanda cəmlənmişdir.

Faydalı qazıntı yataqları yanar, filiz və qeyri-filiz olmaqla üç qrupa bölünür. Yanar faydalı qazıntılara neft və qaz, kömür, uran və s. yataqları daxildir.

Neft və qaz Zəngin neft və qaz ehtiyatları Atırau, Mangistau, Qızılorda, Aqtöbe və Qərbi Qazaxıstan regionlarında cəmlənmişdir. Ölkədə neft ilk dəfə 1899-cu il tarixində Qaraşünqüldəki Embi yatağındakı neft quyusundan çıxmışdır. 1911-ci il tarixində Dossor, 1915-ci il tarixində isə Maqat yatağı istifadəyə verilmişdir. 1960-cı illərdə bu yataqlara Manğıstau yarımadasındakı Özen və Jetibay əlavə olunmuşdur. Daha sonra onlardan daha güclü olan Qarajanbas və Qalamqas, Teniz (Atırau vilayəti), Kenkiyaq və Janajol (Aqtöbe vilayəti), Qaraşığanaq (Qərbi Qazaxıstan vilayəti) və Qumköl (Qızılorda vilayəti) yataqları kəşf edilmişdir. Hazırda Qazaxıstanda neft və qazın cəmləşdiyi 14 hövzə və 207 yataq mövcuddur. 1999-cu il tarixində Qazaxıstan yer təkindən ilk yerli neftin hasil edilməsinin yüz illik yubileyi qeyd edilmişdir. 2005-ci il göstəricilərinə əsasən, Qazaxıstanda ildə təxminən 50,2 milyon ton neft xarici ölkələrə ixrac edilir. 2000-ci il tarixində Atıraunun şimal-şərqindən 45 kilometr məsafədə, Xəzər şelfində Qaşaqan neft yatağı kəşf olunmuşdur. Bu, son 30 ildə dünyada kəşf edilən ən iri yataq hesab olunur. Onun geoloji ehtiyatları 4,8 milyard ton həcmində qiymətləndirilmişdir. Ümumilikdə Qazaxıstandakı neft ehtiyatlarının proqnozu 20–25 milyard ton təşkil edir. Qazaxıstanın ümumi qaz ehtiyatı isə 6 trilyon m³ həcmindədir və bu göstərici ilə ölkə dünyada on ikinci yeri tutur. Bu ehtiyatların 70%-i Qaraşığanaq yatağının payına düşür.Қазақстанньң физикалық географиясы, Алматы: Атам.ра, 2008. ISBN 9965-34-809-Х

Kömür Qazaxıstan zəngin kömür ehtiyatlarına malikdir. Burada daş kömür və qonur kömürün hasil edildiyi 10 hövzə və 300 yataq mövcuddur. Qazaxıstanın ümumi kömür ehtiyatı 164 milyard tona çatmışdır. Respublika 1990-cı illərin sonuna yaxın ildə 90 milyon ton kömür hasil etmişdir. Alimlərin layihələrinə əsasən, ildə 140 milyon ton hasilat aparılarsa, ölkədəki kömür ehtiyatı 250 ilə kifayət edə bilər. Kömür yataqlarının əksər hissəsi Karaqanda, Pavlodar və Qostanay vilayətlərində yerləşir.

Hazırda Karaqanda hövzəsi 3600 km² ərazini əhatə edir. Bura Qazaxıstanın əsas kömür bazasıdır. Qaraqanda kömürü kokslatıldığı üçün keyfiyyəti olduqca yüksəkdir. Burada daş kömürün 80 layı müəyyən edilmişdir ki, onların ümumi qalınlığı 120 metrə çatır. Kömürün kəşf edilmiş ümumi ehtiyatı 60 milyard ton təşkil edir.

Əhəmiyyətinə görə ikinci yeri Ekibastuz kömür hövzəsi tutur. Bu hövzə Sarıarqa ilə İrtışyanı düzənlik arasında yerləşir. Pavlodar vilayətində sahəsi 160 km², çıxarılan kömür layının qalınlığı isə 150 metrdir. Kömür açıq üsulla hasil edildiyi üçün ölkədəki ən ucuz yanacaq hesab olunur. Dünyanın ən iri müəssisələrindən olan "Alıp" mədənində ildə 36 milyon ton kömür hasil edilir. Son dövrlərdə Maykübi (Pavlodar vilayəti) və Torğay (Obaqan) kömür hövzələrinin mənimsənilməsinə başlanılmış, həmçinin Ekibastuz kömür hövzəsinin "Alıp", "Şimal" və "Şərq" mədənlərində yenidənqurma və texniki təchizat işləri həyata keçirilmişdir.

Uran Qazaxıstanın mineral xammal bazası dünya üzrə uran ehtiyatlarının 25%-ni təşkil edir. Burada əsasən ekzogen mənşəli yataqlar yayılmışdır. Ölkədə uranın 100-ə yaxın yatağı kəşf edilmişdir. Onların tən yarısı Şimali Qazaxıstanın payına düşür. İri orqanogen mənşəli yataqlara isə Manğıstau yarımadasında rast gəlinir. Kəşf edilmiş ehtiyatlarının həcminə (470 min ton) görə Qazaxıstan dünyada ikinci yerdə qərarlaşmışdır. Qazaxıstan bütün MDB məkanında olduqca güclü uran mineral bazasına malikdir.

İstinadlar

Kateqoriya:Qazaxıstan iqtisadiyyatı Kateqoriya:Qazaxıstan coğrafiyası